Məhkəmə qərarları › İş №3(007)-4001/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4001/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4001/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi “LLG” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 22 avqust 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən, vətəndaş X9 və X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydə alınmış Şəxs MMC-yə 3- 17-5/2-67815/2025 nömrəli 30 iyul 2025-ci il tarixli və 3-17-5/2-67816/2025 nömrəli 30 iyul 2025-ci il tarixli məktublar göndərilərək məktublarda qeyd olunan sənədləri 7 iş günü ərzində təqdim etmələri tələb edilmiş, poçtun izlənməsinə baxış zamanı məktubların 11 avqust 2025-ci il tarixdə çatdığı müəyyən edilmiş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X10 Kontraktinq” MMC-nin nümayəndəsi Vəkil inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən Şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola baxılması üçün məhkəmənin icraatındadır. Aşağıdakılara əsasən, hesab edirlər ki, bu məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə hüquqi şəxsin inzibati xəta haqqında məsuliyyətə cəlb edilməsinin yolverilməzliyinin səbəbi ondan ibarətdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli orqan tərəfindən hüquqi şəxsə bu barədə məlumat verilməmiş, protokoun tərtib edilməsində onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, onun faktla bağlı sübut və dəlillər təqdim etməsinə imkan tanınmamış, hüquqi şəxsin nümayəndəsinə AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir. İş materiallarından görünür ki, vətəndaşlar X9 və X7 Şəxs MMC tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı X4 müraciət ünvanlamışlar. Müraciətin araşdırılması üçün X5 tərəfindən hüquqi şəxsə 07 avqust 2025-ci il tarixində müvafiq sənədlərin tələb edilməsi ilə bağlı sorğu göndərilmişdir. Müvafiq sorğular 11 avqust 2025-ci il tarixində, saat 16:50-də hüquqi şəxsə çatdırılmışdır. Hüquqi şəxsin müvafiq sorğuları cavablaması üçün 7 iş günü - yəni 21 avqust 2025-ci il tarixinə kimi müddəti olmasına baxmayaraq səlahiyyətli orqan tərəfindən artıq 22 avqust 2025-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Səlahiyyətli orqan İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə əsasən barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsini protokol tərtib edilərkən iclasa dəvət etməli olduğu halda bunu etməmiş, hüquqi şəxsə bu barədə məlumat verilməmiş, protokoun tərtib edilməsində onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, onun faktla bağlı sübut və dəlillər təqdim etməsinə imkan tanınmamış, hüquqi şəxsin nümayəndəsinə AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir. Yazılı etiraza əlavə etdiyi məktub X5 tərəfindən hüquqi şəxsə göndərilmiş və AR İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məsələsinə baxılması üçün hüquqi şəxsin nümayəndəsi 22 avqust 2025-ci il tarixində X4 dəvət edilsə də, məktub hüquqi şəxsə 27 avqust 2025-ci il tarixində - yəni protokol və digər sənədlər artıq məhkəməyə göndərildikdən sonra daxil olmuşdur. Bu da onu göstərir ki, iş üzrə inzibati xəta haqqında protokol 22 avqust 2025-ci il tarixində tərtib edilərkən hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş, hüquqi şəxsə bu barədə məlumat verilməmiş, protokolun tərtib edilməsində onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, onun faktla bağlı sübut və dəlillər təqdim etməsinə imkan tanınmamış, hüquqi şəxsin nümayəndəsinə AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir. Belə olduğu təqdirdə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Məhkəmənin xüsusilə diqqətinə çatdırmaq istərlər ki, X5 Xidməti sorğulara gec cavab verildiyi təqdirdə inzibati xəta haqqında protokol tərtib etmək üçün hüquqi şəxsi iclasa dəvət edir və həmin iclasda sənədlər təqdim ediləcəyi təqdirdə inzibati xəta haqqında protokol tərtib edilmir. Çünki məqsəd sənədlərin əldə edilməsidir. Lakin hazırki işdə hüquqi şəxs tərəfindən sorğuya cavab səlahiyyətli orqana təqdim edilsə də, iclasa dəvət olunmadıqları üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunan hallara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən X6 Şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, vətəndaşların müraciətləri əsasında sənədlər MMC-dən istənilmiş, lakin 7 iş günü ərzində sənədlər təqdim olunmamışdır. Bu səbəbdən də protokol tərrib olunmuşdur. Protokol tərtib olunan zaman bildiriş göndərilir, elektron qaydada dərhal ƏMAS-a yüklənilir. 22 avqust tarixində göstəriş verilirsə dərhal ƏMAS sisteminə yüklənmişdir. Ola bilməz ki, 22 avqustda verilən göstəriş onlara 27 avqust tarixində çata. Bu, elektron sistemdir. Fakt olaraq inzibati xəta vardır. Qeyd edilənlərə əsasən, Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Vəkil yazılı etirazın dəlillərini müdafiə etmiş, əlavə olaraq izahatında göstərmişdir ki, məktub X5 tərəfindən hüquqi şəxsə göndərilmiş və AR İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi məsələsinə baxılması üçün hüquqi şəxsin nümayəndəsi 22 avqust 2025-ci il tarixində X4 dəvət edilsə də, məktub hüquqi şəxsə 27 avqust 2025-ci il tarixində - yəni protokol və digər sənədlər artıq məhkəməyə göndərildikdən sonra daxil olmuşdur. Bu da onu göstərir ki, iş üzrə inzibati xəta haqqında protokol 22 avqust 2025-ci il tarixində tərtib edilərkən hüquqi şəxsin nümayəndəsi dəvət edilməmiş, hüquqi şəxsə bu barədə məlumat verilməmiş, protokoun tərtib edilməsində onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, onun faktla bağlı sübut və dəlillər təqdim etməsinə imkan tanınmamış, hüquqi şəxsin nümayəndəsinə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir. Xəbərdar olunsalardı, iştirak edərdilər. Mahiyyət olaraq əməkdaş məzuniyyətdə olduğu üçün 2 gün gecikmələri olmuşdur. Əməkdaş məzuniyyətdən qayıtdıqdan sonra sənədlər göndərilmişdir. Hesab edirlər ki, pozuntu faktiki aradan qaldırılmışdır. Protokol tərtib olunarkən prosedur qaydalarına əməl olunmamışdır. Göstərişin onlara çatma tarixi barədə elektron çıxarışı məhkəməyə təqdim etmişlər. Qeyd etdiklərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış 30 iyul 2025-ci il tarixli 3-17-5/2-67815/2025 nömrəli və 30 iyul 2025-ci il tarixli 3-17-5/2-67816/2025 nömrəli məktublarından görünür ki, vətəndaşlar X9 və X3 əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanladıqları müraciətlərə Bakı şəhər idarəsində baxılır. Bununla əlaqədar X9 və X3 müraciətlərinə münasibət bildirilməsi və vətəndaşlara aid sənədlərin - əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə); podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquqi müqavilələrin (olduğu təqdirdə) surəti; iş vaxtının uçotu və əmək haqqı hesablanması cədvəllərinin surəti; əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti; son haqq-hesabın ödənilməsinə dair müvafiq sənədlər; vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması xahiş edilmiş, məktub icra edilmədiyi halda Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Azərpoçt”a aid poçt göndərişinin izlənmə məlumatından görünür ki, X5 Xidmətinin Bakı şəhər idarəsinin Şəxs MMC-yə ünvanlanmış 30 iyul 2025-ci il tarixli 3-17-5/2-67815/2025 nömrəli və 30 iyul 2025-ci il tarixli 3-17-5/2-67816/2025 nömrəli məktubları 11 avqust 2025-ci il tarixdə, saat 16:50-də ünvan sahibinə çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Hüquqi şəxsin nümayəndəsinin özünün də etiraf etdiyi kimi və təqdim olunan sənədlərin tədqiqi ilə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 3-17-5/2-67815/2025 nömrəli 30 iyul 2025-ci il tarixli və 3-17-5/2- 67816/2025 nömrəli 30 iyul 2025-ci il tarixli məktubların MMC-yə 11 avqust 2025-ci il tarixdə daxil olmasından sonra 7 iş günü ərzində deyil, 22 avqust 2025-ci il tarixdə onlara cavab hazırlanmış və yalnız 25 avqust 2025-ci il tarixdə X4 göndərilmişdir. Bununla da, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl 22 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında protokolun tərtib edilməsinədəl törədilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar