Məhkəmə qərarları › İş №3(007)-385/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-385/2025

14.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-385/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Kərimli Aygül Əfqan qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1979-cu ildə Saatlı rayonu, Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Saatlı rayonu, Bəylər kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsində ünvansız evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısında şübhəli şəxs kimi saxlanılan zaman polisin qanuni tələbinə tabe olmamış, məcburi narkoloji müayinədən imtina etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 207 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları inkar edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, nə narkotik maddə istifadə istifadəçisidir, nə də ki, polisə tabesizlik etməmişdir. Hadisə ondan ibarətdir ki, o, avtoyuma məntəqəsində işləyir və işləyərkən qısaqol köynəkdə olmuşdur. Bundan sonra, içməli su almaq üçün marketə yaxınlaşan zaman, polislər ona yaxınlaşıb onu bölməyə aparmaq istəmişlər. Bundan sonra bölməyə aparıb, narkoloji müayinədən keçirmək istəmişlər. O, müayinəyə getməkdən imtina etmişdir. Bundan sonra barəsində polisə tabesizliklə bağlı protokol tərtib edilib. Bundan başqa, əlavə edir ki, o hələ də özü də başa düşmür ki, polislər ondan nə istəyirlər. Əvvəllər narkotiklə məhkum olunsa da, bu çoxdan olmuşdur. Lakin, onu rahat buraxmırlar. Bir dəfə onu polislər məhkəmə gətirmişlər və protokola xitam verilmişdir. İkinci dəfə barəsində 15 sutka inzibati həbs seçilib. İndi isə yenidən onu məhkəməyə gətirmişlər. Heç bir xəta törətməmişdir. Məsələnin bu yerə gəlib çıxacağını bilsə idi, müayinəyə də gedərdi. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X5 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili X3 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 17:10 dəqiqədə xidməti ərazidə olarkən, ünvan 4 ünvanının qarşısında bir nəfərin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxs zahiri əlamətinə görə narkotik vasitə istifadəçisinə bənzədiyinə görə və narkotik maddənin təsiri altında olması ehtimalı olduğuna görə ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Çünki onlar artıq neçə ildir əməliyyatçıdırlar və baxanda narkotik istifadə edən şəxsləri ayırd edə bilirlər. Həmin şəxs qeyri-adekvat cavablar verib, oradan uzaqlaşmaq üçün onlara müqavimət göstərdiyinə görə polis bölməsinə gətirilmiş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X8 şahid X3 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı və ya daşınması hallarının, həmçinin belə istehlak nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırmağa görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Lakin, istər inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən, istərsə də məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin hərəkətində sözügedən qaydada sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə keçirilən tibbi müayinədən boyun qaçırması sübuta yetirilməmiş, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə onun bölmədə olarkən müayinəyə getməkdən imtina etməsi əsası ilə inzibati protokol tərtib edilməsi qeyd edilmişdir. Halbuki, qanunvericiliyin mənasından da göründüyü kimi, şəxsin hərəkətlərində İXM-nin 207-ci maddəsinin tərkibinin yaranması üçün məhz onun tibbi müayinədən boyun qaçırması zəruridir, hansı ki, bunun üçün şəxs tibbi müayinəyə aparılmalı, orada tibbi müayinədən boyun qaçırması faktı həkimin iştirakı ilə tərtib edilmiş müvafiq aktla rəsmiləşdirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, məhz şəxsin tibbi müayinəyə getməkdən imtina etməsini polis əməkdaşlarına bildirməsi əsası ilə şəxsin inzibati məsuliyyətə cəlb olunmasına əsaslar yoxdur, həmin hissədə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qanunun mənasına görə, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması üçün polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməli, inzibati xətanın subyekti isə onların qanuni tələblərinə qəsdən tabe olmamalıdır. Hazırkı halda isə, məhkəmə tədqiqi zamanı belə xətaya yol verilməsi müəyyən olunmur, Şəxs hansı əməli ilə məhz polisin qanuni tələbinə olmaması sübuta yetirilməmişdir, bunu təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur, inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyindən, o, məhkəmə iclası zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 30 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 207 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclası zalından dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar