Məhkəmə qərarları › İş №3(007)-3707/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3707/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3707/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Mikailovi Bakhman barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X12 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mikailovi Bakhmanın iştirakları ilə, xx.xx.1989-cu ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “Bakı Tekstil” Fabrikində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə sovxozu ünvanında yerləşən fərdi yaşayış evində kirayə yaşayan, Mikailovi Bakhman barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. 14 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Mikailovi Bakhman barəsində olan Nizami Rayon Məhkəməsinin 2(007)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 4620 manat aliment tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir.

Proses iştirakçılarının çıxışları:

2. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verdi və borclu ödənişi etmədiyi, qətnamənin icrasından yayındığı üçün qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, aliment ödənişini maaşdan tutub karta göndərirlər. Mühasibdən borclunun əmək haqqında gecikmə olubolmadığını soruşanda gecikmə olmadığını bildirmişdir. Şirkətin borcu olsa da borclunun maaşını vaxtında verirlər. Uşaqları kirayədə böyüdür, 12 saat işləyir. Əlavə vaxtı da olmur ki, başqa iş tapsın. Bəhmanın əmək haqqı əslində çoxdu 386 manat karta oturan məbləğdir. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mikailovi Bakhman bildirdi ki, 386 manat maaş alır və 270 manat hər ay aliment ödəyir. Artıq ödəməyə maddi imkanı yoxdur, olsa uşağına görə ödəyərdi. Əmək haqqında gecikmə olanda mühasibdən xahiş edib əmək haqqını tez alıb alimenti ödəyir. Alimenti ödəməkdən nə imtina edir, nə də etiraz edir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

İş materialları:

5. 14 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Mikailovi Bakhman barəsində olan Nizami Rayon Məhkəməsinin 2(007)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 4620 manat aliment tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-249/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, X2 04 dekabr 2013-cü il təvəllüdlü X5 və 17 may 2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 sentyabr 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir.

7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-3049/2024 nömrəli, xx.xx.2024cü il tarixli Qərarı ilə Mikailovi Bakhman Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Konstitusiyasının:

129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur.

10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun:

5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Mikailovi Bakhman Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Mikailovi Bakhman həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.

13. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

14. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

15. Məhkəmə iclasında Mikailovi Bakhmanın əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir.

16. Məhkəmə iclasında müəyyən olundu ki, borclu icra vərəqəsi üzrə müəyyən olunmuş borcundan ödənişlər etmişdir. Lakin icra sənədi tam şəkildə icra edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qətnamə onun tərəfindən tam icra edilməlidir.

17. Beləliklə, məhkəmə qeyd olunan halları, həmçinin Azərbaycan Respublikası İXMnin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Mikailovi Bakhmanın şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir.

18. Məhkəmə nəzərə alır ki, inzibati xəta törətmiş Mikailovi Bakhmanın barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır.

19. İş materiallarından görünür ki, Mikailovi Bakhman hazırki iş üzrə inzibati qaydada tutulmamışdır.

Nəticə:

20. Beləliklə, məhkəmə hesab edir ki, Mikailovi Bakhman Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib,

barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.

21. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur.

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Mikailovi Bakhman Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar