Məhkəmə qərarları › İş №3(007)-3795/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3795/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3795/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə A.Manafov küçəsinin kəsişməsində Şəxs idarə etdiyi “Tofaş” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə X2 idarə etdiyi “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşmuş, nəticədə “Tofaş” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1, avtobusda olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət alaraq X4 müraciət etmişlər. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ YNH üzrə inspektoru, polis baş leytenantı T.M.Kamranzadə tərəfindən xx.xx.2024-cü il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:20 radələrində idarə etdiyi “Tofaş” markalı avtomobillə Nizami rayonu ərazisində hərəkətdə olan zaman avtomobilin qabaq sol qanad hissəsi “Daewoo” markalı sərnişin avtobusunun qabaq sağ hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş iş yoldaşı Sevinc xəsarət almışdır. Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları Sevincə ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya aparmışlar. O, zərərçəkmiş şəxslərlə barışmışdır, əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:10 radələrində o, Vərəm dispanserinin qarşısında “Daewoo” markalı sərnişin avtobusuna minərək oturacaqların birində əyləşmişdir. Rizvan Teymurov küçəsi ilə Şirin Mirzəyev küçəsi istiqamətində hərəkətdə olan zaman əyləşdiyi avtobus “Tofaş” markalı avtomobillə toqquşmuşdur. Hadisə zamanı o, avtobusun içərisində xəsarət almışdır. O, dərhal rəfiqəsinə zəng vurub məlumat vermiş və rəfiqəsi onu götürməsi üçün avtomobil göndərmişdir. O, həmin avtomobillə evə gedəndə ağrıları olduğu üçün həyətə çatan zaman təcili yardıma məlumat vermişdir. Bir müddət sonra təcili yardım briqadasının əməkdaşları gələrək ona ilkin tibbi yardım göstərərək onu X4 aparmışlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Əliyeva X3 Asif Əliş oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/23101 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:45-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Həmçinin protokoldan görünür ki, Şəxs müayinəsi zamanı onda alkoqolun miqdarı 0,00%0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 386 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs3 sağ bazunun yuxarı 1/3-nin ön səthinin hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 394 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sol saidin, sol bazunun qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının şişkinlik halında əzilməsi, sol baldırın şişkinlik halında əzilməsi, hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuq nahiyəsinin şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2024-cü il tarixli, 379 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sol yanağın və sağ dizin ön səthinin qançırları, sol budun arxa-bayır səthinin hematoması olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınması mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 14 iyun 2024-cü il tarixli, 8/1414 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Tofaş” markalı, **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar