Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3876/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola dair materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsi ilə tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, aidiyyət qaydaları pozulduğu üçün həmin protokola dair material aidiyyəti məhkəməyə göndərilməlidir. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasını və ya həmin mexanizmin fəaliyyət göstərməməsini nəzərdə tutur, həmin xətaya görə isə vəzifəli şəxslərin və hüquqi şəxslərin məsuliyyəti nəzərdə tutulmuşdur. Hansı ki, hazırkı protokol hüquqi şəxs Şəxs MMC-nin barəsində tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə yoxlama zamanı müəyyən edilir ki, ********** VÖEN nömrəsi ilə fəaliyyət göstərən Şəxs MMC ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Belə olan halda protokolda qeyd edilən “xx.xx.2024-cü il tarixdə saat 15:10-da Xəzər Universitetinin qarşısında **-SO-***, **-GL-*** və **-SU-*** dövlət qeydiyyat nişanlı taksi minik avtomaşınlarına verilmiş taksi sifarişləri barədə məlumatın “AYNA” İS-ə ötürülməsi mexanizminin yaradılmaması və faəliyyət göstərməməsi” hərəkətsizlikdə ifadə olunmaqla, bu hərəkətlər bilavasitə hüquqi şəxsin hüquqi ünvanında törədilmiş hesab olunur. Ona görə hesab edirəm ki, xətanın törədilmə yeri hüquqi şəxsin hüquqi ünvanı hesab olunmaqla, İXM-nin 110.1-ci maddəsində müəyyən edildiyi kimi, onun törədildiyi yerdə, ərazinin yurisdiksiyasında fəaliyyət göstərən məhkəmədə həmin işə baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll edilməli məsələni müzakirə edərək, belə nəticəyə gəlirəm ki, işin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, aidiyyət qaydalarının pozulmasına yol verilməməsi məqsədi ilə, hazırkı inzibati xəta haqqında material baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 326-2.3-cü maddəsi ilə tərtib olunmuş 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3876/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3876/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver