Məhkəmə qərarları › İş №3(007)-391/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-391/2023

02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-391/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 4, mənzil 130-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 06 yanvar 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 25 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində etibarnamə ilə idarə etdiyi “Kia Cerato minik” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 1-ci hissəsinin (4.1.4 “Düzünə və ya sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərini pozaraq, düzünə və ya sağa dönməyə icazəsi olduğu halda Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində sola dönüb həmin küçə istiqamətində hərəkətini davam etdirmiş, bu zaman avtomobilin qabaq sağ hissəsi ilə Q.Qarayev prospektində qarşıdan A.Manafov küçəsinə doğru əks istiqamətdə hərəkətdə olan “Bajaj Pulsar” markalı 99-C-746 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş, nəticədə motosikletin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində etibarnamə ilə idarə etdiyi “Kia” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində əsas yolla Z.Bünyadov prospekti istiqamətində hərəkət etmişdir. Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində yol bağlandığı üçün məcbur olaraq Q.Qarayev prospektindən sola dönərək təxminən 10-20 km/saat sürətlə Özbəkistan küçəsi istiqamətində hərəkətini davam etdirən zaman Q.Qarayev prospektində əsas yolla A.Manafov küçəsi istiqamətində hərəkətdə olan motosiklet idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. O, dərhal avtomobilin əyləcinə basmış, buna baxmayaraq məsafə az olduğundan avtomobilinin qabaq sağ hissəsi motosikletlə toqquşmuş və motosikleti idarə edən sürücü yerə yıxılmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər, həkimlər sürücüyə ilkin yardım göstərərək xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxsə 200 manat dəyərində dərman alıb vermiş, 500 manat isə nağd pul vermişdir. Əməlindən səmimi peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 25 noyabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində etibarnamə ilə idarə etdiyi “Bajaj Pulsar” markalı 99-C-746 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə əsas yolla A.Manafov küçəsi istiqamətində 40-50 km/saat sürətlə yolun sağdan birinci zolağı ilə hərəkət etmiş, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində işıqforun yaşıl işığında hərəkətini düzünə davam etdirən zaman Q.Qarayev prospektindən Özbəkistan küçəsi istiqamətində hərəkətdə olan “Kia” markalı avtomobil qabaq sağ hissəsi ilə onun idarə etdiyi motosikletlə toqquşmuşdur. Hansı ki, həmin avtomobilin sola dönməsi qadağan olsa da sürücü qaydaları pozmuşdur. Həmin vaxt o, yerə yıxılaraq xəsarət almışdır. Bundan sonra hadisə yerinə polis və təcili tibbi yardım stansiyasının əməkdaşları gəlmişlər, ona ilkin tibbi yardım göstərilərək X1 aparılmışdır. Xəstəxanada həkimlər onu müayinə edərək evə buraxmışlar, müalicəsini ay yarım ərzində evdə aparmışdır. Hadisəni törətmiş Şəxs tərəfindən ona 500 manat ödənilmiş, lakin qalan ziyanın əvəzi ödənilməmişdir. Şəxs şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 02 dekabr 2022-ci il tarixli 1115 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs xayanın sol yarısının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 dekabr 2022-ci il tarixli 8/3343 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Kia Cerato” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinin 1-ci hissəsinin (4.1.4 “Düzünə və ya sağa hərəkət” məcburi hərəkət istiqaməti yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Pulsar NS-200” markalı 99-C-746 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, HK1-756 nömrəli araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs zərərçəkmiş şəxsin müalicəsi üçün qismən maddi köməklik göstərməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs tərəfindən tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar