Məhkəmə qərarları › İş №3(007)-3889/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-3889/2025

22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-3889/2025 22.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.2, 332.1, 332.3, 342.3, 342.7, 511.1.2 və 511.1.3-cü maddələri ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsindən daxil olmuş 22 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “22 avqust 2025ci il tarixdə, saat 15:41-də mexaniki nəqliyyat vasitəsi hesab olunan “Zontes ZT150-8A motosikl” markalı, 10B794 dövlət qeydiyyat nişanlı motosikli idarə edən Şəxs Azərbaycan Respublikası İXM-nin 329.2, 332.1, 332.3, 342.3, 342.7, 511.1.2 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokola dair material protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 511.1.2 və 511.1.3-cü maddələrinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin yuxarıda istinad olunan inzibati xəta haqqında protokolda törədilməsi ehtimal olunan inzibati xətaların düzgün mahiyyəti göstərilməmiş, Şəxs müvafiq xətaları törətməsinə dair sübutlar (video görüntü və s.) da götürülərək materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır; 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir; 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar; 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır; 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir; 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır; 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Təqdim edilən materiallarla müəyyən olunur ki, Şəxs xx xxxxxx 2008-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır, məhdud fəaliyyət qabiliyyətli şəxs hesab olunur. Lakin inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan o, müdafiəçi ilə təmin edilməmiş, qanuni nümayəndəsinin və müdafiəçinin iştirakı olmadan inzibati icraat aparılmışdır. Azərbaycan Respublikası İXM-nin 110.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə şəxsin yaşadığı yer üzrə baxılır. Təqdim olunan materialla müəyyən olunur ki, Şəxs Bakı şəhəri Nərimanov rayonu, Sübhan Ələsgərov küçəsi, ev 22A-da qeydiyyatda olmaqla yaşayır. Lakin Azərbaycan Respublikası İXM-nin 110.2-ci maddəsinin tələbləri pozularaq iş materialı baxılması üçün aidiyyəti məhkəməyə göndərilməmişdir. Yuxarıda göstərilən qaydada pozuntulara yol verildiyindən isə, hesab edirəm ki, materialın aidiyyət məsələsi həll edilməməli, material geri qaytarılmalı və müvafiq nöqsanlar aradan qaldırılaraq onun aidiyyəti məhkəməyə göndərilməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli Qərarına əsasən inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. Eyni zamanda həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati araşdırma və protokolun tərtib olunması zamanı göstərilən qaydada inzibati xətalar qanunvericiliyinin müvafiq tələbləri pozulduğu, təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, habelə ərazi üzrə məhkəmə aidiyyəti pozulduğundan, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.2, 332.1, 332.3, 342.3, 342.7, 511.1.2 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş 22 avqust 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar