Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3789/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 39-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 02 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 02 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 02 avqust 2024-cü il tarixli qərardadına əsasən 3(007)-3789/2024 nömrəli və 3(007)-3790/2024 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-3789/2024 nömrəsi saxlanılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokollara əsasən Şəxs 01 avqust 2024-cü il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Nizami rayonu, C.ünvan 1 ünvansız nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq etmiş, həmin vaxt onun bu ictimai qaydanı pozan hərəkətlərini müşahidə edib ona yaxınlaşan, onu sakitliyə, nizam-intizama dəvət edən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X3 protokolların məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs 01 avqust 2024-cü il tarixdə saat 22:50 radələrində C.ünvan 1 ünvansız nalayiq söyüşlər işlədib səs-küy saldığına, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq etdiyinə görə onu 24-cü polis şöbəsinə dəvət etmiş, birlikdə polis şöbəsinə getmişlər. Şəxs xırda xuliqanlıq əməlinə yol verdiyinə görə özünü təqsirli bilir, həmin şəxsin onun qanuni tələblərinə tabesizlik göstərməsi ilə bağlı raport yazsa da bunu təsdiq edən sübutlarını təqdim edə bilmir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, keçmiş həyat yoldaşı uşaqları ilə birlikdə Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 39-da yaşayır. Ayrıldıqlarından sonra evdən çıxmışdır ki, uşaqları mənzildə rahat yaşasınlar. Lakin uşaqlarını görməyə gedəndə keçmiş həyat yoldaşı buna imkan vermir. 02 avqust 2024-cü il tarixdə yenə uşaqlarını görməyə getmiş, lakin buna imkan verilməmişdir. Ona görə binanın qarşısında olan vaxt əsəbi vəziyyətdə ucadan ünvansız söyüşlər söymüşdür. Həmin vaxt polis işçisi Fəxrəddin Kazımov yaxınlaşıb onunla polis şöbəsinə getməli olduğunu demişdir. O da könüllü olaraq və polis işçisinə qarşı tabesizlik göstərmədən onunla birlikdə 24-cü polis şöbəsinə getmişdir. Həmin vaxt əlavə polis işçisi də köməyə çağırılmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, iş üzrə icraata müvafiq hissədə xitam verilməli, digər hissədə isə təqsirlilik məsələsi həll edilməlidir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Şəxs barəsində cərimə növündə tənbeh tətbiq edilməli olduğundan o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3789/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3789/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver