Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-386/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalının nümayəndəsi X1 iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalının barəsində Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 12 yanvar 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvan üzrə Bakı şəhərinin Nizami rayonunda qeydə alınmış Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən 17 dekabr 2021-ci il tarixli **********7561, **********7557 sorğu nömrəli gömrük bəyannamələri ilə buraxılış ili 2011-ci il, “Z8010-2748” seriya nömrəli, “GENİE” və 2013-cü il “704016” seriya nömrəli “TEREX” markalı nəqliyyat vasitələri 01 il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilərək 17 dekabr 2023-cü il tarixinə kimi Rusiya Federasiyasına aparılmış, daha sonra Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən gömrük prosedurunun müddətinin uzadılmasına dair ərizə ilə müraciət edilmiş, müvəqqəti ixrac müddəti 17 dekabr 2023-cü il tarixə qədər uzadılmışdır. Həmin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin 17 dekabr 2023-cü il tarixdə başa çatmasına baxmayaraq, Şəxs şirkəti tərəfindən nəqliyyat vasitələri geri qaytarılmamış, həmçinin müddət bitənə kimi müddətin uzadılması üçün müraciət olunmamışdır. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalının nümayəndəsi X2 izahatında göstərmişdir ki, 17 dekabr 2021-ci il tarixli gömrük bəyannaməsi ilə 01 il müddətinə müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilməklə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən Rusiya Federasiyasına iki ədəd texnika göndərilmişdir. Lakin Rusiya-Ukrayna müharibəsi aparıldığından, Rusiya ərazisindən texnikaların çıxarılmasına qadağa qoyulmuş, daha sonra gömrük prosedurlarında dəyişiklik olmuşdur. Müraciətləri əsasında müvəqqəti ixrac müddəti 17 dekabr 2023-cü il tarixə qədər uzadılmışdır. Qeyd olunan müddətdə problemin həlli mümkün olmamış, sonra isə işlər çox olduğu üçün müddətin bitməsinə nəzarət edə bilməmişlər, müvəqqəti ixrac müddətinin uzadılması üçün gec müraciət edilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 dekabr 2023-cü il tarixli raport, gömrük bəyannamələri və digər sənədlərlə inzibati xəta hadisəsinin törədilməsi öz təsdiqini tapmışdır. O cümlədən Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalının gömrük prosedurunun uzadılmasına dair müraciətdən görünür ki, 17 dekabr 2021-ci il tarixdə ölkədən müvəqqəti ixrac proseduru altında rəsmiləşdirilərək 17 dekabr 2023-cü il tarixinə kimi Rusiya Federasiyasına aparılmış nəqliyyat vasitələrinin müvəqqəti ixrac müddətinin 17 dekabr 2024-cü il tarixədək uzadılması ilə bağlı Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə 11 yanvar 2024-cü il tarixdə müraciət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalı tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla hüquqi şəxsin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalı həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalının əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalının barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı fililalı Azərbaycan Respublikası İXMnin 499.1.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-386/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-386/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver