Məhkəmə qərarları › İş №3(007)-3675/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3675/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3675/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Qarabağ regional X2 İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib edilmiş 05 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair material aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokola görə, 05 iyul 2024-cü il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Şəxs MMC-də keçirilmiş planlı X1 zamanı (YTQ №03-2002 B.2.2.14.2) bəndinin tələbləri pozulmuşdur. İstinad olunan pozuntunun mahiyyəti isə, həmin MMC-yə aid aptekin yerləşdiyi obyektin tavan örtüyünün yanar örtük olan lambir materialdan istifadə edilməsi ilə bağlı olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş - mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasında və ya yerinə yetirilməməsində ifadə olunan inzibati xətanın törədilmə yeri hüquqi şəxsin hüquqi ünvanı deyil, onun aşkar olunduğu yer hesab olunur. İnzibati xəta Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Şəxs MMC-yə məxsus obyektdə keçirilmiş yoxlama zamanı aşkar edildiyindən, hesab edirəm ki, belə inzibati xətalara dair işlərə onun törədildiyi yerdə baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, işin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə tərtib olunmuş 05 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar