Məhkəmə qərarları › İş №3(007)-38/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-38/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-38/2022 28.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakı ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı Kommersiya Məhkəməsinin 26.06.2021-ci il tarixli e-2-2(113)-661/2021 saylı icra vərəqəsinə əsasən, "xxxx" MMC-dən 6112,80 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq X1 ödənilməlidir. İnzibati işdə olan 19.11.2021-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.06.2021-ci il tarixli e-2-2(113)-661/2021 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 19.11.2021-ci il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımov tərəfindən tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən heç bir üzürlü səbəb göstərilmədən, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, icra sənədində göstərilən tələb icra edilməmiş və bununla "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Qasımov Abusət Sahib oğlu izahatında göstərmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 26.06.2021-ci il tarixli e-2-2(113)-661/2021 saylı icra vərəqəsinə əsasən, "xxxx" MMC-dən 6112,80 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq X1 ödənilməlidir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, icra sənədində göstərilən tələb icra edilməmiş və bununla "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Faktla bağlı tərəfindən 21 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin hal hazırda EGO” MMC-nin rəhbəri Şəxs tərəfindən 6112,80 manat nəqd şəklində tələbkar X1 ödənilmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və müddəti barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş borclu və tələbkar şəxslərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli tədqiq edib, icra məmurunun izahatını dinləyərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin təqdim etdikləri ərizələrdən görünür ki, inzibati xətanın predmeti olan Bakı Kommersiya Məhkəməsinin 26.06.2021-ci il tarixli e-2-2(113)-661/2021 saylı icra vərəqəsi üzrə tələb olunan 6112,80 manat "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən tələbkar X1 nəqd şəkildə ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Bakı Kommersiya Məhkəməsinin 26.06.2021-ci il tarixli e-2-2(113)-661/2021 saylı icra vərəqəsi üzrə tələbi tam şəkildə tələkara ödəməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 21 dekabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar