Məhkəmə qərarları › İş №3(007)-3930/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3930/2024

02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3930/2024 02.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş orqanın-Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş edilmiş 30.07. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs olaraq vergi orqanında 2014-cü ildə qeydiyyatdan keçməklə fərdi olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində diş texniki olaraq fəaliyyətə başlamışdır və 2020-ci ilin mart ayına qədər fəaliyyət göstərmişdir. Bundan sonra özünə fərdi olaraq ünvan 1 ünvanını obyekt kimi almış və fəaliyyətini orada davam etdirmişdir. O, vergidə qeydiyyatdan keçərkən ona Səhiyyə Nazirliyindən lisenziya və ya hər hansı bir icazə alınmalı olduğunu bildirməmişlər. Lakin 14 iyun 2024-cü il tarixdə vergi orqanının əməkdaşları obyektinə baxış keçirməyə gəlmişlər və o, həmin əməkdaşlara şərait yaratmışdır. Daha sonra həmin əməkdaşlar ondan izahat almışlar. Bir müddət sonra onu Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzinə dəvət etmişlər və o, oraya gedərkən məlum olmuşdur ki, vergi orqanının əməkdaşları barəsində protokol tərtib edərək Səhiyyə Nazirliyinə göndərmişlər. Orada yenidən onun izahatı alınmış, nəhayət 09 avqust 2024-cü il tarixdə ünvanına məktub daxil olmuşdur. Həmin məktubda qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyi tərəfindən lisenziyasız fəaliyyət göstərməyi ilə əlaqədar İXM-nin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. Lakin o, İnzibati Xətalar Məcəlləsinə baxarkən müəyyən etmişdir ki, Səhiyyə Nazirliyi onu vəzifəli şəxs olaraq inzibati cərimə etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Qanunu bilməmək onu məsuliyyətdən azad etmir, lakin onun vergi orqanında qeydiyyatdan keçməsi ilə bağlı şəhadətnaməsindən də görünür ki, o, fiziki şəxs kimi fəaliyyət göstərir. Hansı səbəbə onu vəzifəli şəxs olaraq inzibati cərimə etmişlər. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Halbuki, o, nə rəhbər şəxs deyil, nə də ki işçisi yoxdur. O, faktiki olaraq vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçmiş və bu barədə vergi şəhadətnaməsində qeydlər aparılmışdır. Hesab edir ki, Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılarkən düzgün və obyektiv araşdırma aparılmamış və o, vəzifəli şəxs olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Ona görə də hesab edir ki, Səhiyyə Nazirliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, işə yenidən baxılması üçün Səhiyyə Nazirliyinə geri qaytarılmalıdır. Hazırki qərar ona poçt zərfində göründüyü kimi xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Ona görə də qərardan şikayət vermə müddətini ötürməmişdir. Həmin zərfin surətini şikayət ərizəsinə əlavə etmişdir. Qeyd olunanları nəzərə alıb, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, işə yenidən baxılması üçün Səhiyyə Nazirliyinə geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli qərarına əsasən o, vəzifəli şəxs hesab olunmur. Məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, işə yenidən baxılması üçün Səhiyyə Nazirliyinə geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, X2 eyni məzmunda şikayəti Səhiyyə Nazirliyinə də daxil olmuşdur və araşdırma aparılmışdır. İlkin Əzimli Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini mübahisələndirmir, hesab edir ki, o, vəzifəli şəxs olmadığından 5000 manat məbləğində cərimə olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X2 vəzifəli şəxs olaraq barəsində qəbul edilmiş inzibati tənbeh tədbiri qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Diş texniki” adlı obyektdə fərdi sahibkar X4 tərəfindən lisenziya olmadan özəl tibb fəaliyyəti (stomotoloji) göstərilməsi faktı aşkar olunmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 210.1-ci maddəsi ilə tövsif edilmiş və vəzifəli şəxs olaraq cərimə olunmuşdur. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar