Məhkəmə qərarları › İş №3(007)-3793/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3793/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3793/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru N.K.Kərimzadə tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin xx.xx.2005-ci il tarixli, RK-17 nömrəli əmrinin ləğv edilməsi və Zərərçəkmiş şəxs “X6” ASC-nin İdarə Heyətinin icraçı sədri vəzifəsinə bərpa olunması, ona xx.xx.2005-ci il tarixdən vəzifəsinə bərpa olunanadək buraxdığı məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs tutduğu vəzifədən azad edilməzdən qabaq xx.xx.2004-cü il tarixli əmrlə səhmdarların birinci ümumi yığıncağı çağırılanadək “X6” ASC-nin İdarə Heyətinin sədri təyin edildiyindən, o məhkəmə qətnaməsinə əsasən əvvəlki vəzifəsinə də səhmdarların birinci ümumi yığıncağı çağırılanadək bərpa oluna bilərdi. xx.xx.2010-cu ildə “X6” ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı keçirilmiş və Cəmiyyətin idarəetmə orqanları formalaşdırılmışdır. Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 208-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “X3 Cəmiyyətə çevrilməsi qaydaları haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən Dövlət Müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin səhmdarlarının birinci ümumi yığıncağı keçirilənədək səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri müəssisənin səhmdar cəmiyyətə çevrilməsi haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, yəni Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təyin olunur. Əsasnamənin 7.10-cu bəndinə əsasən Dövlət müəssisəsinin özəlləşdirilməsi prosesində Səhmdar Cəmiyyətinə çevrilmə nəticəsində təsis edilmiş səhmdar cəmiyyətinin daimi idarəetmə orqanları həmin Əsanamənin 7.11-ci bəndində göstərilən hal istisna olmaqla səhmdarların birinci ümumi yığıncağında formalaşdırılır. Əmlak Məsələləri Dövlət Xidməti yalnız səhmdarların birinci ümumi yığıncağı çağırılanadək səhmdar cəmiyyətinin İdarə Heyətinin sədrini təyin etmək səlahiyyəti olduğundan və “X6” ASC-nin səhmdarlarının birinci ümumi yığıncağı artıq keçirildiyindən, Xidmət tərəfindən Zərərçəkmiş şəxs İdarə Heyətinin sədri vəzifəsinin həvalə edilməsi mümkün deyildir. Zərərçəkmiş şəxs “X6” ASC-nin İdarə Heyətinin icraçı sədri vəzifəsinə bərpa edilməsi mümkün olmadığından ona əmək haqqının ödənilməsi də mümkün deyil. İcra sənədi üzrə bir dəfə protokol tərtib olunmuş və Əmlak Məsələləri Dövlət Xidmətinin cərimə olunması ilə bağlı rayon məhkəməsinin qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur. Həmçinin icra məmurunun icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2019-cu il tarixli qərarı əsasında icra sənədi məhkəməyə qaytarılmışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, onun işdən azad olunması barədə 2005-ci ilin mart aynının 15-də əmr verilmişdir. O, həmin ayın 17-də təhvil-təslim edərək işdən çıxmışdır. Ona işdən çıxma barədə tarixsiz ərizə yazdırılmış və o, işdən azad olunmuşdur. Hər kəsin bildiyi kimi, tarixi olmayan ərizə qanuni sənəd hesab olunmur. Onu işdən azad etdikdən sonra, o, qeyri-qanuni işdən azad olunması ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi onun işə bərpa olunması və məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul etmişdir. Qarşı tərəf olan Əmlak Komitəsi həmin qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Bundan sonra Ali Məhkəmənin Plenumuna müraciət etmişlər, lakin Plenum əsassız olduğuna görə şikayəti geri qaytarmışdır. Bundan sonra məhkəmə qətnaməsi icra olunmadığı üçün inzibati protokol tərtib olunmuş və Əmlak Komitəsi cərimələnmişdir. Əmlak Komitəsi cəriməni ödəmədiyi üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq icra olunması üçün Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilmişdir. Səbail rayon prokurorluğu xüsusi qərardadı icra etməmiş, xüsusi qərardadı Bakı şəhər prokurorluğuna göndərmişdir. Bakı şəhər prokurorluğu həmin sənədi Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərmiş, oradan da Baş Prokurora göndərilmiş, sonra yenidən Baş Prokuror həmin sənədi Bakı şəhər prokurorluğuna göndərmişdir. O, dəfələrlə Bakı şəhəri Xətai rayon prokurorunun, Bakı şəhər prokurorunun, Baş Prokurorun müavininin qəbulunda olmuşdur. Bakı şəhəri Xətai rayon prokuroru Səbail Rayon Məhkəməsinə məktub yazaraq bildirmişdir ki, “Biz Əmlak Komitəsinin vəzifəli şəxsinin kim olmasını tapa bilməmişik”. Bu məktubdan sonra Səbail Rayon Məhkəməsinin hakimi onu çağıraraq bildirmişdir, “mənə belə bir məktub yazıblar, biz nə edək?” O, isə demişdir ki, “məni işdən çıxardan adamın adı əmrdə yazılıb, həmin əmr də işin içindədir, işdən çıxardan şəxsin adı K.Həsənov qeyd olunub, o da komitənin sədridir”. Bundan sonra hakim məktubu bu qaydada yazaraq Bakı şəhəri Xətai rayon prokuroruna göndərmişdir. O, da Bakı şəhər prokuroruna göndərmiş, Bakı şəhər prokuroru isə Baş Prokurorun müavininə göndərmiş, sonra isə Ədliyyə Nazirinin müavininə göndərmişlər. Bir müddət sonra, yəni 2007-ci ildə o, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Zaur adlı şəxsin yanına getmiş və işi ilə bağlı maraqlanmağa çalışmışdır. Onu bir müddət gözlətmişlər, təxminən 20-25 dəqiqədən sonra müstəntiqdən işi tələb edərək Ədliyyə Nazirinin birinci müavininə veriləcəyini bildirmişlər. Bundan sonra 96 vərəqədən ibarət prokurorluqlarda yığılmış sənədlər iş formasına itirilmişdir. O, Ədliyyə Nazirinin qəbulunda olmuş, Nazir ona 3 günə qərarın icra olunacağını bildirmiş, lakin bu 3 günə icra olunan qərar 20 il keçsə də icra olunmamışdır. O, məhkəmə qərarının icra olunmaması ilə bağlı yüzlərlə şikayətlər yazmış, lakin qərar icra olunmamışdır. O, bundan sonra Avropa Məhkəməsinə müraciət etmişdir. xx.xx.2016-cı il tarixində Avropa Məhkəməsi qərar qəbul edərək Dövləti cərimələmiş, həmçinin “X6” zavodunu onun şəxsi mülkiyyəti kimi tanımışdır. Məhkəmədən məhkəmə qətnaməsini icra etməyən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin RK-17 saylı, 15 mart 2005-ci il tarixli əmrinin ləğv edilməsi, Zərərçəkmiş şəxs “X6” ASC-nin İdarə Heyətinin icraçı sədri vəzifəsinə bərpa olunması, ona 15 mart 2005-ci il tarixdən vəzifəsinə bərpa olunanadək buraxdığı məcburi iş buraxmaya görə orta əmək haqqının ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(009)-237/2022 saylı qərardadından görünür ki, Xətai rayon İcra və probasiya şöbəsinin icra məmuru Toğrul Baxşəliyev tərəfindən qəbul edilmiş 05 avqust 2019-cu il tarixli icra edilməmiş icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın ləğv edilməsi və Səbail Rayon Məhkəməsinin 2-1274/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədinin icra olunması üçün yenidən Xətai rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclu Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi Departamentinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - hüquqi varisin müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edildiyindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamentinin hüquqi varisi də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müəyyən edilmişdir. - icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 nömrəli, xx.xx.2005-ci il tarixli icra sənədi icra olunması üçün Nizami rayon İcra şöbəsinə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2- 1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1274/2005 saylı, xx.xx.2005-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, üzrsüz olaraq icra sənədini icra etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, icra sənədi icra olunmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs icra sənədinin icrasını təmin etmədiyini, məhkəmə qərarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar