Məhkəmə qərarları › İş №3(007)-3980/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3980/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3980/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Xanlarova Züleyxa Ramis qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası X14 Xidmətinin Bakı şəhər İdarəsi onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, barəsində 4000 ( dörd min manat) inzibati cərimə tətbiq etmişdir. Lakin həmin qərar tam əsassız və qanunsuzdur. Müfəttişlik onun iştirakı olmadan icraat aparmış və sadəcə olaraq Yevlax rayon prokurorluğunun sifarişini həyata keçirmişdir. Çünki o, inzibati iş üzrə icraata baxılması vaxtı, yəni xx.xx.2024-cü il tarixində Yevlax Rayon Məhkəməsində olacağı barədə məlumat vermişdir. Buna baxmayaraq onun iştirakını təmin etmədən, iş üzrə faktiki halları, inzibati xəta haqqında qərarda adları çəkilən şəxslərin hansı işlərə, kim tərəfindən cəlb edilməsi, həmin şəxslərin hüquqi şəxslə hansı münasibətinin olmasını, hüquqi şəxsin direktoru kimi onun və ya hansısa işçinin xətası olub-olmaması və digər əhəmiyyətli faktları araşdırmadan Azərbaycan Respublikası X14 Xidmətinin Bakı şəhər İdarəsinin onun barəsində inzibati tenbeh vermə haqqında qərar qəbul etməsi, yalnız və yalnız onların öz səlahiyyətlərini formal, yarıtmaz formada yerinə yetirməsi, yaxud da prokurorluq orqanının sifarişini yerinə yetirməsi təəssüratı yaradır. Prokurorluq orqanı cinayət təqibini həyata keçirən orqandır, Yevlax rayon prokurorluğunun heç bir əməkdaşı əmək və mülki münasibətləri fərqləndirə bilmir. X14 də görünən odur ki, sadalanan halların heç birini araşdırmaqda maraqlı olmamışdır. X4, X7 və X2 olması ona məlum deyildir. Həmin şəxslər də heç vaxt onu görməmişlər. Müəssisənin iş icraçısı X21 rayonunda onların yerüstü rabitə xətlərinin çəkilməsi üzrə işlərini görmüşdür. Həmin şəxs eyni zamanda bu və ya digər rayonlarda digər müəssisələr- “Aztelekom”, “BTRİB”, "xxxx" MMC və s. hüquqi şəxslərlə podrat müqaviləsi əsasında xidmət göstərir. X21 rayonunda onların işlərini görərkən o hüquqi şəxsin direktoru olaraq həftə ərzində 2-3 gün, bəzən isə daha çox həmin işlərə nəzarət edilməsi üçün Yevlax rayonunda olmuş, İakin yuxarıdakı şəxslərin heç birini görməmiş, tanımamışdır. Həmin şəxslər də izahatlarında müəssisənin direktoru kimi Rafiq Hüseynovu tanıdıqlarını bildirmişlər. Sonradan onun araşdırması nəticəsində bəlli olmuşdur ki, qeyd olunan şəxslər, Rafiq Hüseynov tərəfindən direktoru olduğu "Azfen-NN Tikinti Təmir Quraşdırma” MMC-nin deyil, podratçı kimi işlərini gördüyü digər müəssisələrin işlərinin görülməsinə cəlb edilmişdir. Həmin şəxslərin heç biri "xxxx" MMC-nin görməli olduğu işlər üzrə 10 dəqiqə belə olsun işə cəlb edilməmişlər. Əgər belə olsaydı həftənin 3, bəzən də 4 günü Yevlaxda olduğu müddətdə onlardan hansınısa görmüş olardı. Azərbaycan Respublikası X14 Xidmətinin Bakı şəhər İdarəsi həmin şəxslərin hansı işlərə, hansı müəssisənin işlərinə cəlb edilməsi, hüquqi şəxsin və həmin hüquqi şəxsin direktoru kimi onun məsuliyyətinin nədən ibarət olması, həmin şəxslərin hüquqi şəxslə hansı münasibətinin olmasını araşdırmadan qəbul etdiyi qərar tam qanunsuz və ədalətsizdir. Sözügedən inzibati tənbeh vermə haqqında qərarda da direktor olaraq onun məsuliyyətinin olması əsaslandırılmamış, tam formal bir qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə sanksiya nəzərdə tutulur. Maddənin mahiyyətindən də görünür ki, hüquqi şəxsin və hüquqi şəxsin direktoru kimi onun məsuliyyətinin yaranması üçün 2 şərt mövcud olmalıdır : 1) fiziki şəxsləri qanunsuz əməyə cəlb edən işçi onun tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində bu qanunsuzluğu etməlidir və ya birbaşa onun tərəfindən olmalıdır; 2) həmin fiziki səxslər hüquqi şəxsin maraqları və mənafeyi üçün işlərə cəlb edilməlidir. Bu iki halın mövcudluğu nə prokurorluq, nə də müfəttişlik tərəfindən araşdırılmamışdır. Halbuki o, direktor olaraq daimi şəkildə işlərə nəzarət etmişdir, ikinci tərəfi də odur ki, həmin fiziki şəxslər heç biri birbaşa olaraq müəssisənin işlərinə cəlb edilməmişdir. Onun əməlində inzibati xəta tərkibi mövcud deyildir və inzibati icraata xitam verilməlidir. Sadaladıqlarını ümumiləşdirərək hesab edir ki, onun barəsində qəbul edilmiş 11 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən təqsirsizlik prezumpsiyası və özünü müdafiə hüququnun pozulmasını, ümumiyyətlə onun əməlində hər hansı inzibati xətanın tərkibinin olmamasını, cərimənin qərəzli və sifarişli tətbiq edilməsini nəzərə alaraq sözügedən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd etdiklərini nəzərə alaraq, Azərbaycan Respublikası X14 Xidmətinin Bakı şəhər İdarəsinin 11 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Yevlax rayon prokurorluğunda X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, həmin qərar və toplanmış material baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X4, X7, X19 və X12 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2023-cü ilin sentyabr və oktyabr aylarında Yevlax və Ağdaş rayonu ərazisində internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşçiləri işə götürmək səlahiyyəti X5 olmuşdur, özü də etiraf etmişdir ki, həmin işçilərlə heç bir əmək müqaviləsi bağlanmamışdır. Onun da orada nümayəndəsi qismində layihə meneceri Rafiq adlı şəxs olmuşdur. İşçilər Yevlax rayon prokurorluğunda verdikləri izahatlarında göstərmişlər ki, Həsənov Nofəli tanımasalar da "xxxx" şirkətinin nümayəndəsi Rafiq müəllim onları Yevlaxda, Ağdaşda heç bir əmək müqaviləsi olmadan günü 20-30 manat olmaqla qeyri-rəsmi işə cəlb etmişdir. Şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X17 Nümayəndə izahatına oxşar məzmunda izahat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X13 izahatında bildirmişdir ki, o, xx.xx.2018-ci ildən şirkətdə istehsalat üzrə texniki mühəndis işləyir. İdarədə vəzifəsi təmsil olunduğu cəmiyyətdə layihə-smeta sənədlərinin icra olunması, əlavə olaraq iş yerinə nəzarət, tikintinin normalara uyğun aparılması, işlərin və layihə-smeta işlərinin düzgün tərtibatı və sifarişçilərlə görüşməkdən ibarətdir. İşlər rayonda olduğu üçün həftədə bir dəfə və ya on gündən bir işə nəzarət üçün ezam olunmuşdur. O, layihə rəhbərinin işinə bilavasitə nəzarət etmək üçün məsul şəxs olmuş, layihə rəhbərinin işinə nəzarət etmək üçün rayona getmiş və həmin işçilərin heç birini orada görməmişdir. Rayonda hər bir işçi ilə maraqlanmış, iş prosesi zamanı hər bir işçi ilə danışmış, lakin bu işçiləri orada görməmişdir. Şirkətin cəmi 8 işçisi olmuşdur. Elə olub ki, hər hansı bir işçini 1 günlük işə götürmüşlər, lakin bu işçilər onların arasında olmamışlar və hər hansı bir işə cəlb olunmamışlar. Məhkəmə iclasında dindirilmiş şahid X1 izahat verərək bildirmişdir ki, şirkətdə hüquqşünas işləyir, işlə əlaqədar o özü hər dəfə ora gedib-gəlmişdir və orada kənar şəxslər görməmişdir. Orada sadəcə şirkətin öz işçiləri olmuşdur. İşçilərə görülən işin həcmini ölçməmiş əmək haqqı ödənilməmişdir. Əmək haqqı isə müqavilə əsasında ödənilir. Yevlax rayonu ərazisində layihə rəhbəri Rafiq Hüseynov olmuşdur. Lakin o, heç bir işçini özbaşına işə götürməmişdir. Rafiq Hüseynov işə cəlb edilən hər bir işçi haqqında ona məlumat vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: - Yevlax rayon X15 Bölməsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin istintaqı zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan həmin cəmiyyətin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surətinin Yevlax rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. - Yevlax rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 24-1-2-2- 459-1024-1 nömrəli qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X4, X7, X19 və X12 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2023-cü ilin sentyabr və oktyabr aylarında Yevlax və Ağdaş rayonu ərazisində internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb etdiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, həmin qərar və toplanmış material baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilmişdir. - X12, X19, X7, X4 tərəfindən Yevlax rayon prokurorluğunda verilmiş izahatlardan görünür ki, həmin şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yevlax və Ağdaş rayonunun ərazisində həyata keçirilən internet xətlərinin çəkilişi zamanı gündəlik hesablanmış əmək haqqı müqabilində fəhlə işlədiklərini və onları işə Rafiq Hüseynovun cəlb etdiyini göstərmişlər. -Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-467/2024 saylı qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 manat məbləğində cərimə edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)- 467/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X8 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar