Məhkəmə qərarları › İş №3(007)-3885/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3885/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3885/2025 26.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137A, mənzil 262-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. 21 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs məhkəmə qərarına əsasən aliment və alimentə görə yığılmış 19800 manat borcu ödəməmişdir.

Proses iştirakçılarının çıxışları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verdi, bildirdi ki, Şəxs məhkəmə qərarına əsasən aliment və alimentə görə yığılmış 19800 manat borcu ödəməmişdir. Borclu ödənişi etmədiyi və qətnamənin icrasından yayındığı üçün qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs aliment borcunu ödəmir, qətnamənin icrasından yayınır. Onlar onun atasına məxsus olan evdə yaşayıblar. Borclu onlara baxmayıb. Arada gəlib-gedib hər ehtiyaclarını atası təmin edib. Bu səbəbdən qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, aliment borcuna görə əmək haqqından 70% məbləğində pul tutulur. "xxxx"ASC-də menecer işləyir. Əmək haqqı tutmalarsız 2000 manatdır. 2025-ci ilin may ayınadək bir yerdə yaşayıblar. Xaricə gəzməyə gediblər. Ona görə hesab edir ki, həmin dövr üçün aliment ödəməli deyil. Qeyd olunan borc həddindən artıq yüksəkdir onunla razı deyi. O qədər borcu yoxdu. Qətnamənin icrasından da yayınmır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.

İş materialları:

5. 21 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs məhkəmə qərarına əsasən aliment və alimentə görə yığılmış 19800 manat borcu ödəməmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3431/2015 saylı, xx.xx.2015ci il tarixli icra sənədinin surətindən görünür ki, Şəxs ilə Zərərçəkmiş şəxs arasında 02 sentyabr 2011-ci ildə Ağsu Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 384 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 09 sentyabr 2012ci ildə anadan olmuş X1 Vüsalə Ərəbxan qızının yanında saxlanılması, Şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq 09 sentyabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək hər ay qazancının (başqa gəlirlərinin) 4/1 hissəsi miqdarında aliment, X5 3 yaşına çatanadək, yəni 09 sentyabr 2015-ci ilədək, özü üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir.

7. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X2 xx.xx.2025-ci il tarixli, ”Aliment borcunun hesablanması haqqında” qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3431/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə 19800 manat borc müəyyən edilmişdir. 19800 manat borc Şəxs tutulmalıdır.

8. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin "xxxx"ASC-yə xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs əmək haqqından (vergilər tutulduqdan sonra) 70% miqdarında alimentin tutulun tələbkar Zərərçəkmiş şəxs hesabına köçürülməsi və icra barədə şöbəyə məlumat verilməsi xahiş olunur.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilibedilmədiyini həll etməlidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı:

İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, X9 barəsində inzibati xəta haqqında material geri qaytarılmalıdır.

12. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(0051)-3431/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq 09 sentyabr 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Şəxs "xxxx"ASC-də menecer işləyir. İcra məmuru tərəfindən "xxxx"ASC-yə qətnamənin icra edilməsi ilə bağlı məktub göndərilmişdir. Lakin məktubun cavabı iş materiallarına əlavə edilməmişdir. Həmçinin Şəxs ödəməli olan borcunu tam müəyyən etmək mümkün olmadı.

13. Beləliklə, Şəxs tərəfindən ödənilmiş və borcluya qalan aliment borcunun hesablanması icra məmurunun vəzifəsidir. Lakin məhkəmə iclasında müəyyən olundu ki, hesablama tam dəqiq aparılmamışdır və borclunun borcunu müəyyən etmək mümkn deyil.

14. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır.

Nəticə:

15. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılmalıdır.

16. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar