Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3802/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Quliyeva Dilarə Hacıqulu qızının inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətini və ona əlavə olunan sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Quliyeva Dilarə Hacıqulu qızı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Şikayətin məzmunundan və ona əlavə edilən sənədlərdən görünür ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına və inzibati qərarın qəbul edilməsinə, fiziki şəxs Quliyeva Dilarə Hacıqulu qızının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin 21 iyun 2024-cü il tarixli qərarını icra etməməsi səbəb olmuşdur. Hansı ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinin mənasına görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə hərəkətsizlikdə ifadə olunur və hüquqi şəxsin rəsmi qeydə alındığı ünvanda həyata keçirilir. Bununla da, bu növ xəta məhz hüquqi şəxsin ünvanında törədilmiş hesab olunur. Hansı ki, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama ilə müəyyən edilir ki, ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərən Quliyeva Dilarə Hacıqulu qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Ehtimal olunan inzibati xəta isə Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı ünvanında törədilmişdir. Göründüyü kimi, şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hər hansı aidiyyəti müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, Quliyeva Dilarə Hacıqulu qızının şikayəti geri qaytarılmalı, qanunvericiliyin tələblərinə əməl etməklə ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə (xətanın törədildiyi yer və ya şikayət verən şəxsin vəsatəti əsasında yaşayış yeri üzrə) şikayət verə bilmək hüququ ona izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Quliyeva Dilarə Hacıqulu qızının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional bölməsinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli qərarından şikayəti ona əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət verə bilmək hüququ Quliyeva Dilarə Hacıqulu qızına izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3802/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3802/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver