Məhkəmə qərarları › İş №3(007)-3812/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3812/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3812/2024 06.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, yeni yaşayış massiv ünvanında yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 05 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış material sənədlərlə birlikdə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:30-da Q.Qarayev m/s yaxınlığında xidməti ərazidə baş vermiş oğurluq hadisələrində şübhəli bilinən bir nəfər şəxsə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxsə yaxınlaşan zaman zahirən xarici əlamətlərindən oğurluq etməkdə şübhəli bilindiyini və barəsində əməliyyat tədbirləri keçirdiklərini izah edərək şəxsiyyətini təsdiq edən sənəd soruşduqda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs onlarla kobud rəftar edərək polis əməkdaşlarının ünvanlarına səbəbsiz olaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onun qeyri-etik hərəkətlərinin qarşısının alınması üçün şöbəyə dəvət etsələr də, o, buna məhəl qoymamışdır. Bu səbəbdən onun əməllərinin qarşısını almaq və barəsində tədbir görülməsi üçün Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1982-ci il təvəllüdlü Şəxsdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin sahə inspektoru polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, dünən növbədə olduğu zaman Tərlan Qarayev raport yazaraq, Şəxs uca səslə ictimai yerdə danışdığını, polisə özünü təqdim etməkdən imtina etdiyini bildirmişdir. Tərəfindən Şəxs barəsində İXMnin 510 və 535-ci maddələri ilə protokol tərtib edilmişdir. Polisə müqavimətin nədə ifadə olunmasını barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin polis əməkdaşına özünü təqdim etməkdən imtina etməsində ifadə edildiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Şəxs nalayiq ifadələrdən istifadə etməmişdir. Polis əməkdaşı ondan özünü təqdim etməsini istəmiş, lakin o özünü təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol üzrə zərərçəkmiş şəxs X4 izahatında bildirmişdir ki, dünən axşam saatlarında kafedə bir nəfərin uca səslə səsküy saldığı haqda məlumat əldə etmişdir. O, məlumat əsasında kafeyə getmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqdim etməsini tələb etmiş, lakin, o, özünü təqdim etməkdən imtina etmişdir. O getdiyi zaman Şəxs kafenin içində olmuşdur. Daha sonra onlar birlikdə çölə çıxmışlar. Şəxslə biraz danışıq aparıldıqdan sonra polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində də ilk öncə özünü təqdim etməkdən imtina etmiş, lakin daha sonra onun şəxsiyyətini müəyyən etmək mümkün olmuşdur. O, həmçinin izahatında baş vermiş səs-küyü şəxsən eşitməsə də, ərazidə hər hansı hadisə olduğu zaman ona məlumat verildiyindən o həmin məlumat əsasında hadisədən məlumatlı olduğunu bildirmişdir. Polisə müqavimət dedikdə, polisə təkcə fiziki deyil, həmçinin “Polis haqqında” qanuna əsasən polisin qanuni tələblərini yerinə yetirməmək də başa düşülür. O həmçinin iş üzrə şahid olmadığını və Şəxs hər bir formada cinayətə meyilli şəxs olduğunu bildirmişdir. Sonra onu çölə çıxartmışdır.. Şəxs səs-küy salmağı ictimai qaydanı nə dərəcədə pozması ilə bağlı isə hər hansı hadisə baş verdikdə dərhal qarşısını almağa çalışdıqlarını, bədbəxt hadisə baş verməsinə maneə olduğlarını bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, dünən axşam saat 6-7 radələrində kafedə olduğu zaman bir nəfər nərd oynayarkən səs-küy saldığı üçün ona iradını bildirmiş və həmin şəxsdən bir qədər yavaş nərd oynamağını tələb etmişdir. Aralarında aparılan danışıq nəticəsində onlar bir-birilərini başa düşmüşlər. Onlar arasında olan mübahisə kənarda olan şəxsləri narahat etməmiş, kimsə qarışıb onları ayırmamışdır. Bundan sonra o, çölə çıxaraq gedib siqaret almaq istədiyi zaman polis əməkdaşı yaxınlaşıb qolundan tutmuşdur. O, polis əməkdaşına əvvəlcə özünü təqdim etməkdən imtina etmişdir. Daha sonra isə aralarında olan danışıqdan sonra polis şöbəsinə getməyə razı olmuşdur. O, həmçinin qeyd etmişdir ki, əməlindən peşmandır, gərək polis əməkdaşı ilk tələb etdiyi zaman özünü təqdim edərdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil izahatında hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməli və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğu üçün həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Hazırkı iş üzrə isə görünür ki, Şəxs tərəfindən məhz qeyd olunan inzibati xəta tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq hərəkətinə yol verilməsinin bildirilməsinə baxmayaraq məhkəmə iclasında polis əməkdaşları verdikləri izahatlarda Şəxs hansı hərəkəti ilə xırda xuliqanlıq əməlinə yol verdiyini bildirə bilməmiş, eyni zamanda sübuta yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraata aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olmasını sübut etmə yükü inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, qeyd edilən halı təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə tədqim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ictimai qaydanı pozmasını təsdiq edən sübutların olmadığı halda yalnız polis əməkdaşının izahatı Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, polis əməkdaşının izahatından (baş vermiş səs-küyü şəxsən eşitməsə də, ərazidə hər hansı hadisə olduğu zaman ona məlumat verildiyindən o həmin məlumat əsasında hadisədən məlumatlı olması) da aydın olur ki, o şəxsən Şəxs səs-küy salmasının, ictimai qaydanı pozmasının şahidi olmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmamışdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Şəxs Nizami rayon, Qara Qarayev m/s yaxınlığında Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması ilə müşayiət edilən hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh təbiq edilməlidir. Polis əməkdaşlarının izahatları və Şəxs özünün verdiyi izahata əsasən müəyyən edilmişdir ki, o polis əməkdaşlarının tələblərinə tabe olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 05 avqust 2024-cü il tarixdə saat 18:30-dan saxlanıldığını və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 6 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara Aldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 6 saat hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 36 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhər Nizami rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar