Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-40/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, 27 iyul 1997-ci il tarixdə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan MR-nın Cəhri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov küçəsi 30, mənzil 74-də yaşayan, X1 barəsində Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru polis mayoru A.E.Sadıqov tərəfindən tərtib edilmiş 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 10.12.2021-ci il tarixdə saat 12:45-də ünvan 1 ünvanda yerləşən “Şərab Evi”nin qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Ş.Turabov tərəfindən qəbul edilmiş 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 10.12.2021-ci il tarixdə saat 12:45-də ünvan 1 ünvanda yerləşən “Şərab Evi”nin qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində tənbeh edilmişdir. Həmin qərardan X3 şikayət verərək, qərarın ləğv edilməklə inzibati icrata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 10 dekabr 2021-ci il tarixdə kəndçisi X2 icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən Şərab evinə, valideynləri tərəfindən göndərilmiş ona məxsus sənədləri götürmək üçün getmişdir. Orada olarkən B.İbrahimov 10-15 dəqiqəlik işinin olduğunu bildirərək, ona şərab evinə nəzarət etməyi bildirib getmişdir. Bundan 5 dəqiqə sonra polis əməkdaşları gələrək Şərab evini kimin işlətdiyini soruşmuşlar. Polis əməkdaşlarına Şərab evini B.İbrahimovun işlətdiyini və 10-15 dəqiqəyə gələcəyini demişdir. Polis əməkdaşları ondan adını və soyadını soruşub getmişlər. Daha sonra həmin ərazinin sahə müvəkkili Şərab evini işlədən B.İbrahimova protokol tərtib edildiyini bildirmişdir. Sonuncu maraqlandıqda isə protokolun onun barəsində tərtib olunduğu məlum olmuşdur. Barəsində tərtib olunmuş sənədləri 20 dekabr 2021-ci tarixdə əldə etdikdən sonra, ona məlum olmuşdur ki, guya küçə ticarəti ilə məşğul olmuşdur. Halbu ki, Şərab evini işlətməmiş və şərab evinə onun heç bir aidiyyəti olmamışdır. Polis əməkdaşları tərəfindən heç bir araşdırma aparılmadan qanunsuz olaraq barəsində müvafiq protokol və qərar qəbul edilmişdir. Məhkəmə iclasında X3 şikayətə uyğun izahat verərək, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş və inzibati işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayəti sənədlərlə əlaqəli araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli və inzibati iş üzrə qəbul edilmiş 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilməlidir. Belə ki, inzibati orqanın qəbul etdiyi 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən S.A.Allahverdiyevin inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu həmin qərarı mübahisələndirərək inzibati xəta törətmədiyini və təqsirli olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, S.A.Allahverdiyevin təqdim etdiyi sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən “Şərab Evi”ni icarə müaqaviləsi əsasında X4 işlədir. Həmin Şərab evinin qarşında konkret olaraq S.A.Allahverdiyevin küçə ticarəti ilə məşğul olmasına dair isə heç bir sübut müəyyən edilmir. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin sahə inspektoru polis mayoru A.E.Sadıqov tərəfindən 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun S.A.Allahverdiyevin iştirakı olmadan tərtib edilməsi ilə inzibati xətalar qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şikayətində qeyd olunan xüsusatlar ətraflı araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, X1 barəsində qəbul edilmiş 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi T.Ş.Turabov tərəfindən X1 barəsində qəbul edilmiş 10.12.2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş araşdırılması üçün Bakı şəhəri Nizami RPİnin 25-ci PŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-40/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-40/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver