Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3732/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5 nümayəndəsi-“Union” vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı X12 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4500 manat məbləğində cərimə olnmuşdur. Hesab edir ki, qeyd olunan qərar əsassızdır. Belə ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X6, X7, X4 "xxxx" MMC-nin direktoru X12 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən protokol tərtib edilən tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd edir ki, hər üç şəxs üzrə xx.xx.2024cü il tarixdən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilmiş və sonrakı tarixlərdə əmək müqavilələrinə xitam verilmiş və sistemə daxil edilmişdir. Qeyd olunan şəxslər əmək müqaviləsi qüvvədə olduğu müddətdə cəmi bir gün müddətində Qarabağda olmuşlar və görüləcək işlərlə bağlı razılaşma olmadığından qarşılıqlı razılıq əsasında əmək müqavilələrinə xitam verilmişdir. Bir daha qeyd edir ki, xx.xx.2024-cü il tarixdən sonra hər üç şəxs işə cəlb edilməmişdir. Hesab edir ki, X10 yerində heç bir nəzarət tədbiri olmadan, əsassız şəkildə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumata əsasən qərar qəbul etmişdir. İcazənin alınması ona dəlalət etmir ki, həmin şəxslər əməyə cəlb olunmuşdur. Görünüyü kimi, hər üç şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Buna görə hesab edir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. X10 Xidməti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən təqsirli hesab edib, inzibati qaydada cərimə etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmədiyindən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından (lakin şirkət olaraq sübutlarını təqdim edirlər), inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həli olunduğundan X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və barəsində hər hansı bir inzibati xəta hadisəsi olmadığından barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin tərəfindən "xxxx" MMC (**********) tərəfindən alınmış işçi icazəsi ilə X2 (FİN:4FHZPUW), X3 (FİN:1DK0WRM), X1 (FİN:5BN0KCB), xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində Qarabağa giriş-çıxış tarixləri barədə məlumatın verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu ilə müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi və başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin ilkin iclasında qərardan şikayət vermiş X5 nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 20 may 2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-də fəhlə işləyən X8 ilə bağlanmış 20 may 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 25 may 2024-cü il tarixdən xitam verilmişdir; - 20 may 2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-də fəhlə işləyən X7 ilə bağlanmış 20 may 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 25 may 2024-cü il tarixdən xitam verilmişdir; - 20 may 2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-də fəhlə işləyən X4 ilə bağlanmış 20 may 2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin (a) bəndinə əsasən öz xahişi ilə 25 may 2024-cü il tarixdən xitam verilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin əmək müfəttişi tərəfindən tərtib olunmuş 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti direktoru X12 tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X8, X7 və X4 26 may 2024-cü il tarixindən hal-hazıradək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti direktoru X12 barəsində 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 4500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli 3(103)-2011/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3108/2024 nömrəli, 20 avqust 2024-cü il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “... Bakı şəhəri Xətai Rayon Məhkəməsi 3(011)-3108/2024 nömrəli inzibati işə baxarkən müəyyən etmişdir ki, 04 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokolda iş icazəsi alınmış X8, X7 və X1 26 may 2024-cü il tarixindən halhazıradək əmək müqavilələri hüquqi qüvvəyə minmədən müyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilsə də, həmin şəxslərin işlərə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, həmin protokolla və ona əlavə edilmiş sənədlərlə "xxxx" MMC tərəfindən X8, X7 və X1 hansı işləri görməsi, onların hansı işlərə cəb edilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin təqdim edilmiş əmək müqavilərin surətindən görünür ki, X8, X7 və X4 ilə 25 may 2024-cü il tarixində əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin qənaətlə razılaşmaqdan əlavə qeyd etmişdir ki, X10 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən iş icazəsi alınmış qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlarda MMC tərəfindən əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin alınması hələ özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, həm birinci instasiya məhkəməsində, həm də apellyasiya instansiyasında məhkəmə araşdırması zamanı şahidlərin izahatlarında Qarabağ Zəngəzur zonasında işləmək üçün getsələr də, razılaşmadıqlarından işə başlamadan geri qayıtdıqlarını, "xxxx" MMC-də işlərə cəlb edilmədiyini, oradan Quba rayonuna gedib işə başladıqlarını göstərmişlər. Beləliklə, qeyd olunur ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 04 iyul 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs "xxxx" MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin göstərilən tarixlərdə əməyə cəlb edilmələri göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Halbuki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti inzibati orqan olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən inzibati xəta törətməkdə təqsiri müəyyən edən mötəbər hesab olunan sübut əsasında nəticəyə gəlməlidir. Protokolda adları qeyd edilən şəxslər barəsində qeyd edilən tarixlərdə iş icazəsinın alınması həmin şəxslərin əməyə cəlb edilmələri qənaətinə gəlinməsinə yetərli deyil. Eyni zamanda X10 Xidməti tərəfindən məhkəmənin gəldiyi nəticənin əksini iddia edən, həmin müddət ərzində göstərilən şəxslər tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bu hal yalnız, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin heç bir mötəbər sübutla təsdiq edilməyən fərziyyələridir. İstər inzibati orqan, istərsə də məhkəmə tərəfindən şəxsin inzibati məsuliyyətə görə tənbeh edilməsinə dair qərarı qanuni və əsaslı olmalı, mümkün və mötəbər sübutlara əsaslanmalıdır. X11 Məcəlləsində inzibati xətaya dair qərar sübut növlərindən biridir və şəxs yalnız o halda inzibati xətaya görə təqsirli bilinib tənbeh edilə bilər ki, işdə olan sübutların məcmusu şəxsin barəsində tənbeh qərarının çıxarılması üçün kifayət etsin. Lakin şikayətin dəlillərindən və iş materiallarından həmin hallar məhkəmə tərəfindən müəyyən edilmir. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında qərarda göstərilən halların şəxs tərəfindən törədilməsini təsdiqləyən kifayət qədər sübut səlahiyyətli orqan tərəfindən toplanılmadığından, şəxsin öz təqsirsizliyini sübuta etmək məcburiyyəti olmadığından, birinci instansiya məhkəməsinin "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərarı qanuna uyğundur...” Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs qismində X5 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X10 Xidmətinin qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx" MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X9 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli məsələ ilə bağlı konkret hüquqi yanaşması, mövqeyi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə inzibati xəta tərkibi müəyyən edilmədiyindən, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 4500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 19 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3732/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3732/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver