Məhkəmə qərarları › İş №3(007)-3946/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3946/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3946/2023 17.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 08:47 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində idarə etdiyi “KİA RİO” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər BPİ DYPİ-nin YPX inspektoru, polis baş serjantı S.İ.Əlimanov tərəfindən xx.xx.2023-cü il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, protokolda qeyd edilən tarixdə Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşları tərəfindən hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səhər saat 07:00-dan sonra özünə məxsus “KİA RİO” markalı nəqliyyat vasitəsini idarə edərkən saxlanılmış, saxlanıldıqdan sonra onun spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Alkotester vasitəsilə müayinə keçirilmiş və nəticədə onun qanındakı spirtin miqdarının 0,397 olduğu müəyyən olunmuşdur. Qandakı spirtin miqdarı müəyyən olunmuş normadan yüksək olduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxsin özü də protokolu imza etmiş və şəxsən öz əli ilə izahat yazaraq qeyd etmişdir ki, həqiqətən də spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etmişdir, həkimə getməyə ehtiyac yoxdur və bir daha spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyinə söz vermişdir. Daha sonra ona məxsus nəqliyyat vasitəsi ondan alınaraq duracağa yerləşdirilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edilməsində hər hansı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin özü də izahatında spirtli içki qəbul etdiyini etiraf etmişdir, spirtli içki qəbul etməmişdirsə içkili olduğunu yazmazdı. Şəxs məhkəməyə akt təqdim etmişdir ki, burada vaxt məsələsinə diqqət yetirmək lazımdır. O, ilk alkotester müayinəsindən saat 07:32-də keçmiş, həkim müayinəsindən 12:05-də keçmişdir. Yəni ilk müayinədən 5 saata yaxın müddət keçdikdən sonra keçmişdir. Bu məsələ ilə bağlı Respublika Narkoloji Mərkəzin məhkəmələrə ünvanlanmış rəyi vardır ki, orada qeyd edilir ki, qanda spirtin miqdarı 1 saatda 0.2 promil aşağı düşə bilər. Bu isə orqanizmin sağlamlığından asılıdır. 4-5 saatdan sonra şəxsdə alkoqolun miqdarı aşağı düşərək sərxoş olmadığı müəyyən oluna bilər. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 8-də işdən çıxıb evə getmişdir. Sonra həyat yoldaşını işə aparmış, evə geri qayıdan zaman Nizami Rayon Məhkəməsinin qarşısındakı dairədən keçib “Planet” şadlıq sarayı istiqamətində hərəkət etmişdir. Bu vaxt YPX əməkdaşları onu saxlamışlar. YPX əməkdaşı ona dönmə işığını nəyə görə yandırmadığını soruşduqda dairəyə daxil olduğunu, dairəyə daxil olan zaman düz getdiyinə görə dönmə işığını yandırmağa ehtiyac olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı ona arxa stopunun qırıq olduğunu və YPX avtomobilinə əyləşməsini bildirmişdir. YPX əməkdaşı qara rəngli alkotesterlə onun içkili olub-olmamasını yoxlamış və sərxoşluq dərəcəsinin 0.4 promil olduğunu, yəni içkili olduğunu, həkimə getməli olduğunu bildirmişdir. O, içki içmədiyini bildirmişdir. Belə hadisə onun başına ilk dəfə gəldiyi üçün həkim müayinəsindən harada keçməli olduğunu bilməmişdir. Digər YPX əməkdaşı onun avtomobilinə əyləşmiş və onun avtomobilini 25-ci PŞ-nin köhnə binasının yanına sürmüş və müayinədən orada keçəcəyini bildirmişdir. Polis əməkdaşları ondan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini tələb etmişlər. O, növbədən çıxdığı üçün yorğun olmuş və müayinə tez yekunlaşsın deyə sənədləri tərəddüd etmədən vermişdir. Polis əməkdaşları müayinənin nəticəsinin müsbət olması təqdirində işinin daha da ağır olacağı, həkimdə Xəzər TV-nin çəkiliş apardığını və məsələnin yerində həll etməklərinin daha yaxşı olacağını bildirmişlər. O, içki içmədiyini, 3 gün qabaq içki içdiyini bildirdikdə Samir adlı YPX əməkdaşı ona 3 gün qabaq içsə də alkotesterin nəticəsində sərxoşluğun çıxa biləcəyini dedikdə inanmışdır. Bundan sonra onların diktə etdikləri məzmunda izahat yazmış və qol çəkmişdir. O, avtomobilini duracağa yerləşdirməməsini və sənədlərini vermələrini xahiş etdikdə polis əməkdaşları ona narahat olmamasını, avtomobilini 15 dəqiqəyə duracaqdan çıxaracaqlarını bildirərək avtomobilini duracağa yerləşdirmişlər. 30 dəqiqə sonra duracağa nəzarət edən şəxs ona Badamdardda olan idarəyə getməyi və oradakı otaqlardan birində 800 manat ödədikdən sonra avtomobilini oradan çıxara biləcəyini bildirmişdir. 15-20 dəqiqə gözlədikdən sonra polis əməkdaşları gəlmişlər. O, polis əməkdaşlarından nəyə görə belə hərəkət etdiklərini soruşduqda, onlar ona videonun olduğunu və kimə istəyirsə şikayət edə biləcəyini demişlər. Bundan sonra o, həkim müayinəsindən keçmək üçün Narkoloji Mərkəzə müraciət etmişdir. Polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini vermədiyi üçün həkim müayinəsinə xarici pasportunu təqdim etmiş və müayinə nəticəsində sərxoşluq dərəcəsi 0 promil çıxmışdır. Onun şəxsiyyət vəsiqəsini 3 gün sonra qaytarmışlar. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 07:46-da müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “həkimə ehtiyac yoxdur, xahiş edirəm məni nəzərə alın, söz verirəm bir də spirtli içki qəbul edib nəqliyyat vasitəsini idarə etməyəcəyəm” məzmunda izahat yazmışdır. - Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:32-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,397%0 olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/17731 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:05-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 204 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-dan xx.xx.2023-cü il tarixdə saat 08:00-dək "xxxx" ASC-də işdə olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cı il tarixdə saat 07:32-də alkotester vasitəsi ilə sərxoşluq vəziyyəti yoxlanılmış və alkoqolun miqdarı 0,397%o olmuşdur. Şəxs öz təşəbbüsü ilə xx.xx.2023-cü il tarixdə saat 12:05-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinədən keçmiş və ayıq olduğu barədə rəy verilmişdir. Şəxs tərəfindən təqdim olunan arayışla müəyyən olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə saat 17:30-dan xx.xx.2023-cü il tarixdə saat 08:00-dək işdə olmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və sübut etmək yükü inzibati xəta hadisəsini aşkar edən orqanın üzərinə düşdüyündən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut təqdim edilmədiyindən məhkəmə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis baş serjantı S.İ.Əlimanov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:32 radələrində avtomobili sərxoş vəziyyətdə idarə etməsi sübuta yetirilmədi. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/17731 saylı, xx.xx.2023-cü il tarixli aktı və "xxxx" ASC tərəfindən verilmiş 204 saylı, xx.xx.2023-cü il tarixli arayışı mötəbər sübut kimi qiymətləndirir və ona görə də Şəxs xx.xx.2023-cü il tarixdə ayıq olması qənaətinə gəlir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar