Məhkəmə qərarları › İş №3(007)-3700/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3700/2025

02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3700/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il saat 15:03 tarixində Heydər Əliyev prospekti ilə “Toyota Corolla” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, “Koroğlu” metrosu yaxınlığında 3 dəqiqəlik min-düş ərazisinə daxil olduğu zaman, Ziya Bünyadov prospekti istiqamətindən gələn **-UN-*** dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobil, “Yol ver” nişanının tələbini pozaraq və sükan arxasında mobil telefonla danışarkən diqqətini yayındıraraq, onun avtomobilinin sağ arxa qapısına çırpılmışdır. Hadisə yerinə DYP əməkdaşları və sığorta nümayəndəsi gəlmişdir. DYP avto texniki ekspertizaya aparmadan hər ikisindən sənədlərini almış və səhər Badamdar DYP idarəsinə gəlməklərini tələb etmişdir. Sığorta əməkdaşına izahat zamanı qarşı tərəf “Yol ver” nişanını görmədiyini və hadisə zamanı mobil telefon ilə danışdığını etiraf edərək və hadisənin tam dəqiq hansı saatda olduqunu bildirmişdir. xx.xx.2025-ci il tarixində Badamdar DYPİ-nə getmişdir. Hadisənin necə olduğunu və əlində olan sübutları (yəni hadisə zamanı çəkdiyi video materialları) şifahi polis əməkdaşına təqdim etmişdir. Polis baş leytenantı X4 hadisənin necə olduğunun video görüntüsünü Təhlükəsiz Şəhər Kamerasından (N-184) ona göstərmişdir. Video görüntüdə aydın şəkildə görünürdü ki, o, dönmə işıqlarını yandıraraq ehtiyyat (Baş yolda olmağına baxmayaraq) ilə yolun sağ hissəsinə çıxır, digər avtomobil isə sürətini azaltmadan və “Yol ver” nişanının tələbini pozaraq ona çırpılır. Buna baxmayaraq, həmin polis əməkdaşı ona boş ağ vərəqə məcburi imza atdırmış və bildirmişdir ki, “günah səndədir, onu gözləməli idin”. Bildirmişdir ki, “bəs o, baş yoldadır, ikinci dərəcəli yoldan digər sürücü gəlir və Yol ver nişanının tələbini pozmuşdur. O, niyə günahkar olur?” Uzun müzakirədən sonra o, bunu qanunsuz hesab edib imza atdırdığı boş vərəqi tələb etmiş, lakin vərəqi onun qarşısında cırıb tullamış, ona təqdim etməmişdir. (Əmindir ki, vərəq onun imzası olan vərəq deyilmiş) və izahatını yazılı qəbul etməmişdir. Daha sonra ona aqresiv formada otaqdan çıxmağını tələb etmiş, qarşı tərəfi otağa çağırmış və bir müddət sonra digər sürücü otaqdan çıxarkən ona “polis günahın səndə olduğunu dedi” (yəni onu vuran sürücüdə) sözlərini söyləmişdir. Bütün bu ziddiyyətli və obyektiv olmayan araşdırmaya baxmayaraq, xx.xx.2025-ci ildə yenidən polis baş leytenantı Səmədov Məmmədə yaxınlaşmış, ona rəsmi qərar (TP 7416281) təqdim etmiş və günahkar tərəf o olmuşdur. Əlavə olaraq inzibati xəta haqqında protokol İXP ******* tərtib olunmuşdur, yəni ki, “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulması”. Lakin videogörüntüdə aydın görünür ki, o, orda manevr etməmişdir və daha maraqlı məqam odur ki, rəsmi qərarda qəzanın baş vermə saatı yalnış qeyd edilmiş, saat 15:03-də baş verməsinə baxmayaraq qərarda (TP 7416281) hadisənin 16:10 olduğu qeyd olunmuşdur. Çox maraqlıdır, polis baş leytenantı boş vərəqə imza atdırmaqda, hər ikisinin də günahkar olduqlarını bildirməkdə və qərarda qəzanın baş vermə saatını yalnış qeyd etməkdə hansı marağı var idi, niyə onun izahat yazmağına şərait yaratmamışdır? O boş vərəqdə imzanı hansı məqsəd və maraqları üçün istifadə olunmuş və olunacaqdır?. Göstərilənlərə əsasən, Bakı şəhər DYPİ-nin 06 avqust 2025-ci il tarixli TP ******* nömrəli qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, X5 inzibati xəta törətmişdir, araşdırma zamanı görüntülərlə inzibati xətanın törədildiyi sübuta yetirilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Toyota Corolla minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində hərəkətdə olarkən 06 avqust 2025-ci il tarixdə saat 16:10-da “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə”, 06 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır; Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 06 avqust 2025-ci il tarixdə saat 16:10-da Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində “Toyota Corolla minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr” əməliyyatı etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Baxılan işə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbləri baxımından, X2 yol verdiyi inzibati xətanın törədilməsini və bu inzibati xətanın törədilməsində onun təqsirinin olmasını təsdiq edən sübutlar, o cümlədən video görüntü mövcuddur, bu sübutların şübhə altına alınması, onun inzibati xətanı törətməməsi, təqsirinin olmaması ilə bağlı hüquqi nəticəyə gəlinməsi üçün hüquqi əsaslar yoxdur. Video görüntüyə tərəflərin iştirakı ilə baxış zamanı sürücünün “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr” əməliyyatı etdiyi təsdiq olunmuşdur. Ona görə X2 şikayətində və məhkəmədə verdiyi izahatında irəli sürdüyü dəlillər şəxsi mülahizəsi olmaqla, məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 06 avqust 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar