Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3902/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş Sıvrı Ahmet XXX, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Sıvrı Ahmet XXX Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sıvrı Ahmet XXX Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru olaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmişdir. Belə ki, sözü gedən qərar onunla əsaslandırılmışdır ki, o, iki nəfər vətəndaşlar X7 və X6 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçmələri məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə almış, lakin həmin şəxslərlə şirkət arasında əmək müqaviləsi bağlanılmamışdır. Bununla bağlı bildirir ki, X10 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında məlumatı heç vaxt bilməmiş, məlumatı olmadan qeyri-qanuni protokol tərtib edilmişdir. Onu da qeyd edir ki, şirkətlərinin hüquqi ünvanı ünvan 1 isə ünvan 2mış düşərgədir. Həmin qərarla xx.xx.2024-cü il tarixdə tanış olarkən məlum olmuşdur ki, o, vəzifəli şəxs kimi İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati qaydada 3000 manat cərimə edilmişdir. Şifahi olaraq əldə etdiyi məlumata əsasən xəbərsiz, məlumat verilmədən onun barəsində yazılmış protokolda müəyyən edilib ki, o, İXM-nin 192.1-ci maddəsinin tələblərini pozaraq vətəndaşlar X7 və X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb etmişdir. Halbuki, yuxarıda adları qeyd olunan vətəndaşlar üçün filialları üzərindən icazələr alınmış, lakin həmin şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş etməmişlər. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sərbəst formada özlərinə iş yeri seçmək hüququndan istifadə etməklə “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə əmək münasibətləri yaratmaqdan imtina etmişlər. Həmin şəxslərlə zorla əmək münasibətləri yaratmaq qanuna ziddir və qanunvericilikdə bu əməlin məsuliyyəti ilə bağlı cəza tədbiri nəzərdə tutulmuşdur. “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X10 Xidməti qanunsuz olaraq, heç bir araşdırma aparmadan onu vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 192.1-ci maddəsilə 3000 azn qanunsuz olaraq cərimə etmişdir. Hesab edir ki, qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin tələblərinə əsasən işin hallarının obyektiv araşdırılması zamanı inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2, 24.4 və 24.5-ci maddələrində inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Eyni zamanda təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 45-ci maddəsinin tələblərinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalıdır. Həmin Qanunun 47-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi zamanı inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Eyni zamanda maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Əmək Məcəlləsinin 46-cı maddəsinin tələblərinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Şirkətin təklif etdiyi vəzifələrə işçi qüvvəsini təmin etmək məqsədi ilə yuxarıda qeyd olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə o məqsədlə alınır ki, vətəndaş iş sahələrində təklif olunan işlə, məişət şəraiti ilə, məvaciblə, əmək şəraiti və sair təminatlarla tanış olsun, əmək münasibətlərinin yaradılmasında maraqlı tərəflərdən biri olaraq və Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarından istifadə etməklə sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan istifadə etsin. Qətiyyətlə bildirir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən alınan icazə iş icazəsi deyil, bu həmin ərazilərə giriş icazəsidir. Qanunvericiliyin tələbləri tamamilə açıq və aydındır. Lakin, X10 Xidməti inzibati icraat zamanı qanunvericiliyin tələblərini pozaraq ona qarşı qanunazidd cərimə tətbiq ediblər. Göstərilənləri nəzərə alaraq, X10 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 30 avqust 2024-cü il tarixli iclasında qərardan şikayət vermiş Sıvrı Ahmet XXX şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qərar əsassızdır, işçilər işləməyə razı olduqdan sonra onlar portaldan icazə alırlar. Daha sonra işçilər işləmək istəmirlər. Onlar bütün işçilərlə əmək müqaviləsi bağlayırlar. Əmək müqaviləsi bağlanmamış hər hansı işçini işə cəlb etməmişlər. Məhkəmənin 30 avqust 2024-cü il tarixli iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayıb qərarı müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, portala baxış keçirilmiş və baxış keçirilən zaman X7 və X3 “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının işçisi kimi sistemdə göründükləri, lakin onlarla əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən işə cəlb olunduqları müəyyən edilmişdir. Şikayət əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası müvafiq səbəbdən təxirə salınmış, qərardan şikayət vermiş Sıvrı Ahmet XXX və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi 05 noyabr 2024cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işin faktiki hallarını nəzərə alaraq həmin şəxslərin iştirakı olmadan işə baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru Sıvrı Ahmet XXX tərəfindən vətəndaşlar X7 15 may 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək, X8 08 iyun 2024-cü il tarixdən hazırki tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə, 11 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 3(007)- 3527/2024 nömrəli qərarından görünür ki, “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli 3(103)-2124/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli 3(007)- 3527/2024 nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda istinad olunan qərarla müəyyən etmişdir ki, hüquqi şəxs “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsinə, işğaldan azad edilmiş ərazilərə həmin şirkətin Azərbaycan Respublikasındakı filialı tərəfindən giriş icazəsi alınmış şəxslərin adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi əsas olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverici, inzibati xətalar haqqında işlər üzrə icraatda sübutetmə yükünü bilavasitə inzibati icraatı aparan orqanın üzərinə qoymuş, inzibati xəta törətməsi ehtimal olunan şəxsin isə öz təqsirsizliyini sübuta yetirməli olmamasını təsbit etmişdir. Baxılan işə münasibətdə, təqdim edilmiş sübut isə yalnız “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən X4 adına 15 may 2024-cü il tarixdə, X3 adına 08 iyun 2024-cü il tarixdə işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydə alınmış məlumatlardan ibarətdir. Hansı ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsindən ibarət araşdırma, hüquqi şəxs “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respubikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etməsi barədə qənaətə gəlinməsi üçün yetərli və əsaslı sayıla bilməz. İnzibati araşdırma orqanı adlarına icazə alınmış şəxslərin işğaldan azad olunmuş ərazilərə gedibgetməmələrini, oraya getdikləri halda isə “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilib-edilməmələrini, bu işlərin həcmini, növünü, işlərin davam etmə müddətini, onlara bu işlərin görülməsi haqqının ödənilib-ödənilməməsini və s. bu kimi xüsusi əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Məhkəmə bu qənaətə gəlməsini həm qanunvericiliyin tələbləri, həm də təqdim edilmiş sübutların məcmusu baxımından əsaslandırmaqla belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilmiş hesab olunması, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin əsaslı olması üçün, tövsifedici əlamət olaraq, hüquqi şəxs tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilmiş olması mütləq şərt, tələbdir. Buna baxmayaraq, “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, vətəndaşlar X7 və X8 üçün “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən iş üçün icazə alınsa da həmin şəxslərlə işəgötürən arasında əmək müqaviləsi bağlanılmamış və onlar heç bir işə cəlb olunmamışlar. Eyni zamanda X4 məhkəmə iclasında verdiyi ifadəsi ilə də müəyyən edilmişdir ki, o, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına iş üçün getməmiş, qeyd olunan şirkətlə aralarında əmək münasibətləri yaranmamışdır. Onun həmin əraziyə getməsi, sadəcə olaraq postlardan keçmək üçün olan icazənin alınması fürsətindən istifadə etməklə Şuşa şəhərinə gedib gəzməkdən ibarət olmuş və həmin gün də geri qayıtmışdır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlar baxımından hesab etmişdir ki, baxılan işə münasibətdə əlavə araşdırma aparılması üçün əsaslar qalmamışdır, “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi öz növbəsində birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, şikayəti təmin etməmiş, mübahisələndirilən 05 noyabr 2024-cü il tarixli qərarı qüvvəsində saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxs “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının rəhbəri, vəzifəli şəxs qismində Sıvrı Ahmet XXX ehtimal olunan eyni inzibati xətaya görə təqsirli bilinərək tənbeh olunması barədə X10 Xidmətinin 25 iyul 2024-cü il tarixli qərarının qüvvədə qalmasına hüquqi əsaslar yoxdur. “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı ilə bağlı aparılan inzibati araşdırma eyni həcmdə onun vəzifəli şəxsi barəsində də aparılmışdır, vəzifəli şəxs Sıvrı Ahmet XXX münasibətdə inzibati məsuliyyətə cəlb etməni əsaslı edəcək fərqli hal aşkar olunmamışdır, burada sübutetmə yükü üzərinə düşən qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəmə iclasında da belə sübutlar təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mübahisəli məsələ ilə bağlı konkret hüquqi yanaşması, mövqeyi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Sıvrı Ahmet XXX şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə həmin vəzifəli şəxsin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. “X9 Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəzifəli şəxsi, direktoru Sıvrı Ahmet XXX Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3902/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3902/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver