Məhkəmə qərarları › İş №3(007)-3756/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3756/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3756/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Muxtariyyat kəndində anadan olmuş, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində fərdi yaşayış evində kirayədə yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı X.İ.Hüseynəliyev tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanın qarşısında velosipedlə gedən zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini tələb etmişlər. O, həmin polis əməkdaşlarını tanışı olan polis əməkdaşları ilə səhv salaraq şəxsiyyət vəsiqəsini verməmiş, zarafatla “üstü açıq” kənddən olduğunu bildirmişdir. Sonra polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. O, şəxsiyyət vəsiqəsini təqdim edərək polis əməkdaşları ilə 24cü PŞ-nə getmişdir. Polis əməkdaşlarına hər hansı bir təzyiq göstərməmiş, nalayiq ifadə işlətməmiş, qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində ünvan 2 ünvanın qarşısında xidmətdə olarkən bir nəfər şəxs velosipedlə yolda gedərkən avtomobillərə maneçilik törətdiyinə, qəza şəraiti yaratdığına görə tərəflərindən saxlanılaraq vətəndaşa velosipedi yol kənarı ilə idarə etməsini bildirmişlər. Həmin şəxs yüksək səslə, aqressiv olaraq kobud danışmış və polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirdikdə, üzərində olmadığını və “üstü açıq” kənddən olduğunu bildirmişdir. Polis şöbəsinə dəvət etdikdə isə onları əli ilə itələmişdir. Şöbədə şəxsiyyət vəsiqəsini təqdim etdikdə vətəndaşın Şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nizami rayon Mühafizə İdarəsinin polis nəfəri X4 polis nəfəri X3 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 22:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2023-cü il tarixdə saat 22:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X7 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar