Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3957/2025 23.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X8, onun nümayəndəsi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 iştirakları ilə, X8 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X15 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X5 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə fiziki şəxs kimi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 5000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Baxmayaraq ki, o, fiziki şəxs kimi valeologiya sahəsində fəaliyyət göstərir və vergi ödəyicisi olaraq qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı rəsmi olaraq xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı əsasız olduğundan ləğv edilməli və inzibati işə xitam verilməlidir. Belə ki, o, həkimlik fəaliyyəti ilə məşğul deyildir, Valeologiya və İnteqrativ Təbabət mövzusunda maarifləndirmə sahəsində fəlaiyyət göstərir və vergi ödəyicisidir. Qanunvericilikdə Valeologiya və İnteqrativ Təbabət mövzusunda maarifləndirmə sahəsində fəlaiyyət göstərilməsində lisenziya tələb olunmur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respunlikasının Qanununda Valeologiya sahəsində fəaliyyət üçün lisenziya nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən inzibati protokol tərtib edilmədən birbaşa qərar qəbul edilmişdir. O, hər hansı inzibati xəta törətməmişdir, barəsində tətbiq edilən cərimə tənbeh növü tam əsasızdır və hesab edir ki, inzibati tənbeh vermə haqqında qəbul edilmiş 25 iyul 2025-ci il tarixli, MN ******* nömrəli qərar etibarsız hesab edilməli və işə xitam verilməlidir. Qeyd olunanlara əsasən, barəsində Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 5000 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X15 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, onun 2 ali təhsili, 6 ixtisası vardır. Onu fəaliyyətinə görə cərimə ediblər. İstisası üzrə işləyə bilmir. O, maarifçilik ilə məşğul olur. Dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişdir. İxtisasca onkoloq, psixoloqdur. Peşə ayrı, fəaliyyət ayrıdır. Kabinetinə girişdə lövhədə və kabinetində Valeologiya fəaliyyəti ilə məşğul olduğu yazılıb. Kabinetində cərrahiyyə və şüa verməklə bağlı bir alət yoxdur. İnsanlar onun yanına məsləhətləşməyə gəlirlər, uzi etmir. O, tibbi fəaliyyətlə məşğul olur. Yoxlama olanda mütəxxəsisə demişdir ki, Valeologiya fəaliyyəti ilə məşğul olur, fəaliyyətinin onkologiyaya, şüa və cərrahiyyəyə aidiyyəti yoxdur, maarifçiliklə məşğul olur. O, vərəm, onkoloji, korona, psixoloji, ağciyər xəstələrinə də tövsiyyələr verir. Müvafiq sənədləri məhkəməyə təqdim etmişdir, onun ixtisası bunlara imkan verir, lakin fəaliyyəti bu istiqamətdə deyil. İxtisaslarını kabinetində yazmışdır. Tövsiyyə vərəqələri yaza bilər. Onun ixtisasını heç kim əlindən ala bilməz. O, ekspert-konsultantdır, maarifçiliklə məşğul olur. Qərar əsassızdır. Şikayətinin təmin olunmasını və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəkili Vəkil şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, X15 müalicə işləri aparmamış, yalnız töviyyələr vermişdir. Onun fəaliyyət sahəsində lisenziya tələb olunmur. Ona görə də o, hər hansı inzibati xəta törətməmiş hesab olunur. Qeyd etdiklərini nəzərə alaraq, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X16 izahatında göstərmişdir ki, X1 və lisenziyası olmadan tibb fəaliyyəti ilə məşğul olmuşdur. “İnstagram” hesabından da görünür ki, o, onkoloq kimi fəaliyyət göstərir. Qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş X20 göstərmişdir ki, o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X23 şöbəsinin mütəxəssisi vəzifəsində işləyir, "xxxx" MMC-yə aid klinikada palandankənar yoxlamanın aparılması işinə o da cəlb edilmişdir, yoxlamanın işində və aktın tərtibində iştirak edərək aktı imzalamışdır. Xəstənin şikayəti əsasında plandankənar yoxlama aparmışlar, belə ki, X6 adlı vətəndaş prokurorluğun “161 qaynar xətti”nə zəng edərək şikayətini bildirmişdir. Yoxlama ilə müəyyən etmişlər ki, X15 lisenziya olmadan özəl tibb fəaliyyəti (onkoloji) göstərmişdir. Onun özü X11 cərrah kimi tanıyır. Valeologiya sağlam insanlara verilən tövsiyyələrdir. X4 xəstələrə baytarlıqda istifadə olunan dərman vasitələrini tövsiyyə edir. Onlara reseptlər yazır. Bunlar konkret zəhərdir və heyvanlar üçün istifadə olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 26 iyun 2025-ci il tarixdə saat 18:47-:13-də qeydə alınmış müraciətdən görünür ki, Bakı şəhər sakini X6 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Bakı şəhəri “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Loğman-1” klinikasının həkim onkoloqu İbrahim Əsədlinin səhv müalicəsi nəticəsində onun sağlamlığına zərər dəydiyi barədə bildirmiş, həkimdən zərərin əvəzinin ödənilməsini tələb etmişdir. -X15 tərəfindən X3 yazılmış “Tovsiyyə vərəqəsi”nin (resept) surətindən görünür ki, o, xəstəyə 9 adda dərman vasitəsi yazmış, onların qəbul edilmə qaydasını, müddətini və s. izah etmişdir. - 23 iyul 2025-ci il tarixli, T-247 nömrəli aktın surətindən görünür ki, 22 iyul 2025-ci il tarixli, 3-28-1/3-2-799/2025 nömrəli qərar əsasında 23 iyul 2025-ci il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları X20, X10 və X17 tərəfindən plandankənar yoxlama aparılmışdır. Plandankənar yoxlama vətəndaş şikayəti əsasında keçirilmişdir. Yoxlamanın birinci sualı üzrə qeyd olunur ki, "xxxx" MMC-nin direktor müavini Fəridə Bəydəmirli, X7 ilə 15 aprel 2024-cü il tarixdə icarə müqaviləsi bağlayaraq MMC-yə aid olan fəaliyyət ünvanında otaqların birini icarəyə vermişdir, bu icarə altında X15 özü VÖEN-i ilə (**********) tibbi fəaliyyət göstərir. Yoxlamanın ikinci sualı üzrə qeyd olunur ki, X15 “Ümumi cərrahiyyə” üzrə sertfikasiyadan keçib, lakin ikinci dəfə (növbəti) keçməyib. Sertifikatın bitmə tarixi xx.xx.2023-cü ildir. Yoxlamanın üçüncü sualı üzrə nöqsan aşkar edilmədi. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edildi. Fakt üzərinə əlavə olaraq X8 öz VÖEN-i ilə lisenziya olmadan praktiki tibbi fəaliyyəti aşkar edilmişdir. Bununla əlaqəli yeni akt tərtib edilmişdir. - 23 iyul 2025-ci il tarixli, T-248 nömrəli aktın surətindən görünür ki, 22 iyul 2025-ci il tarixli, 3-28-1/3-2-799/2025 nömrəli qərar əsasında 23 iyul 2025-ci il tarixdə ünvan 1 ünvanında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları X20, X10 və X17 tərəfindən plandankənar yoxlama aparılmışdır. Yoxlama zamanı X13in lisenziya olmadan özəl tibbi fəaliyyətlə “onkoloji” məşğul olması faktı aşkar edilmişdir. Bununla əlaqədar X12 inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Yoxlamanın işində iştirak edən X15 yazılı qeydində göstərmişdir ki, “Şikayətlə tanış oldum. Bildirirəm ki, Azərbaycan Respublikasında “valeoloq” fəaliyyəti lisenziyalaşmır. Fəaliyyətimiz müxtəlif insanlara, həmçinin onkoloji xəstələrə, ixtisaslarım üzrə konsultasiyalardan ibarətdir. Əsas fəaliyyətimiz naturopatik istiqamətdə maarifçilikdir”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşı tərəfindən tərtib olunmuş 23 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 23 iyul 2025-ci il tarixdə, saat 17:20-də ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus müəssisədə palandankənar yoxlama zamanı müəssisə rəhbərinin icarə müqaviləsi əsasında həkim onkoloq X8 lisenziya olmadan özəl tibb fəaliyyəti (onkoloji) ilə məşğul olması faktı aşkar edilmişdir. Bu fakt 23 iyul 2025-ci il tarixli, T-248 nömrəli aktla təsdiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan X15 izahatında bildirmişdir ki, fəaliyyəti müxtəlif insanlara, həmçinin onkoloji xəstələrə ixtisasları üzrə konsultasiyalardan ibarətdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 23 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, 23 iyul 2025-ci il tarixdə ünvan 1 ünvanında "xxxx"nda icarə müqaviləsi əsasında X8 lisenziya olmadan özəl tibb fəaliyyəti (onkoloji) göstərməsi faktı aşkar edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə barəsində 5000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. -Fotoşəkildən görünür ki, X8 ünvan 1 ünvanında "xxxx"nda fəaliyyət göstərdiyi sahənin (otağın) giriş qapısı üzərində “Valeologiya və X14. Əsədli İbrahim. Onkoloq. Cərrah. Psixoloq” yazıları yazılmış lövhə asılmışdır. - AB-İ 003234 nömrəli diplomun surətindən görünür ki, X15 1997-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini müalicə işi ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının qərarı ilə ona həkim ixtisası verilmişdir. -Sertifikasiya Şurası tərəfindən verilmiş AH 030954 nömrəli sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X15 04 oktyabr 2018-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Ümumi cərrahiyyə istisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamə 05 oktyabr 2018-ci il tarixdə verilmiş, 05 oktyabr 2023-cü il tarixədək etibarlılıq müddəti müəyyən edilmişdir. - 000813 nömrəli vəsiqənin surətindən görünür ki, X15 01 avqust 1997-ci il tarixdən 30 iyun 1998-ci il tarixədək Respublika Milli X21koloq ixtisası üzrə internaturanı keçmiş, Buraxılış İmtahan Komissiyasının 30 iyun 1998-ci il tarixli qərarı əsasında ona həkim onkoloq ixtisası verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X15 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz X15 tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri tərəfindən yuxarıda istinad olunan inzibati xəta haqqında protokolun tərtib edilməsinə və mübahisələndirilən qərarın qəbul edilməsinə, X8 lisenziya olmadan özəl tibb fəaliyyəti (onkoloji) ilə məşğul olması faktının aşkar edilməsi əsas olmuşdur. Bakı şəhər sakini X6 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək Bakı şəhəri “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Loğman-1” klinikasının həkim onkoloqu İbrahim Əsədlinin səhv müalicəsi nəticəsində onun sağlamlığına zərər dəydiyi barədə bildirmiş, həkimdən zərərin əvəzinin ödənilməsini tələb etmişdir. Həmin müraciət araşdırılıb müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. X15 yoxlama zamanı verdiyi izahatında və hazırda şikayətində fəaliyyətinin müxtəlif insanlara, həmçinin onkoloji xəstələrə, ixtisasları üzrə konsultasiyalardan ibarət olduğunu göstərsə də, faktiki olaraq o, X3 “Tovsiyyə vərəqəsi” (resept) yazmış və bu reseptdə xəstəyə 9 adda dərman vasitəsi yazmış, onların qəbul edilmə qaydasını, müddətini və s. izah etmişdir. Bununla yanaşı o, lisenziya olmadan fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsində “Valeologiya və X14. Əsədli İbrahim. Onkoloq. Cərrah. Psixoloq” yazıları yazılmış lövhə asmaqla özünü insanlara, xəstələrə bu sahələrdə fəaliyyət göstərən həkim kimi təqdim etmiş, onlara bu xəstəlik növləri üzrə müalicələr yazmışdır. X15 tərəfindən xəstələrə baytarlıqda istifadə olunan dərman vasitələri də tövsiyyə edilmişdir, bunun nəticəsidir ki, hazırkı icraatın başlanmasına əsas verən şikayəti vermiş vətəndaşın sağlamlıq vəziyyətində fəsadlar yaranmışdır. Şikayət verən tərəfin mövqeyinə görə, onun tərəfindən yalnız tövsiyyələr verilmişdir, müalicə işləri aparılmamışdır, bu, heç də şəxsin inzibati məsuliyyətdən azad edilməsinə və ya onun heç də lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmadığını təsdiq etmir. O baxımdan ki, X8 lisenziya olmadan belə fəaliyyətlə məşğul olması ilə bağlı yoxlanılmış və öz təsdiqini tapmış sübutlar mövcuddur, həmçinin özünü “Valeologiya və X14”ndə fəaliyyət göstərməklə “Onkoloq. Cərrah. Psixoloq” kimi təqdim edən şəxs kimi onun tövsiyyələrinə inanan və güvənən insanlar, xəstələr bu müalicə metodlarından (dərman vasitələrindən) istifadə etmişlər. Bundan başqa, nəzərə alınmalıdır ki, X15 04 oktyabr 2018-ci il tarixdə həkimlərin sertifikasiyasından keçsə də və ona Azərbaycan Respublikasının ərazisində Ümumi cərrahiyyə istisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilsə də, buna dair şəhadətnamənin etibarlılıq müddəti 05 oktyabr 2023-cü il tarixədək müəyyən edilmiş, bundan sonra növbəti müddətə sertifikasiyadan keçməmişdir. Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Qanunun 49-cu maddəsinə əsasən özəl tibbi praktika və özəl tibbi fəaliyyət qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.8ci bəndinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Həmin Qanuna 1 saylı Əlavədən görünür ki, özəl tibb fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alınması tələb olunur. Lakin yuxarıda qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, X15 tərəfindən qanunvericiliyin müvafiq tələblərinə əməl edilməmiş, lisenziya olmadan özəl tibb fəaliyyəti (onkoloji) göstərmişdir. Belə olan halda, məhkəmə şikayət vermiş şəxsin dəlillərini əsaslı saymayaraq, hesab edir ki, onun bu əməli qanunsuz və əsassız olmaqla, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində nəzərdə tutulan xətanın təsiri altına düşmüşdür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X8 haqqında 5000 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində olmaqla həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X8 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X8 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3957/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3957/2025
23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver