Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3784/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə 24 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır; 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir; 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar; 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır; 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir; 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Təqdim edilən materiallarla müəyyən olunur ki, Şəxs xx xxxxxx 2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır, məhdud fəaliyyət qabiliyyətli şəxs hesab olunur. Lakin inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan o, müdafiəçi ilə təmin edilməmiş, qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı olmadan müvafiq hərəkətlər həyata keçirilmişdir. Bundan başqa, iş üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, zəruri sübutlar, o cümlədən hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, hadisənin qeydə alınmış mümkün görüntüləri, keçirilmiş ekspertizaların rəyləri, maddi zərərin həqiqətən yetirildiyinə, onun həcminə, dəymiş zərərin məbləğinə dair sübutlar materiala əlavə edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Təqdim olunan materialla müəyyən olunur ki, Şəxs Oğuz rayonunun Xaçmaz kəndində qeydiyyatdadır, Bakı şəhəri Nizami rayonunda yaşadığına, eləcə də faktiki hansı ünvanda yaşadığına dair sübut yoxdur. Belə olan halda, işin məhz Nizami Rayon Məhkəməsinə aid olmasını müəyyən etmək mümkün deyildir, bu şəraitdə İXM-nin 110.2-ci maddəsində nəzərdə tutulan aidiyyət qaydasının müəyyən edilməsi mümkün deyildir. Lakin yuxarıda göstərilən qaydada pozuntulara yol verildiyindən hesab edirəm ki, materialın aidiyyət məsələsi həll edilməməli, material geri qaytarılmalı və müvafiq nöqsanlar aradan qaldırıldıqdan sonra materialın aidiyyəti məhkəməyə göndərilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, habelə ərazi üzrə məhkəmə aidiyyəti pozulduğundan, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tərtib edilmiş 24 iyul 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3784/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3784/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver