Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3964/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Masallı rayonu, Bədəlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunan sənədlərə əsasən Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 3(007)-1005/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmasına baxmayaraq, Bakı şəhəri 40 saylı Notariat Kontorunun xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli icra qeydləri və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli eyni icra sənədləri üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini inzibati tənbeh tətbiq olunmasına dair qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar yerinə yetirməmiş, icra sənədi üzrə 59111,1 manat borc məbləğini ödəməyərək, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun Elvin Məmmədova borcu yoxdur. Onlar birlikdə işlər görmüşlər. Elvin Azərbaycanda da yoxdur, ərizəni ala bilmək üçün onu tapa bilmir. Hazırda şikayəti prokurorluqdadır. 6300 manat borc yazılmış, 7500 manat isə dəbbə pulu gəlmişdir. Ötən dəfə hakimdən xahiş etmişdir ki, qətnamədən şikayət edə bilməsi üçün ona vaxt verilsin. Lakin bu mümkün olmamışdır. Vergi borcuna görə onun barəsində axtarış verilmişdir. Məhkəmədə onun əmək müfəttişliyinə borcunun olmaması ilə bağlı qərar qəbul edilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkarlar X1 və "xxxx" MMC-nin nümayəndəsi iştirak etmir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-3964/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3964/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver