Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3801/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 05 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola görə, Şəxs 06 iyul 2024-cü il tarixdə, saat 09:00-da X1 nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaltmışdır. Məhkəmə daxil olmuş materialı nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1.4-cü və 100.1.6-cı maddələrinə əsasən inzibati xətanın törədilməsi haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti İXM-nin 100.1.4-cü maddəsində göstərilən qaydada düzgün əks olunmamış, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer qeyd edilməmiş, həmin Məcəllənin 100.1.6-cı maddəsinə müvafiq olaraq zərərçəkmiş şəxsin ünvanı qeyd edilməmiş, adı isə natamam göstərilmişdir. Zərərçəkmiş şəxsin izahatı inzibati xəta haqqında materiallara əlavə edilməmişdir. Məhkəmə bildirir ki, protokola əlavə edilmiş materiallar ilə hadisənin Bakı şəhəri, Nizami rayonu ərizəsində törədilməsi müəyyən edilməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hadisə Şəxs və X2 arasında olan telefon danışıqları zamanı baş vermişdir. Hans ki, Şəxs ünvan 1 ünvanında, X2 isə ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, maddənin dispozasiyasında qeyd olunan əmələ görə cərimə və ya həbs növündə inzibati tənbeh tətbiq edilməsi müəyyən olunmuşdur. Həbs növündə inzibati tənbeh tətbiq edilməsi barədə işlərə məhkəmə tərəfindən dərhal baxılması nəzərdə tutulduğundan hazırki materiallardakı natamamlığın aradan qaldırılması isə müəyyən vaxt tələb etdiyindən və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi, protokola əlavə edilmiş materialların natamam təqdim edilməsi, işə baxılarkən onların tamamlanmasının mümkün olmaması müəyyən edildiyi üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş 05 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-3801/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3801/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver