Məhkəmə qərarları › İş №3(007)-3796/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3796/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3796/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 nümayəndəsi-Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Nümayəndə, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X10 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin MN seriyalı ******* saylı 15 iyul 2024-cü il tarixli qərarı ilə o, vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinə əsasən təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 22 iyul 2024-cü il tarixində aldıqları üçün qərardan şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət tərəflərindən buraxılmamışdır. İnzibati orqanda araşdırma aparılarkən ilkin araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulmaması ilə bağlı məsələləri barəsində şikayət etdiyi qərarı qəbul edən orqanın rəhbərinin diqqətinə çatdırmışdır. O, 05 noyabr 2003-cü il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, ünvan 1 və kommersiya xarakterli müxtəlif növ tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. Barəsində inzibati tənbeh verilməsinin əsas səbəbi kimi 01 iyul 2024-cü il tarixində tərtib edilmiş MN seriyalı ******* saylı protokol əsasında vətəndaşlar X2 əmək müqaviləsinə 18 aprel 2024-cü il tarixindən, X11 əmək müqaviləsinə 19 yanvar 2024-cü il tarixindən, X8 əmək müqaviləsinə isə 27 mart 2024-cü il tarixindən hal-hazırdakı dövrə qədər Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutumuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 28 dekabr 2023-cü il tarixində işə qəbul edilmiş, 17 aprel 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. X4 24 noyabr 2023-cü il tarixində Cəmiyyətdə işə qəbul edilmiş, 25 mart 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. X6 10 fevral 2020-ci il tarixində Cəmiyyətdə işə qəbul edilmiş, 18 yanvar 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən işçilərin müvafiq icazə portalından çıxarılması Cəmiyyət tərəfindən həyata keçirilməməkdədir. Bununla bağlı Cəmiyyət layihə üzrə sifarişçi qismində iştirak edən Azərbaycan Respublikası Mənzil X12, MİDA Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq qaydada siyahı təqdim etməklə əmək müqaviləsinə xitam verilmiş işçilərin müvafiq icazə portalından çıxarılmasını istəyir. Bu proseslər gündəlik aparılmır, bunun gündəlik aparılması da fiziki olaraq mümkün deyildir. Siyahı MİDA MMC-yə təhvil verildikdən sonra sonuncunun müəyyən etdiyi tarixdə qeyd edilən işçilərin adı müvafiq icazə portalından çıxarılır. "xxxx" MMC tərəfindən AR Əmək Məcəlləsinin tələblərinə riayət olunmaqla işçilərin əmək müqaviləsinə xitam verildikdən sonra onların əmri verilir və müvafiq qaydada son haqq-hesabları ödənilməklə əmək müqavilələrinə xitam verilir. Yəni, işçi ilə əmək müqaviləsinin bağlanmaması və qeyd edilən əmək müqaviləsi elektron bildiriş sisteminə daxil edilmədiyi təqdirdə, inzibati xəta törədilmiş olur. Hər halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri kompleks olaraq tövsif ediləcəyi təqdirdə bunu görmək mümkündür. Hesab edir ki, bununla bağlı olaraq əmək qanunvericiliyində qeyd edilən institutların anlayışını birinci instansiya məhkəməsi öz qərarında gözardı etməklə qanunsuz və əsassız bir qərarın qəbul edilməsinə səbəbiyyət vermişdir. İnzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi üçün bu institutların anlayışının qərarda qeyd edilməsi kifayət idi. AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərindən də göründüyü kimi inzibati xətaya görə tənbehin maddədə alternativ qaydada verilməsi nəzərdə tutulmuşdur. Belə ki, inzibati tənbeh qismində maddənin tələblərində fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi bir-birinə bağlı qaydada yox, müstəqil qaydada nəzərdə tutulmuşdur və bu maddənin dispozisiyasından da anlaşılmaqdadır. Hər nə qədər İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsində “Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı səkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.” deyə qeyd edilsə də, hesab edir ki, maddənin tələblərindən də göründüyü kimi vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi şəxsin həmin əməli törətmiş olmasına və ya onun törədilməsinə hər hansı şəkildə iştirak etməsinə bağlı qılınmışdır. Yəni vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün şərtlər aşağıdaklardan ibarətdir: hüquqi şəxsin inzabati məsuliyyətə cəlb edilməsi; vəzifəli şəxsin əməli törətmiş olması; və ya vəzifəli şəxsin həmin əməlin törədilməsində hər hansı şəkildə iştirak etmiş olması. İşdə olan materiallardan və qanunvericiliyin tələblərindən də göründüyü kimi o, vəzifəli şəxs olaraq inzibati xətaya dair əməli törətməmiş və ya həmin əməlin törədilməsində iştirak etməmişdir. Həmçinin 18.3-cü maddənin dispozisiyasından da göründüyü kimi vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsindən sonra mümkün ola bilməkdədir. Yəni, məhkəmə hüquqi şəxsi barəsində tərtib edilən inzibati xətaya dair protokolu məhkəmə qaydasında araşdırarkən vəzifəli şəxsin də inzibati xətanın törədilməsində hər hansı bir təqsirinin olduğunu aşkar edərsə və ya həmin əməlin törədilməsində hər hansı şəkildə iştirak etdiyini aşkar edərsə, o zaman vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi istisna edilməməkdədir. Ən azından AR İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin tövsifindən bu anlaşılmaqdadır. Qeyd edilən normalara və işdə olan materiallara nəzər yetirildiyində də görülməkdədir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 15 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilən işçilərin işə götürülərkən əmək müqaviləsi bildirişlərinin, əmək müqavilələrinə xitam verilərkən xitam bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı hər hansı bir pozuntu aşkar edilməmişdir. Maraqlı olan haldır ki, AR Əmək Məcəlləsində işçilərin əmək müqaviləsinin, həmin müqaviləyə dəyişiklik edilməsinin və əmək müqaviləsinə xitam verilməsinin hansı hallarda hüquqi qüvvəyə minməsi açıq-aşkar göstərilmişdir. Bu xüsusat AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində qeyd edilən tələblərlə də öz təsdiqini tapır. Yəni, işçi işə cəlb edilərkən əgər onun əmək müqaviləsinin bildirişi elektron informasiya sisteminə daxil edilməmişdirsə, o zaman işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsindən söhbət gedə bilər. Hər kəsə də məlumdur ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (yəni əmək müqaviləsi bildirişi elektron nfiormasiya sisteminə daxil edilməmişdirsə) hər hansı bir formada “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonlarına buraxılması məqsədi ilə müvafiq icazə portalına daxil edilməsi nümkün deyildir. Yəni, işçinin əmək müqaviləsi bildirişi ƏMAS sisteminə daxil edildikdən sonra işçi şirkət adında müvafiq icazə portalına daxil edilə bilər. Portala daxil edilməsi və portaldan çıxarılması da onu işə cəlb edən podratçı şirkətin yazılı sorğusu əsasında layihənin sifarişçisi tərəfindən həyata keçirilməkdədir. Bununla bağlı da "xxxx" MMC tərəfindən müntəzəm olaraq işə daxil edilən və işdən azad edilən işçilər barəsində MİDA MMC-yə məlumat verilməkdə, sonuncu tərəfindən müvafiq icazə portalına işçilərin adı daxil edilməkdə və ya portaldan çıxarılmaqdadır. Hesab edir ki, vəzifəli şəxsin barəsində inzibati icraatın aparılması zamanı yol verilən səhvlərin hər biri ilə məqamları şikayətdə qeyd etmək məqsədə uyğundur. İşçinin adının sonradan yenidən portala daxil edilməsi inzibati xətanı törətdiyi mənasına gələ bilməz. Hər bir kəsin adının portala salınması və çıxarılması mümkündür. Əgər əmək müqavilələrinə xitam verilən işçilərin müqavilələrinə xitam verildikdən sonra adları müvafiq icazə portalına yenidən salınmışdırsa, fəqət özləri qeyd edilən “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi zonasına getməmişdirlərsə, (ki, gedə bilməzlər, çünki, yeni əmək müqaviləsinin bildirişi yoxdur və əmək müqaviləsi də hüquqi qüvvəyə minməmişdir) o zaman hansı inzibati xətadan söhbət gedə bilər? Bunu yoxlamaq heç də çətin bir proses deyildir. Belə ki, portala sonradan adları daxil edilmiş işçilərin hər dəfə həmin regiona səfər edib-etmədiyini, gün, həftə və ay ərzində neçə dəfə qeyd edilən iqtisadi rayonun ərazisinə girib-çıxdığını müəyyən etmək mümkündür. Yəni, hər dəfə hansı saatda və gündə, neçə dəfə icazə verilən əraziyə giriş-çıxış edildiyini müəyyən etmək mümkündür. Ancaq maraqlı olan haldır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti AR Daxili İşlər Nazirliyi ilə işini əlaqəli şəkildə qurmamış, formal olaraq adları portalda olan işçiləri sanki portala salınmaqla və əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi qənaətinə gəlmişdir. Bunu araşdırmaq elə də bir çətin proses deyildi axı. Məlumat üçün bildirmək istəyir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin adlarının portala salındığını, ancaq özləri ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyini iddia etdiyi 3 nəfərin adları ümumiyyətlə 01 iyun 2024-01 avqust 2024-cü il tarixləri üçün müvafiq icazə portalına salınmamışdır. Qeyd edilən (xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə adları müvafiq icazə protalma salınmış 499 nəfərin adları arasında iddia edilən 3 nəfərin adı yoxdur. Bu siyahı məhkəmə araşdırması zamanı təqdim ediləcəkdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X17 Xidmətinin MN seriyalı ******* saylı 15 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 15 avqust 2024-cü il tarixdə keçirilən iclasında qərardan şikayət vermiş X1 nümayəndəsi və vəkili Nümayəndə şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC ölkə büdcəsinə milyonlarla vergi ödəyir, Qarabağda binalar tikir. MİDA-nın sifarişi əsasında onlar Qarabağda binalar tikir, işlər görürlər. Bu qədər işlər görən, pul qazanan bir şikrətin nə marağı ola bilər ki, işçiləri müqaviləsiz işlətsin? Onlar protokolda yazılan 3 işçini həmin əraziyə göndərməmişlər. Onların işçilərinin icazəsini MİDA alır. MİDA onlardan soruşmadan heç kimi göndərmir. Həmçinin onlar 500 nəfərə yaxın işçi keçirirlər. 500 nəfəri isə keçirib, 2-3 nəfəri keçirməməkdə nə maraqları ola bilər? Qeyd etdiklərini nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 avqust 2024-cü il tarixdə keçirilən iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X16 qərarı müdafiə etmiş və şikayət əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası müvafiq səbəbdən təxirə salınmış, qərardan şikayət vermiş X5 (nümayəndəsi) və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi 05 noyabr 2024cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə alaraq həmin şəxslərin iştirakı olmadan işə baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X5 tərəfindən vətəndaşlar X9 18 aprel 2024-cü il tarixindən, X11 əmək müqaviləsinə 19 yanvar 2024-cü il tarixindən, X8 əmək müqaviləsinə 27 mart 2024-cü il tarixindən hal-hazıradək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutumuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə onun barəsində 01 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 3(103)-1683/2024 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilmiş, həmin hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-3415/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta tərkibi olmadığından "xxxx" MMC-nin barəsində 01 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, “...Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən gəldiyi nəticəni maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. İnzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlayan apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC tərəfindən təqdim olunmuş sənədlər (əmək müqavilələrinin, əmək müqaviləsinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişlərin və əmrlərin surətətləri) apellyasiya qaydasında tədqiq və təhlil olunarkən, "xxxx" tərəfindən törədildiyi iddia olunan inzibati xətanı şərtləndirən şəxslər, X9 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 17 aprel 2024-cü il tarixdə, X15 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 18 yanvar 2024-cü il tarixdə və X13 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə isə 25 mart 2024-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Belə ki, inzibati işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli X7 görünür ki, bildirişdə işə götürən "xxxx" MMC tərəfindən işçi X9 ilə bağlanmış müddətli əmək müqaviləsinin başlandığı tarix xx.xx.2023-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli X7 görünür ki, bildirişdə işə götürən "xxxx" MMC tərəfindən X6 ilə bağlanmış müddətli əmək müqaviləsinin başlandığı tarix xx.xx.2020-ci il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2023-cü il tarix qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli X7 görünür ki, bildirişdə işə götürən "xxxx" MMC tərəfindən X4 ilə bağlanmış müddətli əmək müqaviləsinin başlandığı tarix xx.xx.2023-cü il, əmək müqaviləsinin müddətinin qurtardığı tarix isə xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. İnzibati işə əlavə olunmuş adlı siyahıdan görünür ki, "xxxx" MMC tərəfindən 01 iyun 2024cü il tarixdən 01 avqust 2024-cü il tarixədək işçi kimi Füzuli rayonunda işləmək üçün icazəsi alınmış işçilərin siyahısında X2, X11 və X8 adları müəyyən edilməmişdir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda, "xxxx" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləmək üçün iş icazəsi alınmış X2 xx.xx.2024-cü il tarixdən, X11 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024cü il tarixdən hal-hazıradək (yəni xx.xx.2024-cü il tarixədək) əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi göstərildiyi halda, "xxxx" MMC-nin nümayəndəsi tərəfindən təqdim olunmuş mötəbər sənədlərlə, "xxxx" MMC ilə X9 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 17 aprel 2024-cü il tarixdə, "xxxx" MMC ilə X15 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə 18 yanvar 2024-cü il tarixdə və "xxxx" MMC ilə X13 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə isə 25 mart 2024-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Bundan başqa, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti "xxxx" MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə işləmək üçün iş icazəsi alınmış X2 xx.xx.2024cü il tarixdən, X11 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən hal-hazıradək (xx.xx.2024-cü il tarixədək) əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini iddia etdiyi halda, faktla bağlı inzibati araşdırma aparılmamış, həmin şəxslər inzibati araşdırmaya cəlb edilməmiş və onların mübahisə olunan məsələ ilə bağlı izahatları alınmamış və yalnız “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlarla kifayətlənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, inzibati iş üzrə keçirilmiş apellyasiya baxışı zamanı "xxxx" MMC ilə X9 arasında xx.xx.2023-cü il tarixdə, X15 ilə xx.xx.2024-cü il tarixdə və X13 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqavilələrinə əsasən onların “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” üçün iş icazəsinin alındığı və X9 ilə bağlanmış əmək müqaviləsinə 17 aprel 2024-cü il tarixdə, X15 ilə bağlanmış əmək müqaviləsinə 18 yanvar 2024-cü il tarixdə və X13 ilə bağlanmış əmək müqaviləsinə 25 mart 2024-cü il tarixdə xitam verildiyi, lakin sözügedən işçilərin adlarının “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində aktiv qaldığı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alan apellyasiya instaniyası məhkəməsi hesab edir ki, "xxxx" MMC-yə münasibətdə, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə dair halların müəyyən edilməməsi, MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin mövcud olmaması barədə qənaətə gəlməyə tam əsas verir...” Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin rəhbəri, vəzifəli şəxs qismində X1 ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X17 Xidmətinin qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. "xxxx" MMC ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs X3 münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli məsələ ilə bağlı konkret hüquqi yanaşması, mövqeyi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə inzibati xəta tərkibi müəyyən edilmədiyindən, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin 15 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar