Məhkəmə qərarları › İş №3(007)-3661/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3661/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3661/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin 30 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14248714 nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin 30 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14248714 nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Chevrolet Aveo markalı, 99KF325 dövlət nömrə nişanlı avtomobillə xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində kamera vasitəsi ilə EQ14248714 nömrəli elektron protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixdə həmin avtomobil Nizami rayonu ərazisində olmayıb. O, bu barədə xx.xx.2023-cü il tarixdə X3 rəisi general-mayor Ramiz Zeynalova elektron şikayət ərizəsi ünvanlamış, rəsmi cavab Bakı şəhər Yol Polisinin rəisi adından poçt ünvanına 30 gündən çox vaxt keçdikdən sonra, yəni 04.07 2023-cü il tarixdə daxil olmuş, lakin verilmiş cavab onu qane etməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhər Yol Polisinin inzibati binasında 108 nömrəli otaqda həmin günün görüntüsünə baxış keçirmiş, məlum olmuşdur ki, qeyd olunan tarixdə və qeyd olunan həmin ünvanda avtomobilin qayda pozuntusu aşkar olunmayıb. Qeyd olunanları nəzərə alaraq Chevrolet Aveo markalı, 99KF325 dövlət nömrə nişanlı avtomobilə xx.xx.2023-cü il tarixində Nizami rayonu, Qara Qarayev prospektində kamera vasitəsi ilə yazılmış EQ14248714 nömrəli elektron protokolun dəbbə pulu ilə birlikdə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin 30 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14248714 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində xx.xx.2023-cü il tarixdə saat 16:03 radələrində dayanma qaydalarını pozduğuna görə, “Chevrolet Aveo minik” markalı 99KF325 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Qərardan şikayət vermiş X1 idarə etdiyi “Chevrolet Aveo minik” markalı 99KF325 dövlət qeydiyyat nişanlı avtomobillə 30 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində dayanma qaydalarını pozması işdə olan foto şəkillər, qərar və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidi; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarının pozulması həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Məhkəmə qeyd edir ki, X2 istifadəsində olan “Chevrolet Aveo minik” markalı 99KF325 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma üçün müəyyən edilmiş tələbləri pozduğuna görə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, yəni 30 aprel 2023-cü il tarixdə tarixdə saat 16:03 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozmaqla müşayiət edilən hərəkətinə görə onun inzibati xətada təqsirli bilinməsi əsaslı hesab edilməlidir. Qeyd olunduğu kimi, baxılan iş üzrə inzibati xəta hadisəsi foto qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, icraatın aparılması Azərbaycan Respublikası İXM-nin 122-ci, o cümlədən 124-cü maddələri ilə müəyyən edilmiş qaydalarla aparılmışdır, bu baxımdan X1 irəli sürdüyü dəlillər qərarın ləğv edilərək işin icraatına xitam verilməsi üçün əsas hesab oluna bilməz. Beləliklə, məhkəmə qanunvericiliyin istinad olunan normalarına və işin faktiki hallarına əsasən şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 30 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14248714 nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin 30 aprel 2023-cü il tarixli, EQ seriyalı, 14248714 nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar