Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-3993/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi X3, Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağcabədi rayonunun Şahsevən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 19 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli, Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə 19 avqust 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 20 avqust 2024-cü il tarixli qərardadına əsasən 3(007)-3993/2024 nömrəli və 3(007)-3995/2024 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-3993/2024 nömrəsi saxlanılmışdır. Qeyd edilən inzibati xəta haqqında protokollara əsasən Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olaraq nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 13 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar əsasında inzibati tənbeh almış şəxs kimi qərarın qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən, 17 avqust 2024-cü il tarixdə saat 01:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində “Toyota Prius (Hibrid) minik” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, 19 avqust 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində ucadan nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə xırda xuliqanlıq etmiş, onun qeyd olunan qanunazidd hərəkətlərinin qarşısını almağa cəhd göstərən Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi X8 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 17 avqust 2024-cü il tarixdə gecə xidmətdə olarkən efir vasitəsi ilə əməkdaş onu dəvət etmişdir, Şəxs içki içməsi alkotesterlə yoxladıq, çox içkili, sərxoş, anlaqsız vəziyyətdə olmuş, maşının açarını istəsələr də verməmiş, səs salmış, təhqiredici ifadələr işlətmişdir. Buna görə onu həkim müayinəsinə aparmışlar, alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 17 avqust 2024-cü il tarixdə iki bakal içki içmiş, sonra qonşusunu aparıb düşürmüşdür. Onu saxlayan İsmayıl Cəfərov qonşusudur. Qonşular demişlər ki, ayıbdır, qonşudur, yola ver getsin. Lakin o, eşitməmişdir. Həmin vaxt üstündə 130 manat pul olmuşdur. Qonşusu Pərvin də şahiddir. Onu yoxlamağa aparmılşlar və onu testə yol polisi yox, İsmayıl aparmışdır. Yol polisi sonradan gəlmişdir. Geri qayıdanda o, iki ədəd 50-lik pulu, yəni 100 manatı 38 saylı marşurutun dayanacağında İsmayıl Cəfərova vermiş, onu oradan buraxmışlar. Lakin sonra bilmişdir ki, maşınını cərimə meydançasına aparmışlar. Ona görə qonşudan İsmayılın nömrəsini alıb ona zəng etmiş, ona demişdir ki, ayıb deyilmi, mənim pulumu alıb maşını cərimə meydançasına aparmısan. İsmayıl isə demişdir ki, sənə nömrəmi kim verib, gözlə, gəlirəm oraya. İsmayıl digər polislərlə onun yanına gəlmiş, demişdir ki, gözlə, sənə bölmədə göstərərəm. Onu maşına basıb aparmışdır. O, bir kəlmə də söyüş söyməmişdir. Bir kəlimə demişdir ki, niyə ondan 100 manat alıb, amma maşınını cərimə meydançasına sürdürüb. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün manqa komandiri X5 izahatında göstərmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat 01:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində xidməti ərazidə olarkən “Toyota Prius (Hibrid) minik” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəli idarə edildiyini görüb onu saxlamışlar. Ünsiyyət zamanı sürücünün, yəni Şəxs spirtli içki qoxusu gəldiyini hiss etdiklərinə görə yol polisini dəvət etmiş, sürücünü onlara təhvil verib xidmətlərini davam etdirmişlər. Bundan başqa, 19 avqust 2024-cü il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində xidməti ərazidə olarkən yenə həmin şəxsin, yəni Şəxs ucadan ünvansız nalayiq söyüşlər işlətdiyini görüb ona yaxınlaşmış, ictiai qaydanı pozmamasını ondan tələb etmişlər. Lakin Şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə onu ərazi üzrə 23-cü polis bölməsinə təhvil vermiş, raport yazmaqla barəsində tədbir görülməsini xahiş etmişlər. Şəxs göstərdiklərinin əsası yoxdur, o, həmin şəxsi həkimə aparmamışdır, YPX əməkdaşına təhvil verib getmiş və xidmətini davam etdirmişdir. O, Şəxs pul almamışdır, pul aldığı adamın maşını cərimə meydançasına qoymazdı. Şəxs 19 avqust 2024-cü il tarixdə ona zəng vurmuşdur, o, elə həmin ərazidə xidmətə çıxacaqdı. İclasdan çıxmış, təsadüfən həmin ərazidə xidmətdə olmağa getmişdir. Nömrəsini yoldaşından aldığını deyir, amma onun yoldaşı heç yerə çıxmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri X6, şahid İ.L.Cəfərovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada əsas tənbeh, İXM-nin 333.2-ci maddəsində isə nəzərdə tutulmuş əlavə tənbeh əsas tənbehə əlavə edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin məhkəmədə irəli sürdüyü dəlillərə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqi zamanı İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar (inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri və s.) müəyyən edilmişdir. İnzibati xəta haqqında işin icraatını istisna edən və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin təsiri altına düşməklə işin icraatına xitam verilməsi üçün əsas hesab olunacaq hallar müəyyən edilməmişdir. Bundan başqa, inzibati xəta törətmiş şəxsin izahatında qeyd olunan digər məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi hazırkı icraatın predmeti deyildir, ona qarşı yol verilmiş, neqativ hesab etdiyi hallarla bağlı tabelik qaydasında səlahiyyətli orqana və müvafiq məsuliyyət məsələsinin həlli üçün aidiyyəti prokurorluq orqanına müraciət edə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXMnin 510, 535.1 və 333.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı iş üzrə 19 avqust 2024-cü il tarixdə saat 20:30-da inzibati qaydada tutulmuşdur, ona görə inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin hüquqi yardıma görə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin, İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş əlavə tənbeh əsas tənbehə əlavə edilməklə nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılsın. İnzibati həbsin başlanğıcı 19 avqust 2024-cü il saat 20:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-3993/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-3993/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver