Məhkəmə qərarları › İş №3(007)-3951/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3951/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3951/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X7, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndələri X8 və X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 29 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Şəxs MMC tərəfindən Cəmiyyətin işçisi X4 barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar X9 Xidmətinin Bakı şəhər idarəsinin 12 mart 2025-ci il tarixli, 3-17-5/2- 22585/2025 nömrəli və 12 may 2025-ci il tarixli, 3-17-5/2-43167/2025 nömrəli məktublarında nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X12 inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, Dovlat Əmak Mufattiİşliyi Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMCdə çalışan Nuralıyev Tural barəsində inzibati cərimə tətbiq edilməsinə dair qəbul etdiyi xx.xx.2024 tarixli, MN ******* saylı qərarın T.Nurəliyevin özü tərəfindən icra edilməməsinin ilk səbəbi qərarın ona çatdırılmaması olmuşdur. T.Nurəliyevin qeydiyyatda olduğu, lakin yaşamadığı Marışlı kəndində poçt şöbəsi olmadığına görə qərar 3 aydan sonra geri qaytarılmışdır. Bundan sonra DƏMX BŞİ xx.xx.2025-ci il tarixli, 3-17-5/2-22585/2025 saylı məktubla MQS MMC-yə cərimə məbləğinin T.Nurəliyevin əmək haqqından tutulması barədə müraciət etmişdir. Lakin bu dəfə qərarın icra edilməməsinin səbəbi üstündən 3 aydan da çox vaxt keçməsinə baxmayaraq, eyni inzibati xəta haqqında Qaradağ rayon prokurorluğu tərəfindən məhkəmə icraatının başlanması olmuşdur. Bu barədə MQS MMC tərəfindən xx.xx.2025-ci il tarixdə DƏM-nə məlumat verilmişdir. Qaradağ Rayon Məhkəməsi xx.xx.2025 tarixli, 3(002)-544/2025 nömrəli qərarı ilə T.Nuralıyevin 1500 AZN məbləğində cərimə ödəməsini qət etmişdir. Qərar üzrə 3(002)-544/2025-010 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi xx.xx.2025-ci il tarixdə (qərar çıxandan 1 ay sonra!) Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və T.Nuralıyevə bu barədə bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə qərar icra edilmişdir. Məhkəmə icraatının gedişi ərzində DƏM xx.xx.2025-ci il tarixli, 3-17-5/2-41921-2023 saylı məktubla MQS MMC-dən məhkəmə qərarı ilə xx.xx.2024 tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanacağı halda qərarın icrasının təmin edilməsini, həmin qərar qüvvədən salındığı təqdirdə isə məhkəmə qərarının təqdim edilməsini xahiş etmişdir. Lakin həmin məhkəmə baxışında DƏM-nin sözü gedən qərarı barədə məsələ həll edilmədiyindən T.Nurəliyev onun ləğvi məqsədilə yenidən məhkəməyə müraciət etmişdir. ”MQS” MMC xx.xx.2025 tarixli rəsmi məktubla DƏM-nə məhkəmə prosesinin nəticəsi barədə məlumat vermişdir. Qərarın mübahisələndirildiyi təqdirdə və barəsində məhkəmə baxışı yekunlaşmadığı halda onun icrası qeyri-qanunidir və buna görə də MQS bütün məhkəmə proseslərinin bitməsini gözləmək məcburiyyətində qalmışdır. Məsələ barədə son qərar isə yalnız xx.xx.2025-ci il tarixdə verilmişdir. Bunlara baxmayaraq və inzibati qanunvericiliyin tələblərinə rəğmən DƏM cərimə ödənilməsində israrlı olduğunu göstərərək və MQS MMC-ni cərimə ödənişlərinin alınmasında hər hansı bir tədbir görməməkdə suçlayaraq, hələ proseslər bitmədən, özünün xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-22585/2025 saylı (MQS-in cavab məktubu xx.xx.2025 tarixdə), xx.xx.2025 tarixli, 3-17- 5/2-41921/2025 saylı (MQS-in cavab məktubu xx.xx.2025 tarixdə), xx.xx.2025 tarixli 2(iki!) ədəd, 3-17/2-43166/2025 və 3-17/2-43167/2025 saylı məktubları ilə MQS-ə qarşı qanunsuz təqyiq göstərmişdir. Son 2 məktubla DƏM xx.xx.2025 tarixdə videokonfrans keçirilməsini tələb etmiş və Şəxs MMC-nin hüquq məsləhətçisi S.Səfərli, MQS Kadrlar şöbəsinin rəisi S.Rəsulova və T.Nuralıyevin də iştirakı ilə keçirilmiş videokonfransda DƏMnin əməkdaşı Mahmud Məmmədova yuxarıda qeyd edilmiş məqamlar, yəni məhkəmə proseslərinin yekunlaşmadığı bir daha izah edilmiş və əyani faktlar əsasında Şəxs MMC-ni məsələ barədə hər hansı bir tədbir görməməkdə təqsirləndirməyin əsassız olduğu və məsələ barədə son nöqtənin məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qoyulacağı bildirilmişdir. Bu yazışmanın özü də göstərir ki, DƏM MQS tərəfindən gərəkli addımların atıldığını qəbul etmiş, lakin sonradan mövqeyini dəyişmiş və MQS-i tədbir görməməkdə suçlamışdır. Halbuki Şəxs MMC tərəfindən qanuna müvafiq bütün tədbirlər görülmüşdür. MQS-in müvafiq tədbirləri görməsi və məhkəmə baxışları yekunlaşmadan mübahisələndirilən qərarın icrasının qanunsuzluğu barədə izahatların və əsaslandırmaların DƏM-nə təqdim edilməsinə xx.xx.2025-ci il tarixdə səlahiyyətlərini aşmaqla, saxtakarlığa yol verərək və MQS-in iştirakını təmin etmədən qanunsuz olaraq eyni vaxtda həm inzibati xəta haqqında ******* saylı protokol və həm də ******* saylı qərardad tərtib edərək məhkəməyə yönəltmişdir. Videokonfrans zamanı hər hansı bir protokol və ya qərardad müzakirə edilməmiş, yalnız MQS-in cari proseslər barədə izahatları dinlənmişdir. xx.xx.2025-ci il tarixdə Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə işə baxılmış və işin nəticəsinin Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə baxışının nəticəsindən asılı olduğu DƏM nümayəndəsinin diqqətinə çatdırılaraq qərardad qaytarılmışdır. Nəzərə alınmalıdır ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025 tarixli, 3(002)-1244/2025 saylı qərarı MQS-ə təqdim edilməmişdir və onlar son vaxtadadək-xx.xx.2025-ci il tarixdə hazırkı işlə məhkəmənin binasında tanış olanadək həmin qərardan xəbərsiz olmuşlar. MQS-in rəhbər vəzifəli şəxsinə qarşı yönəlmiş inzibati xəta haqqında protokol və qərardadlar hələ indiyədək MQS-ə təqdim edilməmiş və həmin sənədlərə baxış zamanı, eynilə hüquqi şəxs barəsində olduğu kimi, MQS-in nümayəndələrinin iştirakı təmin edilməmişdir. Bunlar İXMin kobud pozuntusunu təşkil edən əməllərdir və icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə bu halları qanun əsasında araşdırmalı və hüquqi qiymət verməlidir. AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında deyilir: “hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, ... hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin, həmin Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan aşağıdakı hallar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir”. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin bas vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar”. Bu baxımdan və hadisələrin yuxarıda ərz edilmiş ardıcıllığı nəzərə alınmaqla etiraf edilməlidir ki, əslində MQS tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Protokol və qərardadlar tərtib edilib məhkəməyə göndərilsə də, MQS-in əməllərində inzibati xəta tərkibinin əlamətləri yoxdur və hərəkətsizlik MQS-in iradəsindən asılı olmayan obyektiv səbəblərə: məsələ barədə məhkəmə proseslərinin davam etməsinə və xx.xx.2025-ci il tarixində yekunlaşdıqdan sonra isə MQS-in bundan xəbərsiz qalması səbəbindən baş vermişdir və cərimənin ödənilməməsində MQS-in təqsiri yoxdur. MQS-in hərəkəti/hərəkətsizliyində nə qəsdən və nə də ehtiyatsızlıqdan törədilmiş inzibati xəta əlamətləri olmasa da, DƏM qeyd edilmiş xüsusatları: qanun və KM-in qərarında tələb olunduğu kimi, icraatı rədd edən, işin düzgün həlli üçün əhəmiyyətli olan halları, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şəraiti araşdırmadan bir-birinin ardınca qərardadlar tərtib edərək, sanki plan doldururmuş kimi, cərimə qoyulması üçün məhkəməyə göndərimişdir. Bu barədə KM Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında AR İXM-nin 3-cü maddəsinə (... inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur) istinadla daha sonra qeyd edilir: “Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir”. Belə şərtlər isə mövcud deyildir. MQS-in həqiqətən məsələdən xəbərdar olduğunu sübut edən hər hansı bir dəlil iş materiallarında yoxdur. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Buna görə də hesab edirlər ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında hazırkı icraata İXM-in 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. xx.xx.2025-ci il tarixdə DƏM-nin qəbul etdiyi qərardadda tamamilə əsassız olaraq 3 ay öncə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı protokola istinad edilir. Həmin protokol isə əsl saxtakarlıq mücəssəməsidir. Belə ki, protokolun 2-ci səhifəsində DƏM-nin məsləhətçi-əmək müfəttişi M.İ.Məmmədovun imzası ilə göstərilir ki, MQS tərəfdən “protokolun müzakirəsində iştirak edildi, tərtibində edilmədi”. Buna sağlam düşüncədən kənar məntiq qıcqırmasından başqa nə ad vermək olar? Əgər “müzakirə” adı altında videokonfrans nəzərdə tutulursa, orda hər hansı protokol barədə heç bir müzakirə aparılmayıb və yuxarıda da qeyd olunduğu kimi, məhkəmə prosesləri barədə izahat verilmişdir. Bundan əlavə müzakirədə iştirak edənlər, protokolun tərtibatı zamanı birdənbirə hara qeyb oldular? Müzakirədə iştirak edən, əlbəttə ki, tərtibatında da iştirak edərdi. Elə yalnız bu ağlasığmaz məntiqsizliyin özü İXM-in 100.1.7-ci maddəsini kobud şəkildə pozduğuna görə protokolun etibarsız sayılması üçün əsasdır. Məhz bu səbəbdən İXM-in 78.2-ci maddəsinin tələblərinə rəğmən, protokolda, Məcəllənin 78.1-ci maddəsi ilə nəzərdə tutulan izahat yoxdur. İnzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolu isə, qanunun tələbi ziddinə, ümumiyyətlə, mövcud deyildir. Eyni zamanda guya ki, “müzakirədə” iştirak etmiş şəxslərin kimliyi də göstərilməmişdir. Əgər müzakirə həqiqətən baş versəydi, yəqin ki, həmin şəxslər də protokolda göstərilərdi. Protokol tərtib edilərkən Məcəllənin 100.2-ci maddəsinin də tələbləri pozulmuş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onların Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir və bu barədə protokolda heç bir qeyd yoxdur. Sonra DƏM qanun pozuntularında daha da irəli gedərək, Məcəllənin 100.3-cü maddəsinin ziddinə olaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokolun surətini verməmişdir. MQS rəhbərliyinə cərimə qoyulması haqda protokol və qərardadı biz hələ də görməmişik. MQS-ə cərimə qoyulması barədə protokol və qərardadı isə ilk dəfə yalnız məhkəmə binasında işlə tanış olanda görə bilmişlər. Məcəllənin 100.4cü maddəsinə riayət olunması barədə isə danışmağa dəyməz. DƏM üçün elə bir maddə mövcud deyildir və şəxsin imzasının və mülahizələrinin alınması, “dərə xəlvət, tülkü bəy” prinsipi ilə fəaliyyət göstərən DƏM əməkdaşlarını ilgiləndirmir. Vətəndaşın hüquq və azadlıqlarını pozmaq DƏM üçün adi bir hala çevrilmişdir. Hər addımında qanunu özü pozan bir qurum başqa təşkilatlardan hansı mənəvi və hüquqi əsasla nə isə tələb edə bilər? Protokolda faktın sübutu kimi DƏM-nin mart və may aylarında MQS-ə ünvanladığı məktublar təqdim olunur. Baxmayaraq ki, həmin vaxtlarda bu protokolun da əsasında duran mübahisələndirilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı ilkin qərar barədə məhkəmə baxışları bitməmişdi və ilkin qərarın qüvvədən salınması silsilə şəklində bütün digər protokol və qərardadları da qüvvədən salacaqdı. O zaman DƏM Nurəliyevi tapa bilməyib MQS-ə müraciət etmişdi. Bu da qanuna zidd olmuşdur, çünki İXM-in 104.1.1-ci maddəsinə görə “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə” inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. MQSin üzərinə maaşdan tutma öhdəliyinin qoyulması isə qanuna zidd olmuşdur. Bu tədbir, fiziki şəxsin ödəmə öhdəliyini icra etməkdən qəsdən boyun qaçırdığı hallarda tətbiq edilir, fiziki şəxs tapılmayanda isə icraat dayandırılır. Lakin DƏM bunu nə o vaxt, nə də indi anlamır. Amma indi Nurəliyevin yeri-yurdu DƏM-ə məlumdur və onu neçə tapa biləcəyini DƏM-də yaxşı bilirlər. Buna görə də DƏM ilkin inzibati xətaya heç bir aidiyyəti olmayan MQS-i rahat buraxıb ciddi-cəhdlərini Nurəliyev üzərində cəmləşdirməlidir. Bu baxımdan, həmin dövrdə hər hansı protokolun tərtib edilməsi və sonradan da ona əsaslanaraq MQS-ə qarşı məhkəmə işi açılması əsassız və qanunsuz olmuşdur. Ona görə də, məsələ barəsində yekun qərar çıxarılandan sonra T.Nurəliyev barədə inzibati icraat İXM-in 104.7-ci maddəsinə əsasən təzələnməli idi. Faktiki olaraq, Qaradağ məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə DƏM-nin xx.xx.2024 tarixli, MN ******* saylı qərarının qəbul edildiyi vaxt mövcud olan hüquqi vəziyyət (status-kvo) bərpa edilmişdir. Yəni, xx.xx.2025-ci il tarixdə T.Nurəliyev barədə qəbul edilmiş, lakin sonradan mübahisələndirilmiş qərar xx.xx.2025-ci il tarixdə bir daha qüvvəyə minmişdir. Buna görə də, belə bir şəraitdə DƏM MQS və onun rəhbəri barəsində deyil, yenə də fiziki şəxs T.Nurəliyev barədə protokol tərtib edərək, cərimənin icrasını təqsirkarın özündən tələb etməli idi. İXM-in 144.1-ci maddəsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verildikdə həmin qərarın icrası şikayətə baxılanadək icranın dayandırılması barədə qərardadla dayandırılmalıdır. Lakin DƏM qanunu bilmədiyindən və ya ona əməl etmək istəmədiyindən qanunun ziddinə olaraq, MQS-ə qarşı təzyiqlər yolunu tutmuş, köhnə protokol əsasında yeni ******* saylı qərardad çıxararaq işi birbaşa məhkəməyə yönəltmişdir. Bununla da DƏM MQS-in qanunla xəbərsiz şəkildə məhkəməyə göndərmişdir. Halbuki, İXM-nin 61.1.1-ci maddəsinə görə “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq hüquqları vardır”. Sual olunur: təkcə may ayı ərzində 4 sayda məktub, eyni bir gündə qoşa-qoşa 2 məktub yazan və bir videokonfrans düzənləyən qurum nəyə görə iş barədə yekun qərar qəbul edildikdən (xx.xx.2025) sonra 2 aya yaxın bir müddətdə-xx.xx.2025-ci il tarixədək bircə dəfə də olsun MQS-ə müraciət etməmiş və vəzifə borcunu yerinə yetirərək qərarın icrasını tələb etməmişdir? Əvəzində əvvəlcə hüquqi şəxsin rəhbəri barədə və üstündən heç bir həftə keçməmiş hüquqi şəxsin özü barədə mümkün olan bütün qanunları pozaraq özbaşınalıqla əsassız inzibati tənbeh tələbi ilə məhkəməyə müraciət etmişdir. Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraat şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumağa, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmağa, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməyə və inzibati xətaların qarşısını almağa xidmət edir. Təəssüf ki, MQS icraat ərzində bunların əksinin şahidi olmuşdur. Yuxarıda əyani surətdə göstərilmişdir ki, protokollar və digər materiallar Məcəllənin tələblərinə qətiyyən müvafiq deyil və işin icraatını rədd edən kifayət qədər hallar mövcuddur. Odur ki, MQS MMC-nin vəzifəli şəxsi barədə inzibati cərimə tətbiq edilməsi barədə Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərar nəzərə alınmaqla, DƏMX BŞİ tərəfindən təkrarən MQS MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatın AR KM Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının göstərişlərinə uyğun olaraq, məhkəmə tərəfindən əsaslandırılmış şəkildə “həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll” edilməsi və Şəxs MMC-nin protokolda göstərilən inzabati xətanı törətməməsi və belə bir inzibati xətanın ümumiyyətlə mövcud olmaması və MQS MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın qanunsuz olaraq başlanmış olması səbəbilə İXM-in 53.1.1 və 53.1.2-ci maddələri, habelə 114.1.4 və 114.2.1-ci maddələrinə əsasən icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X14 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında “Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 göstərmişdir ki, Şəxs MMC-nin drektoru İsmayıl Məmmədov barəsində protokol tərtib olunmuşdur. Əvvəllər şəxsə cəriməni ödəmədiyi üçün bildirişlər göndərilsə də icra edilməmişdir. Bundan əvvəl də eyni iş icraatda olmuşdur. Məhkəmə qərarı ilə cərimə olunmuşdur. Şəxs MMC-yə 07 may 2025-ci il tarixdə məktub göndərilmişdir. Məhkəmənin 3(007)-3007/2025 saylı qərarı ilə MMC-nin direktoru barəsində cərimə tətbiq edilmişdir. Həmin qərarda bu məsələyə münasibət bildirilmişdir. İnzibati xəta faktı öz əksini tapmışdır. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X12 yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən sonra dövlət qurumundan heç bir xəbərdarlıq almamışlar. Onların xəbəri olmadan protokol tərtib olunmuşdur. Protokol da düzgün tərtib olunmamışdır. Dövlət qurumu adamı tapmadığına görə icraatı dayandırmalı idi. Burada isə əksinə, adamı tapmadığına görə onların üzərinə öhdəlik qoyulmuşdur ki, həmin adamı Şəxs MMC tapsın. İşdə nə imzaları, nə də izahatları vardır. Araşdırılma tam deyildir. Qeyd etdiklərinin nəzərə alınmasını və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin 23 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Şəxs MMC-nin quraşdırıcısı X6 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin məsul rəhbəri X4 tərəfindən əməyin mühafizəsi üçrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməmiş, iş öncəsi işin görülmə proseduru zərərçəkənin diqqətinə çatdırılmamışdır. X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyinə görə barəsində 700 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 12 mart 2025-ci il tarixli, 3-17- 5/2-22585/2025 nömrəli məktubunun surətindən görünür ki, MMC-nin məsul rəhbəri X2 Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə 700 manat məbləğində inzibati edilməsinə dair həmin idarənin 23 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı icra edilməsi üçün göndərilmiş və qərarın icrası qaydalarını müəyyən edən Azərbaycan Respublikası İXM-nin 150.5-ci maddəsinin tələbləri, qərar icra edilmədiyi halda məsuliyyəti müəyyən edən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinin tələbləri izah edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 10 aprel 2025-ci il tarixli, 045L nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, həmin idarənin 12 mart 2025-ci il tarixli, 3-17- 5/2-22585/2025 nömrəli məktubu MMC-yə daxil olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Eyni Məcəllənin 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin, Şəxs MMC-nin işçisi X2 Azərbaycan Respublikası İXM-nin 198.1.1-ci maddəsi ilə 700 manat məbləğində inzibati cərimə edilməsinə dair 23 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının yuxarıda müəyyən edilmiş qaydada icrası ilə bağlı həmin hüquqi şəxs tərəfindən heç bir tədbir görülməmiş, bununla da, qanunvericiliyin tələbləri pozulmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli qərarı isə həmin 23 dekabr 2024-cü il tarixli qərarın icrasını istisna etməmişdir, bununla bağlı səhv nəticəyə gəlinmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar