Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3934/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 18 iyul 2023-cü il tarixdə Nizami rayonu, Heydər Əliyev prospekti 96A ünvanında yerləşən Şəxs MMC-də keçirilən yanğın-texniki müayinə zamanı obyektdə YTQ-nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 məhkəməyə etiraz ərizəsi göndərərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, Azərbaycan Respublikası FHN DYNX tərəfindən Şəxs MMC-də xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində yanğın təhlükəsizliyi sahəsində plan üzrə (növbəti) yoxlama aparılması qeyd olunmuşdur. Protokolun və ona əlavə olunan sənədlərin (xx.xx.2023-cü il tarixli Yanğın texniki müayinənin aparılması haqqında xx.xx.2023-cü il tarixli, 4544 nömrəli qərar, Yanğın texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə xx.xx.2023-cü il tarixli, 4544 nömrəli qərar, xx.xx.2023-cü il tarixli Yanğın texniki müayinə aktı və s..) məzmunundan görünür ki, ünvan 2 ünvanında yanğın texniki müayinə aparılmış və müayinə nəticəsində “obyektin icarəyə götürülmüş hissəsinin odsöndürən balonlarla təmin olunmaması, mövcud olan döşəmə örtüklərinin döşəməyə bərkidilməməsi, obyektdə mövcud olan yanğın xəbərverici siqnalizasiya sisteminin nasaz vəziyyətində olması, obyektin icarəyə götürülmüş hissəsinin dəhlizinin bütövlükdə yanar konstruksiyalı materiallar olan lambirlə üzlənməsi” kimi pozuntuların aşkar olunması qeyd edilmiş və dərhal aradan qaldırılması tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası FHN DYNX tərəfindən aparılmış yoxlama qanunvericiliyin imperativ tələblərinə zidd olduğu üçün qanuni və etibarlı sayıla, hər hansı bir hüquqi nəticə yarada bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsində həmin Qanunda istifadə olunan anlayışlar, 3-cü və 4-cü maddələrində yoxlamaların qanuniliyi və yoxlamaların məqsəd və prinsipləri, 9-cu maddəsində sahibkarların risk qrupları üzrə bölgüsü, 15-ci maddəsində plan üzrə (növbəti) yoxlama aparılması əsasları təsbit edilmişdir. Hazırkı halda FHN DYNX tərəfindən aparılmış yoxlama Qanunun istinad olunan normalarına uyğun deyildir. Qanuna görə yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarlarının həmin yoxlayıcı orqan tərəfindən hazırlanmadığına və müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən təsdiq edilmədiyinə görə həmin yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlama aparıla bilməzdi. Qanuna görə yoxlayıcının qeyd olunan şərtlər daxilində yoxlama aparmasının qeyri-mümkün və qadağan olunmasını nəzərə alsaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış verilməsi və yoxlamanın qeydə alınmasında ifadə olunan hərəkəti qanunamüvafiq hesab oluna bilməz. İstinad olunan hallar Qanunun 3-cü maddəsinin tələblərinə görə yoxlayıcının apardığı yoxlamanın qanuniliyinə müstəsna dərəcədə təsir edir, Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığına görə yoxlamanın hüquqi nəticəsini aradan qaldırır, bu cür yoxlamanın gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməməsini müəyyən edir. Başqa sözlə, həmin qanunla MMC-də yoxlama aparılması qadağan edilmiş olur, aparılsa belə nəticələri tanınmır və inzibati məsuliyyətə cəlb edilməsi və ya təqsirli sayılması istisna edilir. Beləliklə, yoxlayıcının apardığı yoxlamanın, onun nəticəsində tərtib etdiyi sənədlərin (o cümlədən inzibati xəta haqqında protokolun) qanunsuz olması və heç bir hüquqi nəticəyə səbəb olmaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3cü, 9.5 və 9.8-ci maddələrinin tələbləri baxımından işin mübahisəsiz halıdır. Qanunsuz aparılmış yoxlama nəticəsində əldə edilmiş sübutlar və tərtib edilmiş protokol da qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 6-cı (qanunçuluq prinsipini) və 76-cı (sübutlar) maddələrinin tələblərini nəzərə alsaq, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir və həmin sübutlar əsasında şəxsin inzibati xəta törədilməsində təqsirli bilinməsi və ona tənbeh verilməsi qeyri-mümkündür. Hesab edirik ki, məhkəmə hazırkı inzibati xata haqqında protokola baxarkən, yuxarıda istinad olunan normalarla yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin (İnzibati məsuliyyətin əsasları), 8-ci maddəsinin (təqsirsizlik prezumpsiyası prinsipi), 12-ci maddəsinin (İnzibati xəta anlayışı), 53-cü maddəsinin (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar), 75-ci maddəsinin (İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar), 105-ci maddəsinin (İnzibati xəta haqqında işin icraatına xitam verilməsi), 114.1.4-cü və 114.2-ci maddələrinin tələblərini nəzərə almaqla, Şəxs MMC barəsində başlanılmış icraata inzibati xəta hadisəsinin, inzibati xəta tərkibi olmaması, inzibati xəta törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsasları ilə xitam verilməlidir. Bundan başqa, Şəxs MMC-nin təqsirsizliyini şübhə altına qoymamaq şərtilə əlavə olaraq bildiririk ki, Qanunun 4.1-ci maddəsinə əsasən yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Normanın məzmunundan göründüyü kimi yoxlayıcı orqanın vəzifəsi təkcə sahibkar barəsində (bu halda Şəxs MMC) inzibati məsuliyyət tədbirlərini tətbiq etməkdən ibarət deyil, eyni zamanda onun əməlində hüquq pozuntusu olsa belə baş vermiş və ya verə biləcək pozuntunun aradan qaldırılmasına köməklik göstərməkdir. Sözügedən normanın hüquqi təbiətini inzibati xətalar qanunvericiliyinin müvafiq normaları ilə əlaqələndirsək görərik ki, yoxlayıcı orqan sahibkar barəsində hazırkı protokolu tərtib etməzdən əvvəl Qanunun 4.1-ci maddəsində nəzərdə tutulmuş məqsədə nail olmaq üçün qanunvericiliklə ona verilmiş səlahiyyətlər daxilində tədbirlər görə bilərdi. Belə ki, 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 (bir) il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 518.1-ci və digər maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Məcəllənin 116.2-ci maddəsinə görə isə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət 1 (bir) ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq 1 (bir) aydan 2 (iki) ayadək müəyyən olunur. Məcəllənin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Göründüyü kimi, sözügedən norma preventiv (qabaqlayıcı) xarakter daşımaqla bir tərəfdən həm yoxlayıcı orqana, digər tərəfdən Şəxs MMC-yə Qanunun yuxarıda qeyd olunan məqsədinə çatmaq imkanı verir. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, yoxlayıcı orqan qanunvericiliklə ona verilən hüquqdan lazımi qaydada istifadə etməmiş və nəticədə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etməklə kifayətlənmişdir. Bundan başqa, Şəxs MMC ilə "xxxx" ASC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, i 18/20 nömrəli icarə müqaviləsinin 1.2-ci maddəsinə əsasən, icarə obyekti, ünvan 3 ünvanında yerləşən 30 kv.m. idman zalıdır. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixli yanğın-texniki müayinə aktında müqavilə üzrə icarə sahəsinə aid olmayan sahədə yerləşən döşəmə örtüklərinə görə və ümumi istifadəyə aid olan dəhliz sahəsinin lambirlə üzlənməsinə görə nöqsanların Şəxs MMC-yə aid edilməsi qanunamüvafiq deyildir. Qeyd olunanlarla yanaşı məhkəmənin diqqətini ona cəlb etmək istərdik ki, "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən "xxxx" QSC BOKT-nın "xxxx" ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "xxxx" ASC) mülkiyyətinə (balansına) verilmişdir. Bildiririk ki, "xxxx" ASCnin bütün səhmləri dövlətə məxsusdur. Əlavə olaraq bildiririk ki, "xxxx" ASC-nin mülkiyyətinə verilmiş bəzi dövlət əmlaklarının idarə edilməsinin təmin edilməsi məqsədilə Şəxs MMC yaradılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin X5 şöbəsinin inspektoru X4 tərtib olunmuş protokola uyğun izahat verərək Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 məhkəməyə təqdim olunan etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yoxlama zamanı aşkara çıxarılmış nöqsanlar aradan qaldırılmışdır, bununla bağlı fotoşəkillər təqdim olunur. Məhkəmədən Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin 13 iyul 2023-cü il tarixli, 4544 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 69A ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə 12 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək - Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 4.1-4.17, Sual 251); Təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 5.-5.6, Sual 252); Elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyəti (YTQ № 01-2001 bənd 6.1-6.10, Sual 253); Yanğına qarşı su təchizatına dair tələblər (YTQ № 01-2001 bənd 8.1- 8.8, Sual 255); Yanğın baş verdiyi hallarda insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiyası qurğularına olan tələblər) (YTQ № 01-2001 bənd 9.1-9.12, Sual 256); Yanğın avadanlığı və ilkin yanğın söndürmə vasitələrinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri (YTQ № 01-2001 bənd 10.1-10.4, Sual 257); Ticarət, ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazaların və anbarların ərazisinin yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılması (YTQ № 03-2002 bənd 2.1-2.1.9, Sual 259); Ticarət, ictimai iaşə müəssisələrində, yarmarkalarda, bazalar və anbarlarda yanğın avtomatikası qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.1-3.16.8, Sual 261- planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidmətinin 3-cü ərazi X5 İdarəsinin əməkdaşları tərəfindən 19 iyul 2023-cü il tarixdə tərtib edilmiş 4544 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 92 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə keçirilən yoxlama zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: Obyektin icarəyə götürülmüş hissəsi od söndürən balonlarla tam təmin edilməmişdir (YTQ 01-2001 bənd 10.4); Obyektdə mövcud olan yanğın xəbərverici siqnalizasiya sistemi nasaz vəziyyətdədir (YTQ 01-2001 bənd 9.3); Obyektin icarəyə götürülmüş hissəsinin dəhlizi bütövlüklə yanar konstruksiyalı material olan lambirlə üzlənmişdir (YTQ 01-2001 bənd 4.4); Obyektin icarəyə götürülmüş hissəsində mövcud olan döşəmə örtükləri döşəməyə möhkəm bərkidilməmişdir (YTQ 01-2001 bənd 5.6). - xx.xx.2020-ci il tarixli, i18/20 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən 30 m2 idman zalı icarəyə verən "xxxx" ASC tərəfindən icarəçi "xxxx" MMC-nə icarəyə verilmişdir. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən yoxlama zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3934/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3934/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver