Məhkəmə qərarları › İş №3(007)-382/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-382/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-382/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 464cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə məcburi auditini aparmamışdır. Şəxs MMC-nin direktoru X3 inzibati xəta haqqında protokola dair yazılı etiraz vermişdir, etiraz onunla əsaslandırılmışdır ki, Şəxs MMC həmin inzibati xətaya görə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən “məcburi auditdən yayınma” “maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalar” kateqoriyasına aiddir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Şəxs MMC tərəfindən inzibati xəta 2019-cu ilin iyun ayının 30-da törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Həmin Qaydalara əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməlidirlər. Deməli həmin vaxtda məcburi audit də həyata keçirilməli və auditor rəyi Şəxs MMC-nin maliyyə hesabatları ilə birlikdə təqdim edilməli idi. Lakin məcburi audit həyata keçirmədiyi üçün Şəxs MMC tərəfindən inzibati xəta 2019-cu ilin iyun ayının 30-da törədilmişdir. Şəxs MMC 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati məsuliyyətə 2019-cu ilin iyun ayının 30-dan başlayaraq bir il ərzində, yəni 2020-ci ilin iyun ayının 30-dək cəlb olunmalı idi. Buna görə də inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyünə görə hazırda Şəxs MMC-yə müddətin keçməsi ilə əlaqədar inzibati tənbeh verilə bilməz. Eyni zamanda Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəmə qərarı 2020-ci ilin sonunadək qəbul edilməli idi. Lakin hazırda 2021-ci ilin fevral ayı olmasına baxmayaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar hələ də qəbul edilməmişdir. Qeyd edilənlərə əsasən Şəxs MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X4 yazılı etirazın dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, Maliyyə Nazirliyinin işə əlavə olunmuş bildirişi MMC-yə daxil olmamışdır. Onlar auditlə müqavilə bağlayaraq audit hesabatının tərtibindən sonra onu aidiyyəti üzrə təhvil vermişlər. Etirazda qeyd olunan əsaslarla iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Şəxs MMC-yə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli bildirişindən görünür ki, MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının auditinin 2019-cu ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx xxxxxx 2020-ci il tarixdə saat 11:30-da həmin şöbədə baxılacağı barədə bildirilmiş, təşkilatın 2018-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyləri mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar auidit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılmışdır ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMCnin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs MMC-nin direktorunun yazılı etirazında göstərilənlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsi ilə müəyyən edilmiş müddətlərin keçməsi əsası ilə iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa etiraza əlavə edilmiş sənədlərdən də görünür ki, Şəxs MMC audit xidmətinin göstərilməsi barədə müqaviləni xx xxxxxx 2020-ci il tarixdə bağlamış, MMC-nin xx xxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixə olan fəaliyyətinə dair tərtib olunmuş Maliyyə Hesabatlarının, X1 Standartlarının tələblərinə uyğunluğunun, düzgünlüyünün təsdiq olunması sifarişini vermiş, həmin sifariş əsasında xx xxxxxx 2020-ci il tarixdə müstəqil auditor hesabatı tərtib olunaraq xx xxxxxx 2020-ci il tarixdə təhvil verilmişdir. Göründüyü kimi, həmin faktın özü də Şəxs MMC tərəfindən 2018-ci il üzrə maliyyə hesabatlarının 2019-cu ildə məcburi auditinin aparılmadığını təsdiq edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar