Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3953/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 24 iyun 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini 27 may 2025-ci il tarixdə inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı DYPŞ-nin sorğusunun daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, Şəxs MMC-yə “Elektron məhkəmə” sistemi vasitəsilə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə tərtib olunmuş İXP7221775 saylı inzibati xəta haqqında protokola baxılması ilə əlaqədar inzibati icraata başlanıldığı barədə məlumat daxil olmuşdur. Buradan məlum olur ki, xx.xx.2025-ci il tarixində saat 00:03-də Şəxs MMC-nin mülkiyyətində olan SCHMİTZ SKO 24/L Yarımqoşqu markalı 99YH243 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə edilməsi ilə əlaqədar inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsinə dair sorğu göndərilmişdir. Lakin həmin sorğu onlara bu günə kimi çatdırılmamışdır. Onlar bu sənədlə ilk dəfə məhkəmə işinin materiallarında tanış olmuşlar. Həmin məhkəmə işinin materiallarında məktubun təqdim olunmasına dair xx.xx.2025-ci il tarixli poçt göndərişinin çatdırılması haqqında xəbərnamə sənədi də vardır. Lakin xəbərnamədə şirkətin direktorunun adının qeyd edilməsinə baxmayaraq onlar tərəfindən məktubun həqiqətən də qəbul edilməsinə dair heç bir təsdiqedici imza yoxdur. Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının 1.4.33-cü bəndinə əsasən poçt göndərişinin çatdırılması haqqında xəbərnamə (çatdırma haqqında xəbərnamə) qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı, fiziki xəbərnamədə alıcının imzası göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsidir. Beləliklə də, həmin məktubun onlara çatdırılmasına dair müvafiq sənədlər imzalatdırılaraq təhvil verilmədiyinə görə inzibati xəta hadisəsi baş verməmişdir. Azərpoçtun elektron sistemində SX052486591AZ kodla göndərişin izlənməsini yoxladıqda “çatdırılıb” statusunun qeyd edilməsinə baxmayaraq bu məlumat həqiqəti əks etdirmir. Onu da nəzərə çatdırırlar ki, məlumatda tələb edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar 2 dəfə təyin olunmuş cərimə ödənişlərini xx.xx.2025-ci il tarixində ödəmişlər. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalətlilik prinsipi baxımından bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığına görə Şəxs MMC barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 etirazın dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, polis orqanının sorğusu onlara çatmamış, vəzifəli şəxsə təqdim edilməmişdir. Xəbərnamədə şirkətin direktorunun adı qeyd edilməsinə baxmayaraq onlar tərəfindən məktubun həqiqətən də qəbul edilməsinə dair heç bir təsdiqedici imza yoxdur. Etirazda qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-si tərəfindən Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, MMC-yə məxsus **-YH-*** dövlət qeydiyyat nişanlı, “SCHMİTZ SKO 24/L Yarımqoşqu” markalı nəqliyyat vasitəsinin iştirakı ilə 27 may 2025-ci il tarixdə saat 00:03-də Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə törədilmiş inzibati xəta ilə bağlı elektron protokolun icrası ilə əlaqədar Azərbaycan Respublikası İXMnin 347-ci maddəsinə əsasən avtomobil və onu idarə edən sürücü barəsində müvafiq məlumatların 5 gün müddətində DYPŞ-nə göndərilməsi və qeyd olunan müddətdə çağırışa gəlməkdən səbəbsiz boyun qaçırdıqları təqdirdə müəssisənin barəsində qanuna uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İşdə olan poçt xəbərnaməsinin surətindən görünür ki, xəbərnamədə sorğunun alınma tarixi xx.xx.2025-ci il, xəbərnaməni alan şəxs “Abid bəy” kimi qeyd edilmişdir, lakin həmin şəxsin imzası, kimliyi, vəzifəsi və s. bu kimi məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan məsuliyyəti yaradır; 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi İXM-nin 347-ci maddəsinin tərkibini yaradır. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, belə sorğu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC, onun müvafiq vəzifəli şəxsi tərəfindən alınmamışdır, məlumatın müvafiq səlahiyyətli şəxs tərəfindən alınması və məhz hansı tarixdə alınması, hüquqi şəxsə daxil olması öz təsdiqini tapmır. Poçt xəbərnaməsində sorğunu qəbul etdiyi ehtimal olunan şəxsin adı “Abid bəy” kimi qeyd olunsa da, digər məlumatlar göstərilmədiyindən və hüquqi şəxsə münasibətdə kimliyi, vəzifəsi məlum olmadığından, eyni zamanda imzalanmadığından, qanunda nəzərdə tutulan səlahiyyətli şəxs olaraq qəbul edilə və iş materiallarında olan təsdiqlənməmiş məlumat, barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin inzibati qaydada tənbeh olunmasına əsas olan sübut növündə qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3953/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3953/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver