Məhkəmə qərarları › İş №3(007)-393/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-393/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-393/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Ələsgərov Elvin Hidayət oğlunun katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayev tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayev tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın və 06.01.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini, ona qarşı etikadan kənar hərəkətlər etmiş, “Polis haqqında” Qanunun tələblərini kobudcasına pozmuş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı olan Ramin Hacıyev adlı polis kapitanın inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində 06 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis kapitanı X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin gün (06.01.2022-ci il) sonradan adını öyrəndiyi 24-cü Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Ramin Hacıyev uşaqlarının qaldıqları ünvan 1 ünvanının önündə (blokun içində) özünü təqdim etmədən, ona hədə-qorxu gələrək və uşaqlarının önündə (uşaqlar qapının arxasından həm gözlükdən görür həm də eşidirdilər) onunla yüksək səslə və hətta üzərinə bağıraraq və onu itələyərək polis bölməsinə getməyini tələb etmişdir. Adı gedən polis nəfərindən vəsiqəsini tələb etdiyi və ümumiyyətlə hüquqlarını tələb etdiyi vaxt post-patrul xidmətinin əməkdaşlarını çağırmışdır. Hadisə 06 yanvar 2022-ci il tarixdə onun həyat yoldaşı və uşaqlarının müvəqqəti yaşadığı binada baş vermişdir. Özünü təqdim etməyən post-patrul xidmətinin əməkdaşı onu xuliqanlıqda ittiham etmiş, artıq 5 gündür ki, onu axtardıqlarını, lakin tuta bilmədiklərini bildirmişdir. Onunla hörmətsiz və şəxsiyyəti alçaldan formada rəftar edən şəxs qəsdən aralarında xırda mübahisə yaratmışdır. Məsələnin araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vursa da bu həmin “polis əməkdaşları”nın onunla normal vətəndaş kimi rəftar etməsinə səbəb olmamışdır. O, həyat yoldaşı X5 ilə təxminən 2021-ci ilin dekabrın 6-dan etibarən aralarında yaranmış mübahisələrə görə o, hal-hazırda əvvəlki yaşadıqları yerdə yaşamır. Ona bir müddət əvvəl uşaqlarının təhsil aldığı, yəni yanvarın 6-na kimi fiziki olaraq gedib-gəldiyi Bakı şəhəri 210 saylı orta məktəbin direktoru Həqiqət xanım zəng edərək, 214 saylı məktəbin direktorunun ona zəng vurması, uşaqlarının noyabrın 14-dən etibarən elektron portal vasitəsilə 214 saylı orta məktəbə keçirildiyi və nəyə görə uşaqları hələ də öz məktəblərinə buraxdığını bildirmişdir. Direktor onu da qeyd etmişdir ki, uşaqların anası tərəfindən noyabrın 14-də portal vasitəsilə uşaqların məktəbinin dəyişdirilməsini təsadüfən bilmişlər. Bu məsələ onun üçün gözlənilməz olmuşdur, çünki yoldaşı ilə yalnız dekabrın 6-da münasibətlərinin pozulmasına baxmayaraq, o vaxta qədər yoldaşı X5 bu barədə ona məlumat verməmişdir. Direktor ona bildirmişdir ki, yoldaşından xahiş edib ki, uşaqların sənədlərini götürüb digər məktəbə təhvil versin. Daha sonra yoldaşı ilə telefon vasitəsilə danışaraq nəyə görə ondan xəbərsiz uşaqların məktəbinin dəyişdirməsini soruşmuş, danışıqlardan sonra müvəqqəti olaraq uşaqların sənədlərinin 214 saylı məktəbə verilməsi, orada rəsmiləşdirilmə bitdikdən sonra yenidən 210 saylı məktəbə qaytarılmasını yoldaşı ilə razılaşdırmışdır. Razılıqları belə olmuşdur ki, o, gəlib uşaqlarının məktəbinin dəyişdirilməsi barədə ərizələri alıb 214 saylı məktəbə təqdim etsin, sənədləşmə işi bitdikdən sonra yenidən 210 saylı məktəbə qaytarsın. Həmin gün 210 saylı məktəbin direktoru ilə görüşdükdən sonra yoldaşına zəng edərək qısa müddət sonra portalda dəyişiklik etməli olmasını bildirmişdir. Daha sonra telefonda bildirmişdir ki, “ayrılırıqsa sivil şəkildə ayrılaq, lakin bir-birimizə iftiralar etməyək”. Ona qarşı 36-cı Polis Bölməsinə böhtan və iftiralarla şikayət edilməsindən xəbərdar olmuşdur. Buna görə də xahiş etmişdir ki, ərizələri geri götürsün, o da bir şərtlə razılaşmışdır ki, o, uşaqları ondan tələb etməyəcəkdir. O, bununla razılaşmamış, o da əvəzində onun barəsində polis və prokurorluq orqanlarına etdiyi şikayətləri davam etdirəcəyini dedikdə, o da uşaqları gəlib götürəcəyini demiş, o isə buna kəskin münasibət bildirmişdir. Yanvarın 5-də günortadan sonra yoldaşının yaşadığı yerə gələrək uşaqları görmək və həmişə olduğu kimi onları götürmək istəmiş, yoldaşı icazə vermədiyi təqdirdə ona demişdir ki, “bu uşaqlar artıq 1 aya yaxındır ki, səninlə qalır, bundan sonrakı 1 ay da mənimlə qalsın ki, mən də onların tərbiyəsində iştirak edim və ünsiyyətdə olum, daha sonra məhkəmə qərarından sonra məsələni dəqiqləşdirərik”. Daha sonra 06 yanvar 2022ci il tarixində səhər radələrində yoldaşının yaşadığı ünvan 2 ünvanında yerləşən evə gələrək uşaqları görmək və özü ilə aparmaq qərarına gəlmişdir. Məqsədi uşaqların evdə tək və ya anaları ilə olub-olmamasını yoxlamaq, o cümlədən yoldaşı ilə danışaraq məktəb məsələsini həll etmək olmuşdur. Dəfələrlə sakit şəkildə yoldaşına izah etməyə çalışaraq onların hələki rəsmi şəkildə ayrılmadıqlarını və uşaqların onunla da qalmaq hüququnun olduğunu bildirmişdir (uşaqlar artıq 1 aydan çoxdur ki, yalnız anaları ilə qalırdılar). Yoldaşının mənzildən çıxdığını görmüş, ona yaxınlaşaraq uşaqları aparmaq istədiyini bildirsə də yoldaşı onun müraciətlərinə məhəl qoymamışdır. Daha sonra pəncərəyə yaxınlaşaraq uşaqların evdə olub-olmamasını yoxlamaq qərarına gəlmişdir. Uşaqların evdə olduğunu görmüş və xahiş etmişdir ki, “qapını açın, daha sonra hazırlaşın ata ilə gedək”. Uşaqlar analarından icazə aldıqdan sonra gedə biləcəklərini bildirmişlər. O, onlara qapını açmağı və orada ana ilə danışdıqdan sonra gedəcəklərini bildirmişdir. Yenidən qapıya yaxınlaşaraq uşaqların qapını açmasını gözlədiyi vaxt polis əməkdaşı (polis kapitanı), özünü daha sonra Ramin Hacıyev kimi təqdim edən şəxs yaxınlaşaraq nalayiq, kobud, etikadan kənar ifadələr işlədərək onun “camaatı nəyə görə narahat etdiyini” soruşmuş, onu çoxdan axtardığını, onun barəsində “102” xidmətinə 15 dəfə məlumat verildiyini bildirmişdir. Hətta ilk dəfə özünü təqdim etmədən onunla kobud danışdığı vaxt özünü təqdim etməyi tələb etdiyi təqdirdə belə kobud şəkildə bundan imtina etmişdir. Həmin vaxt onun hərəkətlərində heç bir xuliqanlıq hərəkətləri olmadığı təqdirdə onu zorla bölməyə aparmağa cəhd göstərmişlər. Hətta öz ayaqları ilə polis bölməsinə daxil olsa da Ramin Hacıyev onu arxadan itələyərək kobudluğuna davam etmişdir. Həmin vaxt da əməllərində xuliqanlıq hərəkətləri olmadığını, evdə uşaqların olmasını, “Polis haqqında” Qanuna müvafiq olaraq vəsiqəsini təqdim etməli olduğunu izah etsə də onun izahatına məhəl qoyulmamışdır. Polis kapitanı ona fiziki hərəkətlər edərək təkid edərək polis bölməsinə getməli olduğunu bildirmişdir. Həmin kapitan onu itələmişdir, daha sonra ona “Siz”lə yox “Sən” deyə danışmağını qışqıraraq bildirmişdir. Daha sonra, X18 əməkdaşlarını çağırmış və onu məcburən polis maşınına mindirdikdə o, könüllü polis maşınına oturduqda ondan şikayət edəcəyini bildirdikdə “get kimə istəyirsən şikayət elə” demişdir. Eyni zamanda Ramin Hacıyev polis maşınına minərkən ondan ona məxsus mobil telefonunu ona verməyini qışqıraraq tələb etmiş, lakin telefonunu ona verməyəcəyini bildirdikdən sonra bu tələbini dayandırmışdır. Daha sonra polis əməkdaşlarının təkidi ilə post-patrul avtomobilində polis bölməsinə aparılarkən belə dirəniş edərək “102” xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. O, polis şöbəsində olarkən orada növbə dəyişikliyi olmuş, mobil telefonunu növbətçi hissə əməkdaşına vermiş və sonradan o, Ramin Hacıyevi görməmişdir. Oradakı polis əməkdaşlarının ona münasibəti normal olmuşdur. Lakin bir qədər sonra “Nəzər” adlı polis sahə rəisi ona yaxınlaşaraq təhqiredici və aşağılayıcı tonda danışmağa davam etmişdir. Həmin vaxt icazə alaraq ailə üzvlərinə və yaxın dostu X11 zəng edərək, “102” xidmətinə zəng edilərək baş vermiş hadisə barəsində və onunla 24-cü Polis Şöbəsində aşağılayıcı və təhqiramiz formada rəftar edilməsi barədə məlumat verilməsini xahiş etmişdir. Orada olarkən polis əməkdaşlarından biri ona bildirmişdir ki, onun həyat yoldaşının vəkili onun barəsində şikayətlər etmiş, 36-cı bölmədə onun işinə baxılır. Bundan başqa, polis mayoru Yolçuyev Nəzər otaqdan çıxdıqda bir neçə dəfə söyüş və aşağılayıcı tonda təhqiredici ifadələr işlətmiş və onu əsassız olaraq xuliqanlıq hərəkətləri etməkdə ittiham etmiş və onun barəsində xeyli şikayətlərin olduğunu söyləmişdir. Eyni zamanda, ondan nəyə görə həmin mənzilə gəldiyini soruşduqda, uşaqlarını görmək, ünsiyyətdə olmaq və onların təhsili ilə maraqlanmaq üçün gəldiyini, lakin yoldaşının heç bir əsas olmadan onu buraxmadığını bildirmişdir. X20 tərəfindən məcburən gətirildiyini dedikdə, ona deyilmişdir ki, tez-tez polis mayoru Yolçuyev Nəzərə zəng edilərək onun işinin məhkəməyə göndərilməsi xahiş edilir. Yolçuyev Nəzər ona həmçinin bildirmişdir ki, yoldaşının vəkili bir neçə dəfə polisə zəng vurub ondan şikayətlənmişdir. O, isə cavabında yoldaşı tərəfindən şərləndiyini, uşaqlarının evdə tək qaldığını, məktəbə getmədikləri üçün onları götürməyə gəldiyini bildirmişdir. Uşaqlarını götürməyə gəldiyi zaman həmin Ramin Hacıyev adlı polis adına yaraşmayan ona qarşı hərəkətlər etmiş şəxs onu məcburən polis bölməsinə gətirmişdir. Daha sonra həmin Yolçuyev Nəzər ona bildirmişdir ki, “sən uşaqları götürməyə gəldiyini dediyin üçün sənə qarşı preventiv tədbirlər görülməsi üçün polisə müraciət edilmişdir”. Daha sonra onu inandırmağa çalışmışdır ki, izahatında polis şöbəsinə məcburi gətirilməyini qeyd etməməyi gələcəkdə onun “xeyrinə” ola bilər. Bununla da onu bir neçə dəfə inandırmağa çalışmışdır ki, protokola imza edərək səhvini başa düşərək bir daha təkrarlanmayacağını, yoldaşı və uşaqları yaşadığı Qara Qarayev prospekti 76 ünvanına gəlməyəcəyini qeyd etsin. Həmçinin ona “məsləhət görmüşdür” ki, “hələlik uşaqların yaşadığı yerə gəlmə, məhkəmədən sonra gələrsən”. Lakin bu zaman uşaqlarının tək qaldığını, təhsildən ayrıldıqlarını bildirmişdir. Həmçinin vəkilinin iştirakı ilə danışmaq istədiyini bildirsə də polis mayorunun davamlı təkidi və psixoloji təsiri altında həmin protokola imza etməyə məcbur olmuşdur. Protokolu imzalayan vaxt həm yorğun, həm də çox əsəbi olmuşdur. X8 məcburən izahatı istədikləri kimi almışlar, yəni “səhvini başa düşdüyünü və təkrarlanmayacağına” imza etmişdir. Nəzər Yolçuyevin sözünə inanaraq həmin protokola imza etmiş, lakin izahatının surəti istənilsə də verilməmişdir. Ona yalnız protokolun surəti təqdim edilmiş və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməyi aydın olmuşdur. Ona bu maddənin nə məna kəsb etdiyi yüngül bir şeydir deyilərək (yəni cərimənin məbləğinin 50 manat olması) imzaladılmışdır. Onun əməlində heç bir xuliqanlıq hərəkətləri olmamışdır. Həmin mənzilə bir gün öncədən yoldaşı və uşaqları ilə gəlmişdir. Həmin mənzilə 06 yanvar tarixində gəlməyi uşaqlarını görmək, onların tək olubolmamasını yoxlamaq məqsədi ilə olmuşdur. Bundan başqa hadisə baş verdiyi binada yaşayan sakinlərdən heç birinin onun barəsində şikayəti olmamış, yalnız yoldaşının (və onun vəkili Leyla Əkbərovanın) müraciəti əsasında məcburi olaraq polis bölməsinə aparılmışdır. Göründüyü kimi baş verən hadisələr əvvəlcədən planlaşdırılmış, ona polis əməkdaşlarının 5 gündür “səni axtarırıq” deməsi, bu təxribatın öncədən qərəzli şəkildə hazırlandığını göstərir. Onun 5 gündür axtarışda olmağı bildirilsə də bunun səbəb və əsasları barədə heç bir sübut göstərilməmişdir. Onunla adı getdiyi 5 gün ərzində nə mobil telefonu vasitəsi ilə, nə də ki, yaşadığı yerə heç bir məktub göndərilməmişdir. Yuxarıda qeyd olunan protokolda onun adından “bir daha bu cür hərəkətlər etməyəcəm” qeyd edilsə də halbuki, onun tərəfindən belə bir razılıq ifadəsi işlənilməmişdir. Tərəfindən 15 yanvar 2021-ci il tarixdə inzibati xətaya görə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surətinin təqdim edilməsi barədə Nizami RPİ-nin 24-cü PŞ-yə yazılı şəkildə müraciət edilmişdir. Digər tərəfdən, polis şöbəsindən sərbəst buraxıldığı zaman ona yalnız Nizami RPİ-nin 24-cü PŞ-nin polis kapitanı X10 tərəfindən tərtib edilmiş 06.01.2022-ci il tarixli,1348953 saylı inzibati xəta haqqında protokol təqdim edilmişdir. Bir neçə dəfə israr etməyinə baxmayaraq ona izahatının kserosurəti və inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surəti təqdim edilməmişdir. Daha sonra bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlayaraq ona tətbiq edilmiş cərimənin silinməsi məqsədilə məhkəməyə müraciət etmək istədiyini, buna görə də qərarın da surətinin ona təqdim edilməsini xahiş etmişdir. Tərəfindən ilk dəfə müraciət edilərkən inzibati tənbeh vermə haqqında qərarın və izahatının surətləri təqdim edilə bilinməmişdir. Lakin qərarın surəti ona təqdim edilmədiyi üçün tərəfindən 15 yanvar 2021-ci il tarixdə inzibati xətaya görə inzibati tənbeh tətbiq edilməsi barədə qərarın surəti və izahatının kserosurətinin təqdim edilməsi barədə Nizami RPİ-nin 24-cü PŞ-yə yazılı şəkildə müraciət edilmişdir. Bundan başqa 06 yanvar 2022-ci il tarixdə və ondan sonra, eləcə də 15 yanvar 2022-ci il tarixdə tərəfindən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng vuraraq ona qarşı haqsızlıq olması, xüsusilə də barəsində tərtib edilmiş inzibati tənbeh verilməsi haqqında qərarın surətinin verilməsini xahiş etsə də həmin qərar təqdim edilməmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi tərəfindən 22.01.2022-ci il tarixli, 089-795 91-3222 saylı məktubla, nümayəndə və Vəkil inzibati xəta haqqında 06.01.2022-ci il tarixli, MN ******* saylı protokolla yanaşı, inzibati tənbeh vermə haqqında MN1046497 saylı qərarın və izahatının kserosurətləri təqdim edilmişdir. Bununla da, tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qərəzli şəkildə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ tərəfindən gec təqdim edilməsini məhkəmə tərəfindən üzrlü qəbul edilərək, şikayətinə müvafiq düzəlişlər edilərək və zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada baxılmasını, o cümlədən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinin MN ******* saylı, 06 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məqsədəmüvafıq sayır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X9 və onun müdafiəçisi Vəkil şikayəti müdafiə edərək məznununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X10 bildirmişdir ki, X4 həyat yoldaşı X5 16.12.2021-ci il tarixdə “102” Xidmətinə zəng edərək Saleh Məmmədovun 11 yaşlı oğlu Məmmədli Riadı avtomobilə əyləşdirərək aparması barədə məlumat vermişdir. Xeyri Məmmədova 17.12.2021-ci il tarixdə şöbəyə gələrək həmin məlumatla bağlı ərizə yazmışdır. 05.01.2022-ci il tarixdə Xeyri Məmmədova yenə DİN-nin “102” Xidmətinə zəng edərək Saleh Məmmədovun onun yaşadığı ünvana gələrək onu və uşaqları narahat etməsi barədə məlumat vermiş, şöbəyə gələrək həmin məzmunda ərizə yazmış və onun izahatını almışlar. 06.01.2022-ci il tarixdə də Xeyri Məmmədova DİN-nin “102” Xidmətinə zəng edərək Saleh Məmmədovun onun yaşadığı ünvana gələrək səs-küy saldığını, dəmir barmaqlığa çıxıb evə boylanaraq narahat etdiyini bildirmişdir. Polis əməkdaşları Xeyri Məmmədovanın yaşadığı ünvana yaxınlaşaraq Saleh Məmmədovu şöbəyə dəvət etmişlər. Saleh Məmmədov şöbəyə gəlmək istəməmiş, polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Sonra onu şöbəyə gətirmişlər. X12 ailə dəyərləri barədə söhbət etmişlər, qanunvericiliyin tələblərini izah etmiş, onun izahatını almış və barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Saleh Məmmədov protokolu imzalamışdır. Protokolun surətini Saleh Məmmədova təqdim etmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru N.S.Yolçuyev tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 06.01.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, S.Məmmədov 06.01.2022-ci ildə həyat yoldaşı X2 yaşadığı ünvana gedərək onu narahat etmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayev tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. - DİN-nin ƏÇPA-nın 5-ci PB-nün polis nəfərləri X.Nəcəfov və O.Əliyev tərəfindən Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayevə ünvanlanmış raportdan görünür ki, 06.01.2021-ci il tarixdə saat 08:35 radələrində xidmət apardıqları inzibati ərazidə Q.Qarayev 74 ünvanına kəmərli 2-nin göstərişi ilə yaxınlaşıb bir nəfər şəxsi 24-cü PŞ-nə dəvət etmişlər. PŞ-də məlum olmuşdur ki, həmin şəxs X6r. Həmin şəxs barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. - Bakı şəhər Baş Polis İdarəsi tərəfindən X7 ünvanlanmış 24.01.2022-ci il tarixli, 044- 1584M-4222 nömrəli məktubdan görünür ki, X14 RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Ramin Hacıyev tərəfindən şöbəyə aparılaraq təhqirə, təzyiqə və hədə-qorxuya məruz qalması barədə Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə ünvanladığı müraciətə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baxılmışdır. Araşdırma zamanı keçmiş həyat yoldaşı X2 müraciəti ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-də müvafiq araşdırma aparılmış Saleh Məmmədovun əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yarandığı üçün barəsində 50 manat məbləğində cərimə tətbiq edildiyi müəyyən edilmişdir. Aparılmış xidməti yoxlama nəticəsində Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Ramin Hacıyev tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə göstərilən xüsusatlar təsdiqlənməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə iclasında X4 06.01.2022-ci il tarixdə ictimai qaydanı pozan hərəkətlər etməsinə dair hər-hansı bir sübut təqdim edilməmişdir. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. X9 tərəfindən 06.01.2022-ci il tarixdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edilməsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı Ramin Hacıyevin inzibati məsuliyyətə cəlb edilməsinə dair məsələ ilə bağlı qeyd edir ki, belə əsaslar olduqda, tabeçilik qaydasında yuxarı orqana müraciət edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət 06.01.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşı Ramin Hacıyevin inzibati məsuliyyətə cəlb edilməsinə dair hissədə təmin edilməməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X9 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayev tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi S.Qarayev tərəfindən qəbul edilmiş 06.01.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar