Məhkəmə qərarları › İş №3(007)-3886/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3886/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3886/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X8 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad rayonu, Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Kürkəndi Ə/D, Suqovuşan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, Şəxs izahatının alınmasından ötrü Polis Bölməsinə dəvət edilmiş və həmin şəxsin Polis Bölməsində özünü qeyri-adekvat aparması və eləcə də narkotik vasitə təsiri altında olması səbəbindən Narkoloji Dispanserə göndərilmiş və dispanserin 20 avqust 2025-ci il tarixli, 5103 nömrəli rəyinə və 3002 aktına əsasən vətəndaş Şəxs narkotik vasitə istifadə etmişdir.

Proses iştirakçılarının çıxışları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verdi və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onu Polis Bölməsinə çağırdılar, izahatını aldılar. Polis Bölməsinə könüllü getmişdir. 20 avqust 2025-ci il tarixdə saat 11:00-da Narkoloji Dispanserə apardılar, saat 15:00-da qayıtdılar. xx.xx.2025-ci il tarixdən hazırki vaxtadək bölmədə qalmışdır. O, narkotik vasitələdən istifadə etmir. Dərman qəbul edir həkim reseptinə əsasən. Qeyd etdiklərini nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdən hazırki vaxtadək bölmədə qalmışdır. Şəxs narkotik vasitələdən istifadə etmir. Hazırki işdə inzibati xəta tərkibi yoxdur. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini xahiş etdi.

İş materialları:

5. 20 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən, Şəxs izahatının alınmasından ötrü Polis Bölməsinə dəvət edilmiş və həmin şəxsin PB-də özünü qeyri-adekvat aparması və eləcə də narkotik vasitə təsiri altında olması səbəbindən Narkoloji Dispanserə göndərilmiş və dispanserin 20 avqust 2025-ci il tarixli, 5103 nömrəli rəyinə və 3002 aktına əsasən vətəndaş Şəxs narkotik vasitə istifadə etmişdir.

6. 20 avqust 2025-ci il tarixli raportdan görünür ki, vətəndaş X1 şikayət ərizəsi əsasında BYD markalı, ** UP *** dövlət qeydiyyat nişanlı taksi sürücüsü xx.xx.1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Suqovuşan kəndində pasport qeydiyyatında olan Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində polis bölməsinə dəvət edilmişdir. Polis Bölməsində həmin şəxs özünü qeyri-adekvat aparmış, verilən suallara qeyri-adekvat cavablar vermişdir. Bu səbəblə də onlarda həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin təsiri altında olması ilə bağlı şübhə yaranmışdır.

7. 20 avqust 2025-ci il tarixli, 5103 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur.

8. 20 avqust 2025-ci il tarixli 3002 nömrəli aktdan görünür ki, Şəxs sidiyində AMP(+), MET(+) aşkar edilmişdir.

9. 20 avqust 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs saat 18:00-da inzibati qaydada tutulmuşdur.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”-nə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Bu maddədə “az miqdarda” dedikdə, narkotik vasitələrin və psixotrop maddələrin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir.

12. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Polis Bölməsində özünü qeyri-adekvat aparmış və eləcə də narkotik vasitə təsiri altında olması səbəbindən Narkoloji Dispanserə göndərilmiş və tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin “Qeyd” inin 1-ci bəndinə nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur.

13. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur.

14. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci və 33.1-ci maddələrində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir.

15. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir.

16. Məhkəmə həmin maddənin tələbinə əsasən hesab edir ki, ambulator məcburinarkoloji tibbi yoxlamanın 20 avqust 2025-ci il tarixli, 5103 nömrəli rəyindən görünür ki, Şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur.

17. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, dərhal tutmadan azad edilməlidir.

Qərara aldı:

Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar