Məhkəmə qərarları › İş №3(007)-3686/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3686/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3686/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonu, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 01 iyun 2025-ci il tarixdə saat 21:00 radələrində idarə etdiyi “Kia Cerato minik” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi ilə C.Naxçıvanski küçəsi istiqamətində hərəkət edib “Nazlı” şadlıq sarayının yanından uzanan yola daxil olaraq həmin yolla hərəkətini davam edib C.Naxçıvanski küçəsinə 10-20 km/saat sürətlə dönüb hərəkət edərkən, piyada keçidləri və ümumi istifadə olan nəqliyyat vasitələrinin dayanması qaydalarının tələblərini pozaraq digər hərəkət iştirakçılarına təhlükə şəraiti yaradıb, avtomobilinin sol yan hissəsi ilə yolu sağdan sola piyada zolağı ilə adi addımlarla keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə, saat təxminən 21 radələrində o, 10- 20 km/saat sürətlə idarə etdiyi “Kia Cerato” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən “Nazlı” şadlıq sarayının yanından uzanan yolla hərəkət edib sola dönüb C.Naxçıvanski küçəsinə çıxaraq Q.Qarayev prospekti istiqamətindən C.Naxçıvanski küçəsi ilə E.Süleymanov küçəsi istiqamətinə doğru hərəkətini davam etdikdə yolu sağdan sola piyada zolağı ilə adi addımlarla hərəkət edən qız piyadanı görməyib avtomobilinin sol yan güzgüsü ilə həmin piyadaya dəyməyi nəticəsində güzgü qatlanmışdır. O, dərhal avtomobili saxlayıb düşdükdə həmin piyada qızın səkinin üstündə oturduğunu görmüşdür. Güzgü qatlandığı üçün həmin qızın hadisə nəticəsində yıxılıb-yıxılmamasını görməmişdir. O, qıza yaxınlaşıb onun hal-əhvalını soruşmuş, o, ayağının ağrımasını bildirmişdir. O, qızı avtomobilinə mindirib “X2” xəstəxanasına aparıb müayinə etdirmişdir. Xəstəxanada qız özü xəsarəti yıxılma nəticəsində aldığını bildirmişdir ki, ona xələl gəlməsin. Sonra xəstəxanaya gələn həmin qızın anası ilə birlikdə qız evinə getmişdir. Bundan qabaq o, anket məlumatlaırnı və mobil nömrəsini onlara vermişdir. Bir neçə gün sonra anasının tələbinə əsasən o, qızı yenidən həmin xəstəxanaya aparıb müayinə etdirdikdən sonra qızın anası ondan 4500 manat pul tələb etmişdir. Lakin pulu olmadığı üçün onlara ödəniş edə bilməcəyini bildirmişdir. Buna görə də həmin qızın anası polisə şikayət etmişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini, taksi fəaliyyəti ilə məşğul olaraq dolandığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 01 iyun 2025-ci il tarixdə, saat təxminin 21 radələrində o, yaşadığı evə getmək üçün Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsini bir tərəfindən digər tərəfinə doğru, yəni yaşayış binaları tərəfindən üzü “Nazlı” şadlıq sarayı istiqamətinə doğru piyada zolağı ilə, adi addımlarla piyada keçməyə başlamışdır. Səkiyə təxminən 2 metr qalmış məsafədə “Nazlı” şadlıq sarayının yanından uzanan yoldan C.Naxçıvanski küçəsinə dönən “Kia Cerato” markalı avtomobil sol yan tərəfi ilə piyada zolağının üstündə onu vurduğu üçün o, yerə yıxılaraq xəsarət almışdır. Həmin avtomobilin sürücüsü avtomobili saxlayıb ona yaxınlaşmış və onu avtomobilinə mindirib “X2” xəstəxana aparıb müayinə etdirmişdir. Xəstəxanada o, xəsarəti yıxılma nəticəsində aldığını bildirmişdir ki, sürücüyə xələl gəlməsin. Xəstəxanada sürücü anası ilə ona anket məlumatlarını və mobil nömrəsini vermişdir. Lakin sonradan zəngləri zamanı sürücü ziyanı ödəməkdən yayındığı üçün anası DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. O, hadisə zamanı yolun bir kənarından digər kənarına doğru, piyada zolağı ilə təxminən 7 metr məsafə qət etmişdir. O, X1 təhsil almışdır. Daha sonra Azərbaycanda qabiliyyət imtahanından qeydiyyatdan keçmişdir. Bu qəza baş verdiyindən vətərləri zədə almış və o, qabiliyyət imtahanından kəsilmişdir. Qabiliyyət imtahanından keçmək üçün ödədiyi 160 manat məbləğində pulu da batmışdır. Sürücü onu aldatmışdır ki, onun qabiliyyət imtahanından keçməsinə kömək edəcəkdir. Lakin verdiyi sözü də tutmamışdır. Ona vurduğu maddi ziyanı ödəmədiyinə görə sürücü Şəxs şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 05 iyul 2025-ci il tarixli, 719 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dizin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, HK/1-397 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXMnin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar