Məhkəmə qərarları › İş №3(007)-3916/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3916/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3916/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxsin nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə və qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi – X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/01511 saylı qərarından şikayətçi X1 nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/01511 saylı qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 18701 manat dəyərində valyutanın 45 %-i miqdarında, yəni 8415,45 manat cərimə edilmişdir. X1 nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə qərardan şikayət verərək, Bakı Baş Gömrük İdarəsinin 03 iyul 2023-cü il tarixli, 00100/01511 saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət vermiş şəxsin nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə şikayəti onunla əsaslandırmışdır ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, №00100-01676/23 (EP 0079851) saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, X3 tərəfindən **********0126 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində X2 Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, ümumilikdə milli valyutaya nisbətdə 18701(on səkkiz min yeddi yüz bir) manat təşkil edən 11000 (on bir min) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülməmişdir. Bununla da o, İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cii il tarixli, 00100/01511 saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyutaya nisbətdə 18701(on səkkiz min yeddi yüz bir) manat təşkil edən 11000 (on bir min) ABŞ dollarının 45% məbləğində, yəni milli valyutaya nisbətdə 8415.45(səkkiz min on beş manat qırx beş qəpik) manat məbləğində cərimə tutulması qərara alınmışdır. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cii il tarixli, 00100/01511 saylı qərarı əsassız və qanunsuzdur:

1. İş üzrə materiallardan göründüyü kimi X3 tərəfindən **********0126 sorğu nömrəli gömrük bəyannaməsi üzrə “1 ədəd sökülmüş halda köməkçi avadanlıqları ilə birlikdə daş qıran avadanlıq“ yükü xx.xx.2018-ci il tarixində konsiqnasiya yolu ilə ixrac olunmuşdur.

2. Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 saylı fərmanının 12.2-ci bəndində göstərilir: Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasında müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

3. Göründüyü kimi inzibati xəta hadisəsi malların konsiqnasiya yolu ilə ixrac olunduğu gündən 180 (yüz səksən) gün sonra, yəni xx.xx.2018-ci ildə törədilmişdir. Beləliklə, hüquqpozmanın baş verdiyi tarix xx.xx.2018-ci il tarixdir. Tarixdən də bəlli olduğu kimi hadisənin üzərindən 1 ildən artıq müddət keçmişdir.

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinin tələbinə əsasən, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir.

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/01511 saylı qərarın surəti xx.xx.2023-cü il tarixdə alınmışdır. Yuxarıda qeyd olunanları, İXM-nin 38.1 -ci, 53.1.6-cı və 105.1-ci maddələrini, Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 saylı fərmanının 12.2ci bəndini nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə izahatında bildirdi ki, daş qıran avadanlıq xx.xx.2018-ci il tarixdə Türkiyəyə göndərilmiş, həmin dövrdə bank hesabları bağlı olması səbəbindən pulun köçürülməsi mümkün olmamışdır və həmin mala görə ödənilməli olan pul nəğd şəkildə Türkiyədə şikayətçinin özünə təqdim olunub. xx.xx.2023-cü il tarixdə həmin məktub və pul X3 tərəfindən Heydər Əliyev adına Hava limanının gömrük şöbəsində bəyan edilərək ölkəyə idxal edilmişdir. Əlavə olaraq Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında qərar İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra qəbul edilmişdir. Bütün bunları nəzərə alaraq şikayətin təmin olunmasını, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/01511 saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi – X5 qərarın qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi.. Məhkəmə tərəflərin izahatını dinləyərək və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 00100/01511 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətçi X1 nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməli və X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən iİnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2019-cu il tarixli qərarında qeyd edilir: “......“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Valyuta tənzimi haqqında” Qanun) Azərbaycan Respublikasında valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyət və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquq və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinin 3-cü hissəsində xarici valyuta aşağıdakı kimi müəyyən edilmişdir: a) müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; a) xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxalixrac əməliyyatlarının həyata keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, o cümlədən Qaydalarla tənzimlənir. Qeyd edilməlidir ki, ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı bir neçə dəyişiklik edilmişdir. Belə ki, 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. ......Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.......” Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X3 tərəfindən Bakı Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə xx.xx.2018-ci il tarixdə **********0126 nömrəli gömrük bəyannaməsindən beş ildən çox vaxt keçmişdir. İnzibati xətanın törədildiyi vaxtın xx.xx.2018-ci il olduğunu nəzərə almaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2019-cu ildə başa çatmışdır. BBGİ tərəfində inizbati tənbeh vermə haqqında qərar isə xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati icraat aparılan X1 nümayəndəsi – Bakı şəhəri 04 saylı Vəkil bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 03 iyul 2023-cü il tarixli, 00100/01511 saylı qərarı ləğv edilsin. Barəsində inzibati icraat aparılan X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar