Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3729/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2025-ci il tarixdə, saat təxminən 07:26 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində X2 idarə etdiyi “Mercedes Benz” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Mercedes Benz C200” markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı avtomobil, X3 idarə etdiyi “Kia Optima” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəxs idarə etdiyi “Toyota Prado” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis baş leytenantı X5 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 07:26 radələrində sükan arxasında yuxulu olduğundan yol-nəqliyyat hadisəsi baş vermişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir, ona dəymiş zərər ödənilmişdir, heç bir şikayəti yoxdur, Şəxs ilə barışmışdır. Bu barədə məhkəməyə ərizə də təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir, ona dəymiş zərər ödənilmişdir, heç bir şikayəti yoxdur, Şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı şikayəti yoxdur, barışmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/26991 saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:25-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,000 %o olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 658 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beynin yüngül dərəcli əzilməsi, sol gicgah təpə nahiyəsinin kiçik ölçülü subdural hematoması (3mm), burnun uc nahiyəsinin bir qədər sağda bir ədəd və alt dodağın ön səthinin bir ədəd əzilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X10 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2025-ci il tarixli, 680 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 alt çənənin sağ ön yarısının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə sürücü qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxslərin şikayətinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3729/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3729/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver