Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3723/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 544.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 16 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsi tərəfindən çıxarılmış “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və təhlükəli qida və yem məhsullarının geri çağırılması” haqqında 180/FN nömrəli, xx.xx.2023-cü il tarixli qərarı icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək məhkəmədən Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş “Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və təhlükəli qida və (və ya) yem məhsullarının geri çağırılması” haqqında 180/FN nömrəli, xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan ümumi çəkisi 18033 kq portağal məhsulu partiyasının dövriyyəsinin dayandırılması, həmin məhsulların 10 gün müddətinə ticarət şəbəkələrindən geri çağırılması və həmin müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 12 iyun 2023-cü il tarixli, 3-44-1/2-1-5839/23 nömrəli inzibati xəta haqqında iş üzrə icraata başlanması barədə bildirişdən görünür ki, Şəxs MMC tərəfindən “Qida Təhlükəsizilyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida məhsullarının satış şəbəkələrindən geri çağırılması haqqında” xx.xx.2023-cü il tarixli, 180/FN nömrəli qərarın icrası ilə bağlı məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmamışdır. İnzibati xəta haqqında iş üzrə icraata başlanması ilə bağlı səbəblər olduğu üçün İXM-nin 100.1 və 100.2-ci maddələrinin tələbləri nəzərə alınaraq Şəxs MMC 16 iyun 2023-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinə gəlməyi barədə məlumatlandırılmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılmalı və hüquqi şəxsin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilməli, həmin müddətdə hüquq pozma aradan qaldırılarsa məhkəməyə bu barədə məlumat verilməli, hüquq pozma aradan qaldırılmadıqda isə inzibati cərimə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, şərti olaraq 4000 (dörd min) manat məbləğində cərimə edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 01 ay müddət müəyyən edilsin və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimə ödənilməsin. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozma aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3723/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3723/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver