Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3989/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. X4 şikayətə yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair ayrıca yazılı vəsatət də vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü ildə İXP6487997 nömrəli barəsində qəbul olunmuş qərarı mobil telefonunda sms vasitəsi ilə almışdır. Nəzərə çatdırır ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan Hyundai Tucson markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işə gedərkən Bakı şəhəri Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan zaman arxasınca YPX avtomobili gəldiyini və ona saxla işarəsini verdiyini görmüşdür. Həmin vaxt R.Behbudov küçəsi tıxac olduğundan və avtomobili saxlamağa yer olmadığından sola, yəni 28 May küçəsinə dönüb saxlamışdır. YPX əməkdaşı öz avtomobilindən düşüb ona yaxınlaşmış və heç nə demədən ona bu qanunsuz protokolu tərtib etmişdir. O, xx.xx.2024-cü ildə öz xoşu ilə Bakı şəhər BDYPİ-yə getmiş və orada həmin hadisənin video görüntüsü ilə tanış olmuşdur. Həmin videoda günahsız olmağı açıq-aydın görünür. Göstərilənlərə əsasən, məhkəmə araşdırması aparmaqla yanaşı kamera görüntüsünə də məhkəmə iclasında baxış keçirib hüquqi qiymət verərək Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, polis əməkdaşının ona saxla əmri verməsini görməmişdir. Bu, polislərin oyunudur. Vətəndaşı saxlayan zaman “saxla” əmrini elə verirlər ki, vətəndaş bunu başa düşmür. Həmçinin yol polisi əməkdaşı onun saxlanılmasının səbəbini izah edə bilməmişdir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, sürücü X4 orada yol polisi əməkdaşının “saxla” əmrini başa düşməsə belə, dönməli olmayan tərəfdən dönmüşdür. Düz istiqamətdə gedə bilərdi, dönə bilməzdi. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 18 avqust 2024-cü il tarixdə saat 11:25-də Bakı şəhəri, 28 May, 7B ünvanında “Hyundai Tucson minik” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi” ilə Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində 100 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı qanunla ona verilmiş səlahiyyətlər daxilində öz vəzifələrini yerinə yetirir. 2-ci hissəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir: nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşından məlumat daxil olduqda; nəqliyyat vasitəsi axtarışda olduqda; nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda; bu Qanunun 37-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş hallarda bu nəqliyyat vasitəsindən istifadə etmək zərurəti yarandıqda. Həmin maddənin qeydinə əsasən nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radiocihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın: 7.4-cü bəndinə əsasən nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsində nəzərdə tutulan hallarda dayandırıla bilər; 7.5-ci bəndinə əsasən piyada xidmət aparan YPX inspektoru nəqliyyat vasitəsinin dayandırılması barədə tələbi fit və jezllə işarə verməklə edir. Patrul avtomobilində, motosikletində hərəkətə nəzarət zamanı nəqliyyat vasitəsinin dayandırılması tələbi xüsusi işıq və səs siqnallarından, səsgücləndiricidən istifadə etməklə yerinə yetirilir. Bu tələb nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə edilməlidir. Yol hərəkətinin tənzimlənməsi zamanı xüsusi səs siqnallarından və səsgücləndiricidən əhalinin rahatlığına və sakitliyə riayət etmək şərti ilə istifadə edilə bilər; 7.6-cı bəndinə əsasən nəqliyyat vasitəsinin dayandırılması tələbi elə edilməlidir ki, sürücü nəqliyyat vasitəsini saxlayarkən digər hərəkət iştirakçılarına maneə yaratmasın; 7.7-ci bəndinə əsasən ekipajda iki YPX inspektorundan biri patrul avtomobilindən düşərək dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır, özünü sürücüyə təqdim edir və bundan sonra dayandırılmanın səbəbini bildirməklə ondan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim olunmasını tələb edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X4 tərəfindən mübahisələndirilən Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın məzmununa görə, X4 18 avqust 2024-cü il tarixdə saat 11:25-də Bakı şəhəri, 28 May, 7B ünvanında “Hyundai Tucson minik” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.3cü maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində inzibati qaydada tənbeh tətbiq edilmişdir. Halbuki, X2 “müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi” ilə müşayiət olunan həmin inzibati xətanı törətdiyinə dair sübutlar yoxdur. Mübahisələndirilən qərarın, məhkəməyə sübut qismində təqdim edilmiş videogörüntünün, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin izahatı məcmu halında tədqiqi ilə inzibati qaydada tənbeh edilmiş şəxsin saxlanılmasının və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın tələblərinin təsiri altına düşməsi, sürücünün dayandırılmasını əsaslı edəcək hal müəyyən edilməmişdir, sürücüyə dayandırılmanın səbəbi bildirilməmiş, barəsində bununla bağlı məsuliyyət müəyyən edəcək tədbir görülməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, X4 inzibati xəta törətmiş şəxs hesab oluna, buna görə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, ona görə də X2 əməlində inzibati xəta tərkibi olmadığından, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin X2 Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilməsinə dair 18 avqust 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3989/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3989/2024
10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver