Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-372/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə məcburi auditini aparmamışdır. İşə baxılmasının yeri və müddəti vaxtında (o cümlədən elektron qaydada SMS məlumatla) bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi və ya vəkili, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış 23 dekabr 2022-ci il tarixli MİHO/1.1-2-2022-9589 nömrəli bildirişindən görünür ki, MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 30 dekabr 2022-ci il tarixdə saat 10:00-da həmin şöbədə baxılacağı barədə bildirilmiş, təşkilatın 2020-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyi mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar auidit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunununun 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan həmçinin aşağıdakılar tələb olunur: qurumun İnternet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması; qurumun illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının nüsxəsinin auditor rəyi ilə birlikdə hər hansı şəxsə, onun müraciəti əsasında pulsuz təqdim olunması. Həmin Qanunun 12-1.9-cu maddəsinə əsasən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən (bu Qanunun 12-1.2-ci maddəsində göstərilənlər istisna olmaqla), habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və bu Qanunun 12-1.7-ci və 12-1.8-ci maddələrində qeyd edilən publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc edirlər. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, "xxxx" MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məlum olduğu kimi, "xxxx" MMC tərəfindən törədilmiş inzibati xəta vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara aiddir, hansı ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auiditinin aparılmaması ilə bağlı həmin xətanın törədilmə anı 2021-ci ilin ilk günündən başlayaraq sonuncu gününədək davam edir, belə xətaya görə isə inzibati tənbeh həmin xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol məhz ilin sonuncu iş günü, 30 dekabr 2022-ci il tarixdə tərtib olunmuş, 30 dekabr 2022-ci il tarixli məktub əsasında həmin protokol və digər materiallar 09 yanvar 2023-cü il tarixdə poçt vasitəsi ilə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, material baxılması üçün icraata qəbul edilmiş və baxılmağa təyin edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsinə dair qanunla müəyyən edilmiş müddət keçdiyindən, "xxxx" MMC-nin barəsindəki inzibati xəta haqqında protokol isə həmin müddətin bitdiyi sonuncu gün tərtib olunaraq müddətin keçdiyi vaxtdan sonra formal olaraq baxılması üçün məhkəməyə göndərildiyindən, həmin MMC inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilməli və "xxxx" MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 38, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXMnin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin və həmin məhdud məsuliyyətli cəmiyyət inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-372/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-372/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver