Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3668/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Saatlı rayonu, Mollavaizli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Saatlı rayonu, Mollavaizli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 28 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:15 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində sərxoş vəziyyətdə yerə uzanmış vəziyyətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb sakitçiliyə riayət edilməsini bildirməsinə baxmayaraq onun tərəfindən polis əməkdaşlarına nalayiq ifadələr işlədilmiş və müqavimət göstərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin nümayəndəsi polis sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 18:15 radələrində Şəxs içkinin təsiri altında polis əməkdaşlarına və ətrafda olan insanlara qarşı nalayiq ifadələr işlədərək hörmətsizlik etmişdir. O, tüfeyli həyat yaşayır, içki alüdəçisidir, dilənçiliklə məşğul olur. Cəmiyyət üçün yararsız və zərərli insandır. İçkili olması ona bu etdikərinə əsas vermir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hadisəni tərədən zaman içkili olmuşdur. Belə ki, arağın üstünə spirt tökmələri onu bu vəziyyətə salmışdır. O, Rusiya Federasiyasından deportasiya olunmuşdur. Yaşayış yeri Saatlı rayonundadır, dilənçi deyildir, ara işlərində işləyir, lakin hazırda işi dayanmışdır. Azərbaycan Respublikasında saxta dollar hazırlaması ilə bağlı, Rusiya Federasiyasında isə davaya qarışması ilə bağlı cinayət işləri olmuşdur. Əməlindən peşmandır, bir daha belə bir əmələ yol verməyəcəkdir. Başında travma vardır, əlilliyi yoxdur. Boşanmışdır, övladı yetkinlik yaşına çatmışdır. Qeyd etdiklərinin cəza təyin edilərkən nəzərə alınmasını və azdlığa buraxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X3 bildirmişdir ki, xidmət zamanı vətəndaşların müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsinə getmiş və bir nəfər şəxsin yerə uzandığını görmüşlər. Həmin şəxs barəsində bəzi vətəndaşlar dalaşdığını, bəziləri də xəsarət aldığını bildirmişlər. Bu şəxs səs-küy salaraq nalayiq ifadələr işlətmiş və onu bu hala polislərin saldığını qeyd etmişdir. Şəxsi sakitləşdirmək və bölməyə aparılmasını təmin etmək istəyən zaman polis yoldaşı Babayev Mirağanın paqonunu cırmış, Şəxs avtomobilə mindirən zaman onlara güc tətbiq etmiş, onun polis əməkdaşına məxsus gödəkçəsini dartaraq sökmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, xidmət zamanı vətəndaşların müraciəti əsasında Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsinə getmiş və bir nəfər şəxsin yerə uzandığını görmüşlər. Ora yaxınlaşanda polis əməkdaşlarına, ona kömək etməyə çalışan şəxslərə nalayiq ifadələr işlətmiş, onları alçaltmağa başlamışdır. Şəxsi bölməyə aparan zaman onun paqonunu cırmışdır. Sakitliyə riayət edilməsini bildirən zaman isə yenidən nalayiq ifadələr işlədərək əməkdaşın gödəkçəsini dartaraq sökmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli içkili vəziyyətdə törətməsi Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Belə ki, işdə olan 28 iyul 2024-cü il tarixli 2/40677 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə keçirilən tibbi müayinəsi zamanı onda “orta dərəcəli alkoqol sərxoşluğu” müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 28 iyul 2024-cü il tarixdə saat 18:20-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 28 iyul 2024-cü il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X5 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-3668/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3668/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver