Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3937/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Zaqatala rayonunda anadan olmuş, Zaqatala rayonu, Qazangül qəsəbəsi, S.Ə.Şirvani küçəsi nömrəsiz evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən 17 dekabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “X5” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində poladəridənin köməkçisi vəzifəsində işləmiş Zərərçəkmiş şəxs metal tökmə sahəsində metal konstruksiyaların sobaya atılması işinin aparılması zamanı "xxxx" MMC-də sahənin növbə rəisi vəzifəsində çalışan təmirçi-çilingər Şəxs tərəfindən yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlarının olmasının qarşısını alan tədbirlər görməməsi və yükün yerdəyişməsində müvafiq uzunluqda qarmaq və dartıcı burazların istifadə edilməsini təmin etməməsi səbəbindən kranla qaldırılmış yükün bərkidildiyi qarmağın qırılması ilə dəmir parçasının Zərərçəkmiş şəxs ayağına düşməsi nəticəsində sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarət almışdır. Bu barədə Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərarın məzmununa uyğun izahat vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Vəkil məhkəməyə vəsatət verərək, 3(007)-3937/2023 nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “X5” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) istehsal müəssisəsində metal konstruksiyaların sobaya atılması işinin görülməsi zamanı metal parçanın Zərərçəkmiş şəxs üzərinə düşməsi və nəticədə onun xəsarət alması faktı barədə Bakı şəhəri Nizami rayon prokurorluğuna məlumat daxil olmuşdur. Həmin məlumat əsasında rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Cavad Kürəbəyov tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Yoxlama zamanı, həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “X5” ASC-nin istehsal müəssisəsində metal konstruksiyaların sobaya atılması işi aparılarkən ASC-nin sahənin növbə rəisi vəzifəsində çalışan təmirçiçilingəri Şəxs kranla yük qaldırılarkən yükün yaxınlığında adamlar olmamasını təmin edən tədbirlər görməmiş və yükün yerdəyişməsində müvafiq uzunluqda qarmaq və dartıcı burazların istifadə edilməsini təmin etməmişdir. Bu zaman yükün krana bərkidildiyi qarmaq qırılmış, dəmir parçası Zərərçəkmiş şəxs ayağına düşmüş və nəticədə sonuncu sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarət almışdır. Təsvir edilən əmələ görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirləndirilmiş və barəsində Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati qərar qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İlk növbədə qeyd edilməlidir ki, baş vermiş hadisə üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh rədd qərarı qəbul edildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən, İXM-in 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən 1 ildən artıq olmamalıdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından göründüyü kimi, hadisə xx.xx.2021-ci il tarixdə baş vermişdir, hadisəyə dair yoxlamanın nəticəsi üzrə rədd qərarı isə və xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə inzibati qərar qəbul edilmişdir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulması inzibati xətasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bildiyi halda, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar 4 aydan xeyli müddət keçdikdən sonra qəbul edilmişdir. Rədd qərarı qəbul edildiyi halda belə, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmə müddəti Məcəllənin 38.1-ci maddəsində müəyyən edilmiş 4 aylıq müddət nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən 4 aydan artıq olmamaqla inzibati qərar qəbul edilməli idi. Bu isə ona işarə edir ki, inzibati qərar İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra qəbul edilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən 38-ci maddədə nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. İXM-in 114.2.1ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmalıdır. İnzibati qərarda inzibati xətanın mahiyyəti aydın təsbit edilməmişdir. Qeyd edilənlərlə yanaşı bildirilməlidir ki, hətta inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatmasaydı belə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməli idi. Çünki inzibati qərardan görünmür ki, Şəxs (təmirçiçilingərə) hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etmək vəzifəsi həvalə edilmişdir və o, hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5 və 100.1.4-cü maddələrinin mənasına görə inzibati qərarda inzibati xətanın mahiyyəti göstərilir. İnzibati xətanın mahiyyətinin inzibati qərarda göstərilməməsi, yəni Şəxs üzərinə hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət etmək vəzifəsinin qoyulmasının, onun tərəfindən hansı texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarının pozulmasının əks olunmaması ona işarə edir ki, inzibati qərar düzgün tərtib olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Odur ki, inzibati qərar düzgün tərtib edilmədiyindən ən azından hakim tərəfindən inzibati qərarın prokurora qaytarılması barədə qərardad qəbul edilməlidir. Texniki tələblərin hazırda qüvvədə olması, Şəxs texniki tələblərlə tanış olması və onun sahə növbə rəisi olması sübuta yetirilməmişdir. Qeyd edilənlərlə yanaşı, iş materiallarında olan əməyin təhlükəsizliyinin tədqiqi sahəsində xx.xx.2023-cü il tarixli, 10/4035 nömrəli ekspertiza rəyindən görünür ki, yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar olduğu halda, yükün yerdəyişməsinin həyata keçirilməsinə görə Dövlət dağmədən texniki nəzarət Komitəsinin xx.xx.2004-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları"nın 9.5.18-ci bəndinin "f" abzasının (yüklərin yerdəyişməsi, onların altında adam olduqda aparılmamalıdır) və 9.5.19-cu bəndinin "d" və "f" abzaslarının (yükqaldırıcı kranla yük qaldırılarkən yükün yaxınlığında adamlar olmamasının təmin edilməsi üçün tədbirlər görülməsi və yükün yerdəyişməsində müvafiq uzunluqda qarmaq və dartıcı burazların istifadə edilməsinin təmin edilməsi) tələblərinin (bundan sonra - "Texniki Tələblər") həmin işə rəhbərlik edən şəxs tərəfindən pozulması göstərilmişdir. Buradan belə ehtimal etmək olar ki, prokuror qeyd edilən texniki tələbin pozuntusunda Şəxs təqsirləndirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, nə texniki tələblərin hazırda qüvvədə olması, nə Şəxs həmin texniki tələblərlə tanış olması, nə də onun sahə növbə rəisi olması sübuta yetirilmişdir. Halbuki, Konstitusiyanın 149-cu maddəsinin mənasına görə qüvvədə olan normativ sənədlərin tətbiq və icrası fiziki və hüquqi şəxslər üçün məcburi qüvvəyə malikdir, qüvvədə olmayan normativ sənədlərin tətbiq və icrası məcburi deyildir. Digər tərəfdən, Konstitusiyanın 72-ci maddəsinin 3-cü hissəsinin mənasına görə qanunlardan başqa, digər aşağı hüquqi qüvvəli normativ sənədləri bilməmək şəxsi məsuliyyətdən azad edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməli, yəni sübut edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin hallar isə iş üzrə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Baş vermiş hadisə hər hansı bir hüquq pozuntusu yaratmayan təsadüfi hadisədir. Nəhayət qeyd edilməlidir ki, Texniki Tələblərdən göründüyü kimi, kran işləyərkən kranın qolunun altında adamların olmasına yol verilmir. Texniki tələblərdən isə görünmür ki, kran işləyərkən kranın yaxınlığında adamların olmasına yol verilmir. Həm inzibati qərardan, həm də onun əsaslandığı iş materiallarından görünür ki, kran işləyərkən adamlar kranın qolunun altında deyil, yaxınlığında olmuşdur. Kran işləyərkən adamların kranın qolunun altında deyil, yaxınlığında olması texniki tələblərin pozuntusu olmadığından Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi də müəyyən edilmir. Bu səbəbdən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim olunmuş vəsatətə uyğun izahat verərək, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 497 saylı rəyinin nəticə hissəsindən görünür ki, vət. N.İ.Nağıyevdə aşkar olunmuş – sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı – bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə alınması istisna olunmur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2023-ci il tarixli, 10/4035 saylı rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı Qaydaları”nın 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 4 ünvanında yerləşən “X5” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində konstruksiyaların sobaya atılması işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə və yükün yerdəyişməsində müvafiq uzunluqda qarmaq və ya dartıcı burazların istifadə edilməsini təmin etmədiyinə görə, «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.18 (“f” abzasının) və 9.5.19 (“f” və “d” abzaslarının) bəndlərinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). ünvan 4 ünvanında yerləşən “X5” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində konstruksiyaların sobaya atılması işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamlar (konkret halda Zərərçəkmiş şəxs) olmasına baxmayaraq, həmin yükün yerdəyişməsini həyata keçirdiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”-nın 9.5.19 (“j” abzasının) bəndinin tələbləri hadisə ərəfəsində kranı idarə edən şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər) - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyindən topalnmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən “X5” MMC-nin balansında olan fasonlu hissələrin metal tökmə sahəsində konstruksiyaların sobaya atılması işinin aparılması zamanı yükqaldırıcı kranla qaldırılmış yükün yaxınlığında adamların olmasının qarşısını alan tədbirlər görmədiyinə və yükün yerdəyişməsində müvafiq uzunluqda qarmaq və ya dartıcı burazların istifadə edilməsini təmin etmədiyinə görə, «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.18 (“f” abzasının) və 9.5.19 (“f” və “d” abzaslarının) bəndlərinin tələbləri həmin işin görülməsinə rəhbərlik etmiş Şəxs tərəfindən pozulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilsə də inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, hadisənin törədildiyi xx.xx.2021-ci il tarixdən 1 ildən artıq müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyindən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3937/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3937/2023
25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver