Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3971/2025 19.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 15 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29968508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X1 yazılı vəsatətinə əsasən qərardan şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən onun barəsində EQ 29968508 saylı xx.xx.2025-ci il tarixli qərarı tərtib olunmuşdur. Qərara əsasən Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdən işlədiyi “Azkargo” şirkətində işlədiyi sürücülük vəzifəsindən azad olunmuşdur. Həmin tarixdən də Azkargo şirkətinə məxsus olan “İSUZU NMR 85HDA yük” markalı, **-JD-*** dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsini o, idarə etməmişdir. Çalışdığı vəzifədən azad olunsa da, “Azkargo” şirkəti tərəfindən onun “İSUZU NMR 85HDA yük” markalı, **-JD-*** dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsini sürmə barədə etibarnaməsi ləğv edilməmişdir. Ona görə də həmin avtomobil barədə olan cərimə protokolları hələ də onun adına tərtib olunur. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin onun barəsində tərtib edilmiş EQ 29968508 saylı xx.xx.2025-ci il tarixli qərarı tam əsassızdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29968508 saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, şirkətdə işləyən zaman yol vərəqəsi əsasında avtomobil idarə etmişdir. İşdən azad olunduqdan sonra etibarnaməsi ləğv edilməmişdir. Bu səbəbdən də cərimələr onun adına gəlmişdir. 26 sentyabr 2025-ci il tarixdə onun sürücülük vəsiqəsinin vaxtı bitir. Bu səbəbdən də məhkəmənin iş üzrə “Azkargo” şirkətinə verdiyi sorğuya cavabı gözləyə bilməz. Hər hansı yekun məhkəmə aktı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 15 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29968508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “İSUZU NMR 85HDA yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi-Q.Qarayev prospekti kəsişməsi Q.Qarayev ist. 05 sentyabr 2025-ci il tarixdə saat 00:00-da “Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə” Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, “İSUZU NMR 85HDA yük” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirilmədən idarə etmişdir ki, onun bu hərəkəti nəticə etibarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın təsiri altına düşmüşdür. 06 sentyabr 2025-ci il tarixdə saat 00:00-da Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi-Q.Qarayev prospekti kəsişməsi Q.Qarayev ist. ünvanında qeydə alınmış xətanın X2 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 15 avqust 2025-ci il tarixli, EQ seriyalı, 29968508 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3971/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3971/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver