Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4002/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyinin 05 may 2019-cu il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı Nəqliyyat Agentliyinin 05 may 2019-cu il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə X2 qeyd olunan qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmiş, mübahisələndirilən qərara mahiyyəti üzrə baxılması üçün şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilini növbəti texniki baxışdan keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Qeydiyyat İdarəsinə (“Meyvəli”) getmişdir. Orada ona adında BNA tərəfindən tərtib edilmiş inzibati xəta protokolların olduğunu bildirmişlər. Məlumat üçün bildirir ki, BNA 0219878xx.xx.2019-cu il tarixli protokoldan onun ümumiyyətlə xəbəri olmamış və həmin protokollar nə onun ASAN elektron kabinetində, nədə ki, Daxili İşlər Nazirliyinin elektron sistemində yaradılmış elektron kabinetində yoxdur. Bundan əlavə həmin protokollar onun yaşadığı və qeydiyyatda olduğu ünvanına da göndərilməmişdir. Bu protokollar mövcud olduğu halda necə ola bilərdi ki, 2019-2023-cü illər ərzində texniki baxışdan problemsiz keçmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsinin etibarlılıq müddəti keçdiyindən “ASAN” Xidmət mərkəzində dövlət rüsumu ödənilməklə dəyişdirmişdir. Hal-hazırda aidiyyəti qurumların bəzi əməkdaşlarının səriştəsizliyi və məsuliyyətsizliyi səbəbindən o, avtomobili idarə edə bilmir, bundan əlavə texniki baxışdan keçə bilmədiyinə görə İX Məcəlləsinə görə hər 15 gündən bir 50 manat məbləğində cərimə oluna bilər. Göründüyü kimi bu da onun sərbəst hərəkət etməyini məhdudlaşdırır. Göstərilən protokollara görə onun avtomobili cərimə meydançasına aparılmayıb, aparılsa belə cərimələr ödəndikdən sonra avtomobil cərimə meydançasından çıxarılması mümkündür. Belə olan təqdirdə cərimələr silinməli idi. Ona İXM-nin 124-cü maddəsində göstərilən qaydada məlumat verilməyib. Hesab edir ki, qeyd olunan protokollar ləğv edilməli və protokollar əsasında hesablanmış cərimə məbləğləri silinməlidir. Məlumat üçün bildirir ki, BNA 0219878xx.xx.2019-cu il tarixli protokola görə o, idarə etdiyi **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilini DİN aidiyyəti strukturu texniki baxış keçirməkdən imtina etmiş və ondan texniki baxışın yalnız cərimə ödənildikdən sonra mümkün olduğu bildirilmişdir. Göstərilənlərə əsasən, barəsində olan 05 may 2019-cu il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun inzibati xətalarla bağlı protokollardan xəbəri olmamışdır. Avtomobili 4 dəfə texniki baxışdan keçmişdir. 2022-ci ildə etibarlılıq müddəti bitmiş sürücülük vəsiqəsini yeniləmişdir. Bu vaxta qədər ona cəriməsi olduğunu deməmişlər. Daha sonra ona demişlər ki, sistemləri inteqrasiya olmuş, onlara yeni məlum olmuşdur. Şikayətinin təmin edilməsini və barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsinə dair 01 fevral 2023-cü il tarixli 2018 nömrəli Fərmanının 2-ci və 3-cü hissələrinə əsasən Azərbaycan Respublikası İXM-nin 346-cı maddəsi üzrə işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən götürülmüş, qeyd edilən maddə ilə törədilmiş inzibati xətaların aşkar edilməsi və baxılması üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilmişdir. Bununla əlaqədar şikayətə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə lazımi qaydada xəbərdar edilməsinə bxmayaraq, həmin orqanın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Nəqliyyat Agentliyinin 05 may 2019-cu il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hikvision” markalı, DS-2DF8236İX-AELW(BNA) modelli planşetin (Bort kompyuterin) qeydə aldığı fotoşəkilə əsasən Nizami rayonu, Q.Qarayev prospekti, Q.Qarayev metrostansiyasının yanında 05 may 2019-cu il tarixdə saat 13:00:31-də dayanma-durma qaydalarını pozduğuna görə, “BMW 530 minik” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X4 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş 16 sentyabr 2024-cü il tarixli 3-27-103/2-13762/2024 nömrəli məktuba əlavə edilən sənədlərdən görünür ki, 05 may 2019-cu il tarixli, BNA seriyalı, ******* qərarın surəti X3 çatdırılmamışdır. Belə ki, qərarın surəti 22 iyul 2019-cu il tarixdə şəxsin ünvanına poçt vasitəsi ilə göndərilmiş, lakin “Qeyd olunan ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən (xətanın törədildiyi zaman qüvvədə olmuş) dayanma və ya durma qaydalarının pozulmasına görə iyirmi manat məbləğində cərimə edilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir; 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmiş, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş xəta foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə 05 may 2019-cu il tarixdə aşkar edilmiş, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X5 Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə təsdiq edilmiş qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilməmişdir. Bu, həmçinin onunla öz təsdiqini tapır ki, X4 nəqliyyat vasitəsini 2024-cü ildə texniki baxışdan keçirmək istəyərkən bu qərar barədə məlumat əldə etməzdən əvvəl, 2019-2023-cü illər ərzində nəqliyyat vasitəsini texniki baxışdan keçirmiş, 2022-ci ildə etibarlılıq müddəti birmiş sürücülük vəsiqəsini yeniləmişdir. İnformasiya sistemində hazırda mübahisələndirilən qərar barədə məlumat olmadığından onun bu işləri həyata keçirməsinə mane olan hallar olmamışdır. Eyni zamanda, 05 may 2019-cu il tarixli qərar və ona əlavələr X2 elektron kabinetində olan mobil telefon nömrəsinə SMS məlumat çatdırılmamış və ya elektron kabinetinə yerləşdirilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibati xətaya dair inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto material) İXM-nin 122 və 125-ci maddələrində müəyyən edilmiş qaydada inzibati xətanın törədildiyi gündən, 05 may 2019-cu il tarixindən bir gün müddətində X2 internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədiyindən və ya çatdırılmadığından, eləcə də, İXM-nin 57-ci maddəsində müəyyən edilmiş qaydada göndərilmədiyindən və çatdırılmadığından, onun İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti əsaslı hesab olunaraq, yuxarıda müəyyən edilmiş əsaslarla mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38.6, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Nəqliyyat X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində inzibati cərimə edilməsinə dair 05 may 2019-cu il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4002/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4002/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver