Məhkəmə qərarları › İş №3(007)-3670/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3670/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3670/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol üzrə onun mülkiyyətində olan “BMW 325” markalı, **-HV-*** nömrəli avtonəqliyyat vasitəsi ilə tərəfindən Bakı şəhəri Nizami rayonu, Mikayıl Əliyev 7 istiqamətində hərəkətdə olarkən qaydaları pozduğuna görə AR İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat cərimə edilmişdir. Qərarı tam qanunsuz hesab edərək, müvafiq orqana şikayət versə də nəticə əldə olunmamışdır. Belə ki, nəqliyyat vasitəsinin qabarit işıqlarının qaydalara uyğun olmamasını əsas gətirərək, nəqliyyat vasitəsi YPX əməkdaşı tərəfindən duracağa yerləşdirilmişdir. Lakin tərtib olunmuş protokol qanunvericiliyin heç bir maddəsi ilə əsaslandırılmamışdır. Tərəfindən yol hərəkəti qaydalarının 517-ci nömrəli maddəsinin 3-cü bəndinin 6-cı hissəsi və 1 saylı əlavənin 3-cü bəndi göstərilsə də, YPX əməkdaşı qanuna zidd davranmışdır. Həmçinin, tərəfindən baş vermiş dialoqlar videoyazı cihazı (videoregistrator) vasitəsilə qeydə alınmışdır. Qeyd edilənlərə əsasən, Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, avtomobilin işıqları qabarit, gündüz işıqlarıdır. Qanunvericilikdə bununla bağlı qadağa yoxdur. Onu YPX əməkdaşı saxlamışdır ki, işıqların rəngi qırmızıdır, qırmızı işıqlar olmaz. O da demişdir ki, qırmızı yox, gün sarısı rəngindədir. Qanunvericilikdə bununla bağlı bir qadağa yoxdur. Polis əməkdaşı xarici standartlardan bəhs etmişdir. O da demişdir ki, yerli qanunvericilik ola-ola niyə xarici standartlardan bəhs edir. Yerli qanunvericilikdə bu barədə heç bir qadağa yoxdur və işıq avadanlıq deyil, cihazdır. Onun avtomobili 2002-ci ilin istehsalıdır və istehsal tarixi bitmiş maşın hesab olunur. Avtomobilin istehsal tarixi bitdiyi üçün o, digər avtomobillərin işıq cihazından istifadə edə bilər. İşıq avadanlıq deyil, cihazdır. Qərar tam əsassızdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, lakin şikayətə dair elektron qaydada yazılı etiraz vermişdir. Məhkəmə bu halı nəzərə alaraq, həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, barəsində qərar çıxarılmış X2 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhəri DYPİ-nin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə hesab edirlər ki, şikayət tam əsassız olduğundan təmin edilməməlidir. İşin faktiki halları ondan ibarətdir ki, 27 iyul 2025-ci il tarixində saat 15:10 radələrində ünvan 1 ünvanında “BMW 325İ” minik markalı **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq siqnalı olan fənərləri başqası ilə əvəz edərək normativ tələbləri pozmaqla avadanlıq, yəni istehsalçı zavod tərəfindən istifadəsi və istismarı nəzərdə tutulmayan fənərləri quraşdıraraq idarə etmişdir. Yol hərəkəti haqqında AR Qanununa 1 saylı əlavə İİİ. Xarici işıq cihazları 1) Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nasaz hesab edilir. Eyni zamanda İXM-nin 96-cı maddəsinin 96.1.5-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsi idarə olunmaqdan kənarlaşdırılır. Yuxarıda qeyd olunanlara əsasən Heydər Fərəclinin şikayəti əsassız olduğundan şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “BMW 325İ minik” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 ünvan 1 ünvanında 27 iyul 2025-ci il tarixdə saat 15:10-da “normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə”, 27 iyul 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin Əlavə ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasının tələblərinə uyğun olmadıqda, bu, nəqliyyat vasitəsinin nasazlığı hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. İstinad olunan maddənin tələbindən göründüyü kimi, qanunverici bir vəzifə olaraq bunu mexaniki nəqliyyat vasitəsinin sürücüsünün üzərinə qoymuşdur. Hansı ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, X2 idarə etdiyi nəqliyyat vasitəsinin istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirmiş, nəqliyyat vasitəsinin xarici işıq siqnalı olan fənərlərini başqası ilə əvəz etmiş, normativ tələbləri pozmaqla avadanlıq, yəni istehsalçı zavod tərəfindən istifadəsi və istismarı nəzərdə tutulmayan fənərləri quraşdıraraq idarə etmişdir. Ona görə məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxsin irəli sürdüyü dəlillər inzibati xətanı istisna edən hal kimi qəbul edilə bilməz, qanunvericiliyin bu sahədə tənzimləyici normalarına ciddi riayət edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 “BMW 325İ minik” markalı **-HV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında 27 iyul 2025-ci il tarixdə saat 15:10-da hərəkətdə olarkən onun nəqliyyat vasitəsində, onun istehsalçısı tərəfindən qoyulmuş xarici işıqlarını dəyişdirərək istehsalçı zavod tərəfindən istifadəsi və istismarı nəzərdə tutulmayan fənərləri quraşdırması və istifadə etməsi, bununla da normativ tələbləri pozmaqla nəqliyyat vasitəsinin avadanlığını dəyişdirməsi aşkar edildiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, onun yuxarıda qeyd olunan hərəkətə yol verməsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1 saylı Əlavəsi ilə müəyyən edilmiş “Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısı”na əsasən qadağandır, belə olan halda qeyd edilənlər onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar