Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 07 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 07 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun 05 aprel 2020-ci il tarixdən 01 iyun 2020ci il tarixədək adı portal sistemdə olduğu halda, Binəqədi rayon polis şöbəsinin 4-cü polis bölməsinin əməkdaşları 07 aprel 2020-ci il tarixdə müvəqqəti yaşadığı Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsində onu saxlayıb bildirmişlər ki, vəsiqəsini təqdim etsin. O da, öz növbəsində vətəndaş borcunu yerinə yetirərək vəsiqəsini vermiş və görmüşdür ki, adını, soyadını A4 kağızında qeyd edir, o, dərhal soruşmuşdur ki, bunu niyə qeyd edir, əməkdaş ona bildirmişdir ki, sadəcə olaraq ərazidə olan vətəndaşların sayını müəyyənləşdirirlər. Rəisin göstərişidir deyərək, vəsiqəni geri qaytarmışdır. 05 iyun 2020-ci il tarixdə poçtdan məktub daxil olmuşdur ki, 100 manat cərimə edilmişdir. 07 aprel 2020-ci il tarixdə, yəni bir neçə gün keçdikdən sonra Nizami rayon icra və probasiya şöbəsindən ona zəng edib çağırmışlar və demişlər ki, cəriməni ödəsin. O da, sənədini göstərərək, cərimənin əsassız olduğunu bildirmişdir. Ondan izahat alıb buraxmışlar. Bildirmişlər ki, məhkəməyə müraciət etsin ki, qərar verilsin. Cərimənin əsassız olduğunu nəzərə alaraq, protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, təqdim etdiyi portaldan çıxarışdan aydın olur ki, suvaqçı kimi işlədiyi “xxxx” MMC-də onun adına 05 aprel 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək iş yerinə gəlib-qayıtması üçün icazəsi qeydiyyata alınmışdır. İcazəsi olduğu halda barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi və tənbeh olunması əsassız olmuşdur. Şikayətinin təmin olunaraq, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 07 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 07 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 07 aprel 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 07 aprel 2020-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində xüsusi karantin qaydalarını pozduğuna görə X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir; -Portaldan çıxarışdan görünür ki, “xxxx” MMC-də suvaqçı işləyən X1 05 aprel 2020ci il tarixdən 01 iyun 2020-ci il tarixədək iş yerinə gəlib-qayıtması üçün icazəsi qeydiyyata alınmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, Respublika ərazisində xüsusi karantin rejiminin elan olunmasına və 07 aprel 2020-ci il tarixdə bununla bağlı qərar qüvvədə olmasına baxmayaraq, Qanunun tələbləri X3 tərəfindən pozulmuşdur ki, bu da, inzibati məsuliyyətə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli qərarına əsasən Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə ölkə ərazisində xüsusi iş (əmək) rejimi və müvafiq məhdudiyyətlər tətbiq edilmişdir. 31 mart 2020-ci il tarixli 122 nömrəli qərarla müəyyən edilmiş məhdudiyyətlər və müəyyən edilmiş icazələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli qərarı ilə 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00dək uzadılmış, müvafiq şəxslər barəsində məlumatların işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verildiyi müəyyən edilmişdir Azərbaycan Respublikası İXM-nin, 17 mart 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla qüvvəyə minmiş və 07 aprel 2020-ci il tarixli qərar qəbul edilərkən qüvvədə olmuş, 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması həmin maddədə nəzərdə tutulmuş məsuliyyətə səbəb olmuşdur. Qərardan şikayət vermiş X3 şikayətini əsaslandırarkən, iş yerindən icazəsinin müvafiq qaydada “icaze.e-gov.az” portalında qeydiyyatdan keçdiyini qeyd etmişdir. Bununla əlaqədar törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi 07 aprel 2020-ci il tarixində X1 adına “Xüsusi Karantin Rejiminin X4 Alınması və Monitorinqi Sistemi”ndə qeydiyyatdan keçmiş icazənin mövcud olub-olmaması və həmin vaxt qüvvədə olubolmaması barədə məlumatın əldə edilməsi üçün tədbirlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “X2 Mərkəzi” Publik hüquqi şəxsin 13 aprel 2021-ci il tarixli MİHO/4.1.22- 2-2021-161 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, 07 aprel 2021-ci il tarixdə sistemdə X1 (AA0757461, FİN 16RTXTA) adına rəsmiləşdirilmiş icazə mövcud olmamışdır. Vətəndaşın adına sistemdə “xxxx 2012” MMC tərəfindən 2020-ci il 13 aprel tarixində saat 11:54-də yaradılan ölkə ərazisi üzrə rəsmiləşdirilmiş icazə 31 may tarixinədək qüvvədə olmuşdur. Göründüyü kimi, X1 adına “Xüsusi Karantin Rejiminin X4 Alınması və Monitorinqi Sistemi”ndə qeydiyyatdan keçmiş, ölkə ərazisi üzrə rəsmiləşdirilmiş icazə yalnız 13 aprel 2020-ci il tarixdə saat 11:54-də yaradılmışdır, məhz inzibati xətanın törədildiyi 07 aprel 2020-ci il tarixdə isə belə icazə qeydiyyata alınmamış və qüvvədə olmamışdır. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 07 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 07 aprel 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver