Məhkəmə qərarları › İş №3(007)-3805/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3805/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3805/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi:̇ Bakı şəhəri Nizami Rayon İcra şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı Şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1491 saylı icra sənədi üzrə "xxxx" MMC-yə 1497.60 manat, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 1101.87 manat və xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən 435.59 manat borcunu "xxxx" ASC-yə ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə əsasən müəyyən olunur ki, Bakı Şəhər Nizami rayon Məhkəməsinin e-2(007)-1391/2022 nömrəli, xx.xx.2022-cı il tarixli icra sənədinə əsasən Şəxs "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 1440 manat əsas borc, 21 manat cərimə olmaqla, cəmi 1461 manat borc və 36.60 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı şəhəri 30 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-9393 nömrəli icra qeydinə əsasən Şəxs MPZK4229516A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1076.87 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1107.87 manat tutulması, Bakı şəhəri 30 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 8İ-9394 nömrəli icra qeydinə əsasən Şəxs MPZK4362158A299 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 410.59 manat, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 435.59 manat tutulmasına dair icra qeydi aparılmışdır. Bakı şəhəri Nizami Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən borclu Şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1391/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 30 saylı Notariat Kontorunun 8İ-9393 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı şəhəri 30 saylı Notariat Kontorunun 8İ-9394 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1391/2022-005 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 müvafiq qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, şəxsin icra sənədləri üzrə "xxxx" ASC-yə "xxxx" MMC-yə borcları vardır. İcra sənədi xx.xx.2023-cü il tarixində icraatına qəbul edilmiş, xx.xx.2023 tarixində şəxs dəvət olunmuş və ona rəsmi bildiriş verilmişdir. Ödəniş etmədiyindən avqust ayının 15-də axtarışa verilmişdir. 30 sentyabrda polis tərəfindən gətirilmiş və izahatı alınmışdır. Ödəniş edəcəyini bildirmişdir. Ödənişləri etmədiyindən yenidən barəsində axtarış elan edilmiş və bu gün polis tərəfindən tutularaq təhvil verilmişdir. Şəxsin adına əmlak aşkar edilməmişdir. İlk dəfə izahat verərkən hazırda ödəməyə maddi imkanının olmadığını, lakin ödəmək istədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ödəniş etmək üçü verilən müddət ərzində ödəniş edə bilməmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, ödəmək səbəbi ailə vəziyyəti ilə bağlıdır. Atası rəhmətə getdikdən sonra işsiz qalmışdır. İcra Şöbəsindən onu bir neçə dəfə çağırıblar, iş icraya daxil olduqdan sonra ödəniş etməmişdir. "xxxx" MMC-yə bir dəfə 100- 200 manat məbləğində ödəniş etmişdir. Tarix yadında deyil. "xxxx" ASC-yə isə ödəniş etməmişdir. 8 ay əvvəl ünvanını dəyişərək Hövsana köçmüşdür. Ola bilsin ki, məktublar köhnə ünvana getmişdir. Maddi vəziyyətinə görə ödəniş edə bilməmişdir. Telefon nömrəmi dəyişməmişdir, icra məmuru tərəfindən zəng gəlsə də, bəlkə də görməmişdir. Vaxt verilsə, ümumi 300 manat ödəniş edə bilər. Subaydır, anası və bacısı ilə yaşayır. Anası xəstədir, buna görə də onun xərcləri çoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X6 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətinin, evin tək gəlir gətirən şəxs olmasını məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə işə baxılması üçün nəzərdə tutulan qısa müddəti nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin faktiki hallarından, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli və üzrsüz səbəbdən icra etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında vaxt verildiyi halda ödəniş edə biləcəyini bildirdiyi üçün məhkəmə tərəfindən ona 3 gün vaxt verilmişdir. Buna baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ödəniş edilməmişdir. Həmçinin məhkəmə iclasında verdiyi izahata əsasən müəyyən edilmişdir ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq (ən azından bu müddət ərzində az da olsa ödəniş edilə bilərdi) icra sənədləri üzrə borcunu ödəməmişdir. Müəəyn edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədləri barədə məlumatlı olmasına, 2022-ci ildə axtarış verilərək, axtarış qərarının icrası nəticəsində izahatı alınmasına, hissə-hissə ödəniş edəcəyini bildirməsinə baxmayaraq icra sənədinin icrasından yayınmış, icra məmuru tərəfindən yenidən axtarışa verilmiş, yenidən axtarış qərarının icrası təmin edildikdən sonra barəsində hazırki inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən ödəniş üçün vaxt verilməsinə baxmayaraq icra sənədləri üzrə heç bir ödəniş həyata keçirməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək qeyd edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 141 saylı qərarına əsasən 66 manat məbləğində vəsait dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara Aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 müvafiq hesablaşma hesabı üzərindən 66 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar