Məhkəmə qərarları › İş №3(007)-3715/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3715/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3715/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə 15 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Təqdim olunan materialdan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının icraatında vətəndaş X1 ərizəsi əsasında toplanmış HK-1/2218 sayla qeydiyyata alınmış material olmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə X3 DİN-in 102 xidmətinə və ərizə ilə Nizami RPİ-in 24-cü PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində işlədiyi Nizami rayonu Q.Qarayev prospekti 94 ünvanında yerləşən “Misli” mərc oyunları məntəqəsinin qarşısında saxladığı Kia Optima markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının şüşəsinin naməlum şəxs tərəfindən qəsdən sındırılmasını aşkar etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin sol qabaq yan şüşəsinin sındırılması nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərər 200 manat, yəni 5000 manatdan aşağı (belə xarakterli ziyana görə 5000 manatdan artıq məbləğdə ziyan vurulduqda cinayət məsuliyyəti yaradır) olduğundan hadisəni törətmiş Şəxs əməlində cinayət tərkibi yaranmır, ona görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməlidir. Lakin zərərçəkmiş şəxs X2 məxsus nəqliyyat vasitəsinə maddi zərər yetirilməsini və bu ziyanın məbləğinin məhz 200 manat miqdarında olmasını təsdiq edən sübutlar ekspertiza rəyi, mütəxəssis aktı (rəyi) və ya digər mötəbər hesab olunacaq sübut əldə edilməmiş, materiala əlavə edilməmişdir. 24-cü polis şöbəsinin təhqiqatçısı tərəfindən göstərilən qaydada nəticəyə gəlinərkən yalnız zərərçəkmiş şəxsin verdiyi şifahi məlumat əsas götürülmüşdür. İnzibati xəta haqqında protokolda isə, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin məbləği göstərilməmiş, eyni zamanda şəxsin məsuliyyətə cəlb edildiyi maddə İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi kimi deyil, 232.1-ci maddəsi kimi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, qeyd olunan əməl nəticəsində vurulmuş zərərin dəqiq məbləğinin (ziyanın mislinin) müəyyən edilməsi həm yuxarıda qeyd olunanlar baxımından zəruridir, həm də xətaya görə şəxsin təqsiri müəyyən olunaraq ona tənbeh verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda, həmin Qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən, hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş 15 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar